Dağlıq Qarabağ faciəsi

7 Avqust 2020 13:05 (UTC+04:00)

1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub.

Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunub.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir. Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda “effektiv nəzarətə” malik olduğunu vurğulayır. Bundan başqa, 1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırıb. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar, həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə, hərbi və başqa kömək göstərməməyi öhdələrinə götürürlər”. Bütün bu və digər çoxsaylı faktlar bir daha sübut edir ki, Azərbaycana qarşı hərbi təcavüz aktı törədilib və onun mövcudluğunu inkar etmək mümkün deyil. Təcavüz - beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Buna qarşı ciddi reaksiya verilməli və müvafiq tədbirlər görülməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri mütləq şəkildə icra edilməli və Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham £liyev bununla əlaqədar dəfələrlə bəyan edib ki, “Sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2006-cı il sentyabrın 7-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində işğal edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən yanğınlar pislənilib. Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi eyniadlı növbəti qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.

Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İ£T) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.

2016-cı ildə İ£T-in İstanbulda keçirilən sammitində İ£T çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə £rəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya.

Avropa İttifaqı 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırıb. Təşkilatın öz tərəfdaşları ilə münasibətləri qeyd edilən prinsiplər üzərində qurması bir daha onu göstərir ki, fundamental hüquqi prinsiplərə riayət edilmədən beynəlxalq münasibətlərin tənzimlənməsi mümkün deyil. Şərq Tərəfdaşlığı çərçivəsində qəbul edilən sənədlər və bəyanatlar bunun bariz nümunəsidir. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.

Avropa Şurasının fəaliyyətinin əsasən siyasi və hüquqi islahatlar sahəsini əhatə etməsinə baxmayaraq, vaxtaşırı Avropada, o cümlədən Cənubi Qafqazda cərəyan edən münaqişələrlə bağlı mövqeyini ifadə edib. İlk olaraq, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin ağırlığını nəzərə alaraq, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) müxtəlif hesabatlar hazırlayıb, onların heç bir şərt olmadan qayıdışının təmin olunmasına çağırıb və üzv dövlətlərin bu humanitar faciəyə həssas yanaşmalarına çalışıb. AŞPA münaqişənin AT£T-in vasitəçiliyi ilə Helsinki Yekun Aktı və Paris Xartiyasının prinsipləri əsasında siyasi həllinin tərəfdarı olub. Qurumun 1997-ci il aprelin 22-də qəbul etdiyi “Cənubi Qafqazda münaqişələr haqqında” 1119 nömrəli qətnaməsi münaqişənin həllinin aşağıdakı əsaslarını təyin edir: sərhədlərin toxunulmazlığı, tərəflər arasında danışıqlar yolu ilə razılaşdırılan Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusunun verilməsi, qaçqın və məcburi köçkünlərin qayıtmaq hüququ, bütün xalqların təhlükəsizlik təminatı, o cümlədən sülhün qorunmasını təmin edən çoxmilli qüvvələrin yerləşdirilməsi. AŞPA münaqişələrin həllini etnik qruplara öz xüsusiyyətlərini ifadə etməyə şərait yaradan muxtariyyət statusunun verilməsində görür. Etnik qruplar öz hüquqlarından tam bəhrələnməli və dövlətin ərazi bütövlüyünə xələl gətirməməlidirlər. AŞPA 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “AT£T-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnamədə Azərbaycan ərazilərinin işğal faktını təsdiqləyib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlığını ifadə edib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb. Bundan başqa, Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün 1976-cı ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarının işğal nəticəsində qəzalı vəziyyətə düşməsi, sakinlərin suvarma suyundan məhrum olması barədə AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi məruzə hazırlayıb. Məruzə əsasında 2016-cı il yanvar ayının 26-da qəbul edilən “Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə erməni qoşunlarının sözügedən bölgədən geri çəkilməsini tələb edir, qəsdən süni ekoloji böhranın yaradılmasını “ekoloji təcavüz” kimi qiymətləndirir və eyni zamanda Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsini bir daha təsdiqləyir.

Təşkilatın 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında münaqişənin həlli prosesinə təkan vermək üçün əlaqələndirilmiş fəaliyyət çərçivəsində səylərin gücləndirilməsi və sülhün qorunması üçün çoxmillətli qüvvələrin münaqişə bölgəsinə göndərilməsi haqqında razılığa gəlinib, həmçinin AT£M-in fəaliyyətdə olan sədrinə Minsk konfransının həmsədrlərini təyin etmək tapşırılıb.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:

· Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

· Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə sazişi ilə müəyyən olunmuş Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu;

· Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.

