Ədalət Vəliyev Rafiq Turabxanoğlu ilə görüşüb

5 Avqust 2020 19:22 (UTC+04:00)

Siyasi partiya sədrləri ilə görüşlər davam edir

Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Ədalət Vəliyev Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş son hərbi təxribatından danışıb.

O bildirib ki, erməni silahlı qüvvələrinə ağır zərbə vuran Azərbaycan ordusu düşməndən intiqam alıb, həlak olmuş hərbçilərimizin qanı yerdə qalmayıb.

Ölkədəki həmrəylik prosesində siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanan nadir hallardan biri kimi müxtəlif baxışlara və görüşlərə malik siyasi partiyaların vahid mövqedən çıxış etməsi qürurvericidir.

Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və onun yanında olduqlarını bəyan edirlər.

Bu gün minlərlə insan Prezidentin çağırışına səs verərək könüllü hərbi xidmət üçün qeydiyyatdan keçirlər. Bütün bunlar xalqın öz dövlətinə, rəhbərinə olan sevgisinin və inamının təzahürüdür.

Görüş zamanı vurğulanıb ki, Prezident Administrasiyasında müxtəlif siyasi partiyaların sədrləri ilə görüşlərin keçirilməsi iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetirildiyinin, siyasi münasibətlərdə ciddi yeniliklərin olduğunun bariz nümunəsidir.

Görüşdə, həmçinin ölkəmizdə korrupsiya hallarına qarşı qətiyyətli mübarizə, COVID-19 pandemiyasının insanlar arasında yayılmasının qarşısının alınması üçün atılan addımlar və məhdudlaşdırıcı tədbirlər, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair müzakirələr aparılıb.