Ermənistanın baş qərargah rəisi orduda COVID-19-un olduğunu etiraf etdi

7 Avqust 2020 12:33 (UTC+04:00)

“2016-cı ildəki Aprel müharibəsindən fərqli olaraq, ictimaiyyət bu il Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar zamanı vəzifəli şəxslərin əsgərlərlə selfi çəkdirməsinin şahidi olmadı”. SİA xəbər verir ki, bu barədə ermənilərin ayslr.am saytı qeyd edir. Sayt ölkə mətbuatına istinadən qeyd edir ki, sərhəddəki gərginlikdən sonra bir sıra deputatlar, vəzifəli şəxslər, biznesmenlər və tanınmış xadimlər Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyana müraciət edərək, sərhəd zolağına getmək istədiklərini bildiriblər.

Lakin qərargah rəisi müraciətə rədd cavabı verərək, Ermənistanda koronavirus epidemiyasının təhlükəli həddə olduğunu bildirib və əsgərlərlə görüşü məqsədəuyğun hesab etməyib.

“Bu vasitə ilə onlara çatdırılıb ki, orduda koronavirus epidemiyasının qarşısını almaq üçün, görüşə icazə verilmir”, yazan sayt dolayısı ilə erməni ordusunda infeksiyanın sürətlə artmasına, zabit və əsgər heyətinin çox sayda yoluxmasına eyham vurub.

Qeyd edək ki, Ermənistanın bir sıra ictimai birlik və QHT-ləri, eləcə də əsgər anaları birliyi orduda koronavirus epidemiyasının sürətlə yayıldığını, valideynlərin hərbi xidmətdə olan övladları ilə görüşlərinin, məhz bu faktora görə qarşısının alındığını, eləcə də yoluxan hərbçilər barədə informasiyaların gizlədildiyini bildiriblər.