“Şüvənliy”in önündə vətən deyə bilənlər...” ÖZƏL-MÜNASİBƏT

7 Avqust 2020 11:57 (UTC+04:00)

Ölkə daxilində və xaricdə bir qrup əli qələmli, arabası planşetli, masası bilgisayarlı, ağzı mikrofonlu adam var. Onların nə üçün yazmaq, danışmaq, efirdə görünmək ehtiyacı hiss etdiyini bir qırağa qoyub, işlətdiyi bir sözə diqqət çəkmək istərdim. O söz də ola ibarət “vətənşüvənlik”dən. Bax belə, ona görə də, bilirəm ki, bu cümlə, Elçibəyin zəhləsi gedən və "vətənşüvənlik" sözünü iştahla tez-tez işlədən “təhlilçi”nin cümlələrinə oxşadı. Əslində, bu, bir yox, iki sözdür və iki sözdən “əmələ gətirilmiş” söz birləşməsidir. Vətən(çilik), dövlət(çilik) mövqeyində olan, həmin o, əli qələmli, arabası planşetli, masası bilgisayarlı, ağzı mikrofonlu adamlarla eyni siyasi baxışı paylaşmayan, eyni siyasi partiyaya mənsub olmayan insanlara qarşı işlədirlər o sözü. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Əkbər Qoşalı vurğulayıb ki, özəlliklə, Ermənistanın Tovuz istiqamətində 12 iyulda başladığı hücumlar ordumuzun sərt cəza tədbirləri ilə cavablandırıldıqdan sonra dünya azərbaycanlılarının işğalçı dövlətə etiraz aksiyaları zamanı o yaramaz söz tez-tez işlənməyə başlayıb.
“Artıq heç kəsə sirr deyil ki, Ermənistan və havadarları nə ordumuzun sərt cavabını, ölkəmizə beynəlxalq dəstəyi, nə də dünya azərbaycanlılarının haqq səsini bu yeni şəkli ilə təsəvvür etmirmiş. Dərd ondadır ki, belə bir təsəvvürsüzlük içində olanlardan bir neçəsi (hə nə qədər ənənəvi söz olsa da, deyim) “sapı özümüzdən olan balta”lar, “manqurt”lardır ki, yamanca, pəjmürdə olublar. Və o yaramaz sözü yenidən və daha tez-tez işlətməyə başlayıblar, vətənşüvənlik, vətənşüvənlik… Siz təsəvvür edin, Ermənistanın Tovuza hücumuna, mülki əhalinin hədəf alınmasına və sair etiraz edən, soydaşlarımıza Los-Ancelesdə, Brüsseldə və başqa yerlərdə "Asala" köynəkli ermənilər hücum edir, toqquşmalarda yaralananlar olur və rəsmi orqanlar olaylarda ermənilərin günahkar olduğunu bəyan edir, onların bir hissəsinə cəza da kəsilir, amma bizim "vətənşüvən" sözünü ağzına yaraşdıranlar söhbəti hərləyib-fırlayıb suçu özümüzdə görürlər.
Hər şey bir yana, guya özünə jurnalist, təhlilçi, ekspert deyən adamlar bilmirmi ki, şüvənlik sözünün qarşısında hansı sözün yerinə Vətən qoyub deyirlər? Mən o dəyişilən sözü burda yazmıram, zatən 7-dən 77-yə olmasa da, 17-dən 87-yə hər kəs bilir, söhbət hansı sözdən gedir. Yaxşı, bu yaramazlar bilə-biləmi Vətən və şüvənlik sözlərindən süni sözbirləşməsi alıb, belə deyir, yoxsa, qanmazlıqdanmı? Hər iki halda qəbuledilməzdir. Ən çox da, birinci halda. İkinci halda isə peşəkarlıqları çatmır, harasa, nəyəsə tələsirlər və bu tələskənlik peşəkarlıqlarını artırmağa, özlərinə, sözlərinə çəki-düzən verməyə imkan vermir. Siz deyin, başqa nə ola bilər?
