ÜST Livana yardım üçün dünya ictimaiyyətinə müraciət etdi

7 Avqust 2020 16:04 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə gün əvvəl güclü partlayış baş vermiş Livanda əhaliyə səhiyyə sahəsində yardım göstərilməsi məqsədilə 15 milyon dollar maliyyə yardımı ayrılması üçün dünya ictimaiyyətinə müraciət edib. SİA-nın məlumatına görə, bunu təşkilatın rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə brifinq zamanı deyib.

Onun sözlərinə görə, Beyrut limanında baş vermiş partlayış nəticəsində ÜST-ə məxsus tibbi materiallar olan 17 konteyner məhv edilib. Çoxlu sayda fərdi mühafizə vasitələri yanıb və koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibbi personal bu vasitələrin çatışmazlığı ilə üz-üzə qalıb.

Bundan başqa, üç xəstəxana tam, iki xəstəxana isə qismən sıradan çıxıb. Bu da 500 yataq yerinin itirilməsinə səbəb olub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. 5 mindən çox şəxs yaralanıb.