Mərkəzi Gömrük Hospitalının fədakar tibb işçiləri COVİD-19-la mübarizədə ön cəbhədədirlər

5 Avqust 2020 15:53 (UTC+04:00)

Dr. Səttar Yaqubov: “Koronovirusla üz-üzə mübarizə aparan Hospitalımızın cəsur tibb personalının sağlamlığının qorunması, onların COVİD-19 xəstəliyinə yoluxmaması Hospitalın İnfeksiya Nəzarət Komissiyasının bir nömrəli vəzifə borcudur”

11 iyun tarixindən Mərkəzi Gömrük Hospitalının fədakar tibb işçiləri COVİD-19 pandemiyasına qarşı sözün əsl mənasında ön cəbhədə mübarizə aparırlar.

İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov yeni növ koronavirus infeksiyasının yayıldığı ilk gündən onunla mübarizəyə qoşulmuş və infeksiyaya yoluxmanın qarşısını almaq üçün Hospital üzrə tədbirlər planını hazırlayaraq qısa müddət ərzində həyata keçirmişdir. Məhz bu Komissiyanın hazırladığı plana əsasən Hospital Qırmızı, Sarı və Yaşıl zonalara bölünmüş, hər bir zona üçün və zonalararası davranış qaydaları personala izah edilmiş, personalın yeni növ koronavirusa yoluxmasının qarşısının alınması üçün fərdi qoruyucu vasitələr sifariş edilmiş, fərdi qoruyucu vasitələrin istifadəsi qaydaları ilə bağlı tibb personalına ətraflı təlimlər və məşqlər keçirilmiş, Hospitalın daxilində dezinfeksiya işlərinin aparılması ilə bağlı protokollar hazırlanmış, Hospital daxilində səthlərin dezinfeksiyası üçün uyğun olan dezinfeksiya vasitələrinin növləri müəyyən edilmiş, ventilyasiya sisteminin iş rejimi pandemiya xəstəxanasına uyğun olaraq dəyişdirilmişdir. Bir sözlə Hospitalın rəhbərliyinin dəstəyi ilə bu Komissiyanın səyləri nəticəsində tibb personalının virusa yoluxmasının qarşısını almaq üçün Hospitalda hər bir şərait yaradılıb.

İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov 1978-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirib. O, 1979-1982-ci illərdə Daşkəsən rayon Mərkəzi Xəstəxanasında cərrah kimi və 1983-1990-cu illərdə Bakı şəhər 21 saylı poliklinikada cərrah kimi çalışmışdır. Dr. Səttar Yaqubov 1991-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasında həkim-assistent kimi çalışmışdır. O, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında cərrah kimi çalışır.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Səttar Yaqubov 10-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində AZDAS şirkətinin təşkilatçılığı ilə EMSEY Hospitalda keçirilən “Dezinfeksiya, antiseptika və sterilizasiya” dərnəyinin praktiki kursunda iştirak etmişdir.

Hazırda Dr. Səttar Yaqubov intensiv iş rejimində koronaviruslu xəstələri müalicə edən tibb heyətinin xüsusi qoruyucu geyim dəstlərini düzgün geyinməsinə və qoruyucu geyim dəstlərinin düzgün qaydada çıxarılmasına, bir dəfə istifadə olunan qoruyucu vasitələrin düzgün utilizasiyasına, təkrar istifadə olunan qoruyucu vasitələrin isə tələb olunan qaydada dezinfeksiya edilməsinə ciddi nəzarət edir.

Dr. Səttar Yaqubov deyir: “Koronovirusla üz-üzə mübarizə aparan Hospitalımızın cəsur tibb personalının sağlamlığının qorunması, onların COVİD-19 xəstəliyinə yoluxmaması Hospitalın İnfeksiya Nəzarət Komissiyasının bir nömrəli vəzifə borcudur. Bu vəzifənin öhdəsindən gəlmək üçün biz var gücümüz ilə çalışırıq”.