Masallı şəhərinin 18 küçəsinə asfalt döşənir - FOTOLAR

7 Avqust 2020 16:13 (UTC+04:00)

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallının şəhərdaxili məhəllələrində, ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri durmadan davam etdirilir, infrastruktur yaxşılaşdırılır, əvvəlki görülən müsbət işlərə yeniləri əlavə olunur. Son aylar həyata keçirilən abadlıq və mədəni quruculuq işləri şəhərin görkəmini xeyli dəyişmişdir. Şəhər müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, yaşıllaşdırma işləri aparılır, ağaclar suvarılır, səliqə-sahman yaradılır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sahibkarlar və bir qrup məsul şəxslər şəhərin Təbriz, Niyazi, Nəsimi küçələrinə baxış keçirmiş, buradakı küçələrdə asfalt vurulması işləri ilə yerində tanış olmuşlar.

Asfalt döşənəcək ərazidə - küçələrdə xeyli səliqə-sahman işləri görülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə "Köhnə bazar" istiqamətindəki asfalt örtüyə görə növbəti dəfə də rayon rəhbərinə minnətdarlıq ifadə ediblər. Sakinlərlə fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən rayon rəhbəri koronavirus pandemiyası ilə əlaqədar rayonda karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini, hər bir sakinin maska və digər tibbi ləvazimatlardan istifadəsinin zəruri olduğunu bildirib və maskalar paylanıb.

Qeyd edək ki, şəhərin 18 küçəsində asfaltlama işləri yerinə yetiriləcək. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov həmin gün Viləşçay Park-Bulvar Kompleksindəki son işlərlə də tanış olub, inşaatçılara tapşırıqlarını verib.

ƏLİHÜSEYN ŞÜKÜROV