Üstəlik, dilimizin lüğət tərkibində “vətənşüvənlik” yoxdur, ola da bilməz, zatən. O zaman yaramazlar yeni sözmü yaradıb da xəbərimiz olmayıb? Allah qoymasa, yaratdıqları sözə bax hələ bir, vətənşüvənlik. “Hamı getdi quş gətirdi, Şahqulu bayquş gətirdi”. Ayıblarına kor ola bilmirlər. Peşəkar nəinki Vətən və şüvənlik sözlərindən süni söz birləşməsi yaradar, hətta o iki sözü bir cümlədə işlətməz.
Tam eynigüclü olmasa da, bənzəri bir olayı burada xatırlatmaq istərdim. Deməli, rəhmətlik Məmməd Aslan səksəninci illərdə ilk dəfə Türkiyəyə səfərə gedibmiş. Səksəninci illər ola, Azərbaycandan bir tanınmış şair gələ və təsəvvür edin, eşidən-bilən görüşünə gəlir. Kitab bağışlayan kim, duyğularını bölüşən kim, sual verən, fikrini öyrənən kim… Belə görüşlərin birində o zamanlar gənc şair kimi millətçi kəsim içində ün qazanmaqda olan sayın Əli Akbaş həyəcanla öz yeni şeirini oxuyur, ustadın rəyini bilmək istəyir:
-Nə zaman ki Kərkük gəlir ağlıma,
Boğazlanmış bir türk gəlir ağlıma;
Füzuli bağını viran edənin
Ağzım dolu tüprük gəlir ağlıma…
Şeirin arxasını oxumağa ehtiyac qalmır. Ustad məmnun qalmadığını, açıq etirazını bildirir:
-Şair də heç “Füzuli” və “tüprük” sözünü yanaşı işlədərmi?
Vəssalam. Mən, o olayı qısa şəkli ilə çatdırdım. Umarım, məsələ aydındır. İndi necə olur ki, bizim “peşəkar jurnalist”, “peşəkar təhlilçi” və “tanınmış ekspert”lər vətən və şüvənlik sözlərindən süni söz birləşməsi yaradır və biz buna etiraz etmirik? Belə tərbiyəsizlikmi olar? Sən Vətən sözünü hansı sözlə eynihüquqlu edirsən? Bu Vətən uğrunda nə canlar gedib, necə oğullar şəhid olub! Bu Vətən, məşhur sözlə ifadə etsək, mənası özündən böyük olan Vətəndir. Digər məşhur sözü yada salsaq, Azərbaycan xəritə üzərində xətkeşlə, pərgərlə sınırları cızılmış ölkə deyil, torpaqlarının hər qarışı qanla suvarılmış müqəddəs Vətəndir. Doğrudur, dünya birliyinin tanıdığı rəsmi sınırlarımız tarixi sınırlarımızın hələlik kiçik hissəsini əhatə edir və yaxşı bilirik ki, biz hər tərəfdən öz torpaqlarımızla həmsınırıq.
“Sərhədlər var, yarıb keçsəm,
Yenə də Vətən başlanar.” Borçalı balası, rəhmətlik Hamlet Kazımoğlu belə deyirdi.
Uzun sözün qısası, mən burada Vətən haqqında mühazirə etmirəm, sadəcə, bilməyərəkdən Vətənşüvənlik “sözü”nü işlədənlərə səslənirəm: “…şüvənlik”dən öncə dilimizdə hansı sözün qəlibləşdiyini yadınıza salın və bu sözdən çəkinin! Bilərək işlədənlərə nə deyim? Qarğış? Lənət? Bu mənlik deyil, məncə, bir kişi, bir türk qarğış qarğamamalı, lənət yağdırmamalıdır. Mən vətənşüvənlik “söz”ünü ağzına alanlara qarğış yağdırmıram, Vətənsevərlərə alqış edirəm! Ancaq “şüvənliy”i Vətənə yamaq edənlərlə Vətənin başı üstündə dolaşan müqəddəs ruhlar necə davranar, onlara nə yapar? Artıq bunu deyə bilməyəcəm. Yalnız onu deyim ki, əlbəttə, kainatın, Vətənin ruhu vardır, buna inanıram...
Vətənimiz, dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!
Bütün vətənsevərlərə salam-sayğılar!”, deyə Əkbər Qoşalı bildirib.