İstanbulun “Fənərbağça” klubu bir gündə üç transfer reallaşdırıb

7 Avqust 2020 04:53 (UTC+04:00)

İstanbulun “Fənərbağça” klubu bir gündə üç transfer reallaşdırıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, “Trabzonspor”la müqaviləsi başa çatan Filip Novak karyerasını İstanbul təmsilçisində davam etdirəcək. Otuz yaşlı çexiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

F.Novak 2018-ci ildən “Trabzonspor”da çıxış edirdi. Müdafiəçi cari mövsümdə iştirak etdiyi 30 matçda 7 qol vurub.

İstanbul təmsilçisi “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşın transferini də bitirib. İyirmi beş yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. M.H.Yandaş yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək. O, 2017-ci ildən çıxış etdiyi “Sivasspor”da 72 matçda 13 qol vurub və 6 məhsuldar ötürmənin müəllifi olub

“Fənərbağça” gün ərzində “Beşiktaş”la müqaviləsi başa çatan Gökhan Gönülü də transfer edib. 35 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

G.Gönül 2007-2016-cı illərdə də “Fənərbağça”da oynayıb. Daha sonra türk yarımmüdafiəçi “Beşiktaş”a transfer olunmuşdu.