"35 dollar büdcə gəlirlərinin sığortalanması üçün normal bir qiymətdir" ÖZƏL - AÇIQLAMA

7 Avqust 2020 12:25 (UTC+04:00)

"Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsini normal dəyərləndirirəm. Bu büdcənin gəlirlərinin sığortalanması üçün normal bir qiymətdir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban Azərbaycan Respublikası dövlət büdcəsində neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, neftin bir barelinin orta qiymətinin cari il üçün 40 ABŞ dollarına çatıb və ya çatmayacağını indidən demək çətindir: "Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsini normal dəyərləndirirəm. Çünki, ilin I yarısında Azərbaycanın mənfəət neftinin satışından Azərbaycan Respublikası Neft Fonduna gələn neftin bir barelinin orta qiymətinə görə gəliri 38,70 ABŞ dollarını təşkil edib. İlin II yarısında neftin bir barelinin qiyməti bundan bir qədər daha baha ola bilər. Bu, 40 ABŞ dollarını təşkil edə bilər. Ona görə də hökumətin neftin orta qiymətini 35 ABŞ dolları şəklində dəyərləndirməsi normaldır. Bu büdcənin gəlirlərinin sığortalanması üçün normal bir qiymətdir".

Qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülüb. Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.