Nazir deputatın əyləndiyi çimərliyi bağladı - Ermənistanda

5 Avqust 2020 10:19 (UTC+04:00)

Ermənistan parlamentinin iqtidarda olan "Mənim addımım" blokunun deputatı Ayk Sarkisyanın koronavirusa qarşı tətbiq edilən karantin rejimi qaydalarını pozaraq əyləndiyi istirahət mərkəzi bağlanacaq. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya naziri Romanos Petrosyan göstəriş verib.

Göyçə (Sevan) gölünün sahilində yerləşən istirahət mərkəzinin bağlanmasına deputat qalmaqalının səbəb olduğu bildirilib. Nazirin göstərişinə əsasən, çimərlik bağlanacaq və ərazisinə quraşdırılmış pavilyonlar söküləcək. Məlumata görə, bu pavilyonlar qanunsuz quraşdırılıb, buna görə də onların çıxarılması qərara alınıb.

Qeyd edək ki, A.Sarkisyan hərəkətinə görə həmvətənlərindən üzr istəmiş və maskadan istifadəyə, sosial məsafənin qorunmasına çağırış etmişdi.

Daha əvvəl Ermənistan mediasında çimərliyin Ayk Sarkisyanın özünə aid olduğu barədə məlumatlar yayılmışdı, hətta onun bilet kassasının yanında dayanarkən lentə alınan fotoları da dərc olunmuşdu.