Lissabon sammitində sözügedən prinsiplərin təsbit edilməsi, 1997-ci ilin əvvəllərində Minsk qrupunda yeni həmsədrlik institutun yaradılması və Rusiya, ABŞ və Fransanın həmsədrlər təyin edilməsi danışıqlar prosesinə impuls verib. Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 1997-ci ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə təqdim edilib. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd edib. 1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olunub. Bu plana əsasən ilk olaraq texniki məqamlar – Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktiv irəliləyişdən imtina edib. 1998-ci ilin noyabrında həmsədrlərin “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklifi isə Dağlıq Qarabağa Azərbaycanın daxilində dövlət və ərazi vahidi statusu verməklə dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edirdi. Azərbaycan bu təklifi qəbul etməyib.

Bundan sonrakı illərdə keçirilmiş görüş və danışıqlarda da Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması nəticə etibarilə danışıqların gedişində irəliləyişin əldə olunmasına imkan verməyib.

2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlayıb. Madrid adlanan proses çərçivəsində təklifləri ehtiva edən Madrid sənədinin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutaraq nizamlanmanın əsas elementləri kimi aşağıdakıları ehtiva edir: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, münaqişəyə məruz qalmış ərazilərin, o cümlədən kommunikasiya xətlərinin bərpası, Azərbaycanın Dağlıq Qarabağ regionuna qayıtmış azərbaycanlı icması və orada yaşayan erməni icması üçün müvəqqəti statusun verilməsi.

1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına deyil, münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasına razılıq verdilər. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan arasında atəşkəs (Bişkek) protokolu imzalandı və bununla da Dağlıq Qarabağ münaqişəsi dondurulmuş konfliktlər siyahısına daxil edildi. Hər bir beynəlxalq təşkilatın produktiv fəaliyyət göstərməsi üçün onun təsiretmə mexanizmi mövcud olmalıdır. ATƏT-in Minsk Qrupunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini (822, 853, 874, 884 saylı) yerinə yetirmək üçün hazırladığı "Təxirəsalınmaz tədbirlər cədvəli" heç bir təsir gücünə malik deyildi. ATƏT-in müqaviləni yerinə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə mexanizmi yoxdur. Minsk qrupu tərəfindən qəbul edilən sənədlər yalnız məsləhət və tövsiyə xarakteri daşıyır. ATƏT-də tətbiq olunan qarşılıqlı güzəşt prinsipi müqaviləni pozan tərəfə öz əməllərinə görə məsuliyyət daşımamaq imkanı verir. Bu isə nəticə etibarilə işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoyulmamasına gətirib çıxarır, qəsbkarı cəzasız qoymaqla güzəştə getməməyə təşviq edir. Ermənistanın işğalına məruz qaldıqdan sonra da Azərbaycan bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə nizama salınması üçün yaradılmış Minsk qrupu çərçivəsində aparılan danışıqlarda tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı. 1998-ci il noyabrın 9-da beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbuledilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklif irəli sürüldü. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən süni "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı.

Həmsədrlər tərəfindən irəli sürülən "Ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupunun fəaliyyəti praktik olaraq dayandı. 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi. Mövcud formatın səmərəli olmadığını görən ATƏT-in Minsk Qrupu 2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini müzakirə etdilər. Müzakirənin nəticəsində hər üç dövlətin prezidentinin münaqişə ilə bağlı qəbul etdiyi birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni, 2007-ci il noyabrın 29-da açıqlanmış yeni Madrid prinsipləri təqdim edildi. Lakin bununla belə münaqişənin nizama salınması prosesində Azərbaycan və Ermənistan tərəflərinin mövqelərində müəyyən fərqlər qalmaqdadır. Azərbaycan dövlətinin mövqeyi əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.

Bundan sonra isə keçid dövründə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə, eyni zamanda, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılması mümkündür. Növbəti mərhələdə Dağlıq Qarabağdan olan məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və orada sülhməramlı qüvvələr yerləşdirilməlidir. Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya qayıtdıqdan sonra isə status məsələsi müzakirə olunub hazırlana bilər. Heç şübhəsiz ki, bütün bunlar həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir. Azərbaycan çox ağır və çətin keçən danışıqlarda öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir.

Digər tərəfdən dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Buna baxmayaraq Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşır. ATƏT-in Minsk Qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərməmişlər. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də azaldır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hazırda dinamik dəyişikliklər mərhələsindədir. Bu münaqişədə Ermənistanın status-kvonun dəyişdirilməsini istəməməsi təhlükənin ehtimalını artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq". Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikri bu münaqişənin həllinin necə nəticələnməli olduğunu birmənalı şəkildə göstərir.

Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan ərazisinin hərbi işğalı və status-kvonun saxlanılması münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. 2016-cı il Aprel döyüşləri də göstərdi ki, tərəflər arasındakı hərbi balans Azərbaycanın xeyrinə dəyişmişdir. Ermənistan münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır.