“Ermənistanda doğulanların sayı azalıb, ölənlərin sayı artıb” “Joxovurd”

7 Avqust 2020 16:37 (UTC+04:00)

Bu ilin altı ayı ərzində Ermənistanda yeni doğulanların sayı azalıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet yazır ki, ötən ilin yanvar-iyun aylarında yeni doğulanların sayı 15 min 893 olub. Qeyd edək ki, 2018-ci ildən başlayaraq yeni doğulanların sayının azalması tendensiyası davam edir. 2018-ci ilin yanvar-iyun aylarında yeni doğulanların sayı 16 min 261, 2019-cu ilin yanvar-iyun aylarında 16 min 21, bu ilin altı ayında isə 15 min 893 olub.
Ermənistan Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında hamiləlik dövründə yaranan fəsadlar səbəbindən doğuş və prenatal dövrdə 1 ana ölümü qeydə alınıb. Məlumatda həmçinin qeyd olunur ki, bununla paralel olaraq ölüm halları da Ermənistanda artmışdır. Rəsmi məlumatlara görə, eyni dövrdə 14.417 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Ermənistanda ölənlərin sayı 13 724 olub, 2018-ci ildə isə 13 218 ölüm qeydə alınıb. Digər tərəfdən, 2020-ci ilin yanvar-iyun aylarında respublikada qeydə alınan 1000 nigahdan boşanmaların sayı keçən ilin eyni dövründəki 242-yə qarşı 284 olub.