“Qarabağın mədəni irsi” layihəsi davam edir

7 Avqust 2020 16:50 (UTC+04:00)

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Qarabağın mədəni irsi” layihəsini davam etdirir. Bu dəfə layihə çərçivəsində Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, videomaterialda Azərbaycan xalça sənətinin fundamental elmi əsaslarını yaradan, naxışların sirrini açaraq dünyada birinci xalça muzeyinin təşəbbüskarı olan Lətif Kərimovun çoxşaxəli yaradıcılığı işıqlandırılıb.

Lətif Kərimov xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən edib, Azərbaycan xalçalarının dəqiq təsnifatını verib ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapıb. Azərbaycan xalçalarını uzun müddət Şərq xalçalarının ümumi kütləsindən ayırmır və ya onları “Qafqaz xalçası” termini ilə müəyyən edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu incilərinmənsubiyyətini müəyyənləşdirib, o, sübut edib ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı doxsan faizi Azərbaycan xalçalarıdır.

1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulmuş, 26 il sonra isə muzeyə milli mədəniyyət və incəsənətinin görkəmli xadimi Lətif Kərimovun adı verilib.

Hazırda Azərbaycan Milli Xalça Muzeyi adlandırılan bu sənət ocağı yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi ilk mədəniyyət müəssisəsi idi. Azərbaycanda isə bu gün ixtisaslaşmış binada yerləşən yeganə muzey kimi mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.