"İmkan verilməməlidir ki, Osmanqızı kimilər müstəqilliyimizə xələl gətirsin" Sədaqət Vəliyeva

7 Avqust 2020 14:54 (UTC+04:00)

“Pandemiya şəraitində keçici bir çətinlik dönəmində ictimai rəyin sabit tutulması dövlət maraqları baxımdan əhəmiyyətlidir. Çünki, hər gün ermənipərəst dairələr prosesləri dərinliyinə qədər təhlil etməyi bacarmayan insanları sosial şəbəkələr vasitəsilə manipulyasiya edib zəhərləyir, ictimai rəyi çaşdırırlar. Ona görə də, ictimai-siyasi və sosial-iqtisadi prosesləri, real vəziyyəti insanlarımıza elə çatdırmalıyıq ki, yalan məlumatlar, dezinformasiyalar insanlarda çaşqınlıq yaratmasın”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, çətinlik hər bir cəmiyyət və dövlət üçün var. Amma əsas məsələ cəmiyyət, xalq olaraq bu çətinliklərin öhdəsindən necə çıxmağımızdadır: “Bu gün pandemiyanın yaratdığı real çətin şəraitdən istifadə edib ölkədə iğtişaş yaratmaq istəyənlər artıq bu niyyətlərini gizlətmirlər. Elə ötən gün Milli Şuranın növbəti biabırçı videosu yayıldı və orada səslənən fikirlər bir daha dövlətçiliyimizə uzadılan məkirli siyasətin sübutu idi. Bütün bunları nəzərə alaraq sosial şəbəkələrdə, mediada təbliğat işləri gücləndirilməli, eyni zamanda sosial şəbəkələrdə yalan, xüsusilə də iğtişaş yaratmağa hesablanmış məlumat yayanlara qarşı ciddi mübarizə aparılmalıdır. Hətta, bu məsələ ilə əlaqədar işçi qrupu yaradılmalı və növbəti payız sessiyasında yeni bir qanun layihəsi ilə çıxış etməliyik. Artıq ABŞ-da, Türkiyədə sosial şəbəkələrin fəaliyyətinə nəzarət edən qərarlar, qanunlar qəbul edilib. Hətta, ABŞ tvitter və tik-tok kimi sosial şəbəkə seqmentlərini qadağan etmək niyyətindədir. Ona görə də, söhbət dövlətimizin müstəqilliyindən, sabitliyindən gedirsə, istənilən təxribat cəhdinə qarşı amansız tədbirlər görülməlidir, lazım olarsa, sosial şəbəkələrin fəaliyyəti tənzimlənməlidir. Qanun çərçivəsində hüquq-mühafizə və təhlükəsizlik orqanları dezinformasiya yayanları, cəmiyyətdə çaşqınlıq yaradıb iğtişaşlara rəvac verənləri məsuliyyətə cəlb etməlidir. Elə ötən gün yayılan videoda səslənən fikirlərə görə adları cəmiyyətimizə məlum olan kəslər də məsuliyyətə cəlb edilməli, onlardan hərəkətlərinə və fikirlərinə görə izahat alınmalıdır. Bu dövlət bizim gələcəyimiz olan nəsillərə güclü, qüdrətli təhvil verilməlidir və imkan verilməməlidir ki, erməni lobbisinin maliyyələşdirdiyi Osmanqızı kimilər müstəqilliyimizə, suverenliyimizə xələl gətirsin”.