"Azərbaycan yeni iqtisadi modeli tətbiq etməkdədir" ÖZƏL - AÇIQLAMA

7 Avqust 2020 11:49 (UTC+04:00)

"Son müşavirədə Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir. Azərbaycanda pandemiya dövründə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. Artıq ölkəmiz yeni iqtisadi modeli tətbiq etməkdədir. Yeni iqtisadi model pandemiyanın təsirlərini minimumlaşdırmaqla yanaşı post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə imkan yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

Azərbaycan Respublikası Prezidentinin son müşavirədəki çıxışı ölkədə pandemiyanın davam etdiyi aylarda, eləcə də potensial post-pandemiya dövründə dərinləşmiş islahatların davam etdiriləcəyi ilə bağlı siyasi iradənin bir daha nümayiş etdirilməsi kimi xarakterizə olunmalıdır: "Nəzərə alsaq ki, pandemiya dövründə islahatlar prioritet olaraq qalmaqdadır və pandemiya dövründə həyata keçirilən tədbirlər və islahatların əsas hədəfi pandemiyanın vətəndaşlarımıza və bütövlükdə iqtisadiyyata təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə həm pandemiya dövründə, həm də pandemiya müddəti uzanarsa onun iqtisadiyyata təsirlərini minimumlaşdırmaq imkanı verir. Eyni zamanda post-pandemiya dövründə iqtisadi artımın, inkişafın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq. Bu, 2020-ci ilin II yarısı üçün həyata keçiriləcək islahatlarla bağlı tapşırıq və göstərişlər kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, liberal iqtisadiyyatın genişləndirilməsi, dövlət dəstəyinin artırılması fonunda sahibkarlıq subyektləri üçün yeni imkanların yaradılması, o cümlədən, iri dövlət müəssisələrində idarəetmə sisteminin təkminləşdirilməsi, koorperativ idarəetmədən istifadə edilməsi məhz, dərinləşmiş islahatların əsas hədəfidir".

Vüqar Bayramov qeyd edib ki, 2018-2019-cu illərdə həyata keçirilən islahatlar Azərbaycanın pandemiyaya daha çevik reaksiya verməsinə və pandemiyanın təsirlərinin minimumlaşdırılmasına imkan yaratdı: "Xüsusilə də iqtisadi paket çərçivəsində bir tərəfdən dövlət müəssisələrində çalışan 900 min vətəndaşımızın əməkhaqqısı kompensasiya olundu və ödənildi, eyni zamanda 300 minə yaxın özəl sektorda çalışan muzdlu işçinin əməkhaqqısı tam və ya qismən kompensasiya edildi. Təxminən 300 minə yaxın fərdi və mikro sahibkarların dövlətdən birbaşa kompensasiya almaq imkanları yarandı. Eləcə də iqtisadi paket strateji olaraq sahibkarlar üçün vergi güzəştləri və güzəştli kredit portfeli təklif etdi. Bu artıq reallaşmaqdadır. Artıq pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən faydalanırlar, kifayət qədər çox miqyasda vergi güzəştləri iqtisadi islahatların genişlənməsində bir baza formalaşdırıb. Güzəştli kreditlərə çıxış imkanları artırılıb ki, bu da sahibklarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi baxımından vacibdir. Bu baxımdan son müşavirədə Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir".

Millət vəkili vurğulayıb ki, xüsusilə də iri dövlət müəssisələri ilə bağlı islahatların genişləndirilməsi büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsinə imkan yaradacaq, eyni zamanda həmin şirkətlərin xidmətləri üzrə itkilərin azaldılması və nəticə etibarilə daha səmərəli xidmətlərin həyata keçirilməsinin mümkünlüyünə imkan yaradacaq: "Bu baxımdan Azərbaycanda pandemiya dövründə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. İqtisadi islahatlar liberal iqtisadiyyatın daha da dərinləşməsi, gizli iqtisadiyyata qarşı mübarizənin daha da genişləndirilməsi və iri dövlət müəssisələrinin idarəetməsində daha çevik və koorperativ idarəetmədən daha geniş istifadə edilməsinə imkan yaradacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan yeni iqtisadi modeli tətbiq etməkdədir. Yeni iqtisadi model pandemiyanın təsirlərini minimumlaşdırmaqla yanaşı post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə imkan yaradacaq".