“Sevinc görünür atasının da qanını satıb" ÖZƏL-MÜNASİBƏƏT

4 Avqust 2020 17:20 (UTC+04:00)

"Açığını deyək ki, xaricdə məskunlaşmış Sevinc Osmanqızı tipli insanlar əhalinin müəyyən qismini inandıra bilirdilər bir vaxtlar. Guya onlar doğrudan da Azərbaycanda demokratiya istəyirlər, insan haqlarını müdafiə edirlər, ədalətli quruluş istəyirlər və sair. Ancaq Tovuz hadisələri təkcə bizim hərb tariximizdə deyil, xarici siyasətimizdə deyil, mənə elə gəlir ki, təbliğat-təşviqat sahəsində də bir dönüş oldu. Yəni, lakmus kağızı kimi kimin kim olması üzə çıxdı." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədrinin sözlərinə görə, məlum oldu ki, özlərini demokrat kimi təqdim edən radikal müxalifət nümayəndələri məmnuniyyətlə erməniləri təmin edən, Azərbaycan dövlətinin ziyanına olan bəyanatlar verirlər.
"Əlbəttə ki, dünyanın strateji mərkəzləri, böyük dövlətləri Azərbaycana münasibətdə müsəlman ayrı-seçkiliyi, islamafobiya nümayiş etdirirlər və hər cəhətdən xristian Ermənistanını müdafiə edirlər, orada bizdən 100 qat artıq hər hansı qanun pozğunluğunu, insan haqlarının pozulmasını görməməzlikdən gəlirlər. Bizdə birinin bir barmağı qanayan kimi səs-küyləri aləmi götürür. Siz təsəvvür edin, Avropada oturan Arif Məmmədovlar, Sevinc Osmanqızılar və digərləri ola bilərdi ki, sussun, dinməsin. Ancaq bunların açıqdan-açığa Azərbaycan dövlətini, Azərbaycan cəmiyyətini təhqir etmələri, alçaltmaları, erməniləri tərif etmələri, "ermənilərdə yox, təqsir bizdədir" demələri, bu, onu göstərir ki, bu insanların ürəyində insanlıq yoxdur, Sevinc görünür atasının da qanını satıb, Xocalını da satıb. Artıq bunların ürəkləri daşlaşıb. Bunlar insanlıqdan çıxıblar. Bunlar Azərbaycan dövləti ilə iqtidarı qarışıq salıblar. Bunların iqtidara olan nifrəti dövlətə nifrətə çevrilib. Bu nifrətin də mənbəyi əlbəttə, heç şübhəsiz ki, Azərbaycanı sevməyən beynəlxalq güclər, təşkilatlar, erməni lobbisi və başqalarıdır.
Sizə deyim ki, mənim on illərlə Azərbaycanın müxalifətindən çox narazı qalan cəhətlərim olub. Onlarla on illərlə bir yerdə olmuşam . Həmin illər boyu onlar deyiblər ki, Tahir Kərimli Əbülfəz bəyin dövründə çıxan adamları vəzifəyə bərpa edirdi, halbuki, mən bir nəfər də olsun vəzifəyə bərpa eləməmişəm. Mən dövlətin naminə heç zaman durub cavab qaytarmamışam ki, məni 30 ildir biabır edirsiz. Dövlətə, dövlətçiliyə bir ziyan gəlməsin deyədir bu. Bunlarsa nə qədər pis niyyətli insanlardır ki, 5-10 manat erməni puluna görə, ermənipərəstlərin puluna görə öz dövlətlərini necə aşağılayırlar, necə üstünə gəlirlər.
Onsuz da bunlar hakimiyyətə çatan deyillər. Ancaq bunların istəyi odur ki, cəmiyyətdə Azərbaycan hakimiyyətinə qarşı nifrət formalaşdırsınlar və ermənilər bundan məmnun qalsınlar. Azərbaycan xalqı həm ölkə daxilində, həm xaricdə qalxdı, on minlərlə insan dövlətini müdafiə elədi, Ali Baş Komandanın tərəfini saxladı və bu, böyük bir dönüş idi. İlk dəfə olaraq Amerika Konqresində ermənilərin əleyhinə qərar çıxarıldı. Bunlar elə-belə başa gəlmədi. Bunlar düşünürdülər ki, Qarabağ yaddan çıxacaq, necə ki, Dərbəndimiz, İrəvanımız və digərləri yaddan çıxmışdı. Düşünürdülər ki, artıq Qarabağ tələb olunmayacaq. Minsk Qrupunun siyasəti də bu idi, xristian dövlətlərinin də, həmçinin siyasəti bu idi ki, Qarabağ məsələsi Azərbaycanın yaddaşından silinsin. Ancaq Tovuz hadisələrindən sonra dönüş mərhələsi yarandı. Onlara bəlli oldu ki, Azərbaycan xalqı, nəinki Qarabağı yaddan çıxarmayıb, digər torpaqlarına görə də strateji niyyətləri var. Bu da erməniləri və onların havadarlarını düşündürür, narahat edir, onlar da 5-ci kolondan istifadə edirlər. Əlbəttə ki, bunun xəyanətdən başqa adı yoxdur. Görün, Əli Kərimli və digərləri necə də bir kəlmə reaksiya vermirlər. Çünki onlar yaxşı başa düşürlər ki, hətta susmaqla belə Sevinc Osmanqızı kimilərinin şərikidirlər. Buna don geyindirmək olmaz və bu. böyük bir biabırçılıqdır.
Azərbaycanın düşmənləri ilə birləşmək, onları təmin edən sözləri Azərbaycan dövlətinin ünvanına söyləmək, Azərbaycana nifrət eləməkş doğrudan da çox acınacaqlı haldır. Mən hesab edirəm xalqımız bunu getdikcə daha yaxşı başa düşür. Cənab Prezidentin iqtisadi, siyasi və digər islahatları davam etməlidir və biz hamımız kömək olmalıyıq. Millət və dövlətimizin birliyi davam eləməlidir, möhkəmlənməlidir, onda şübhəsiz ki, uğurlarımız olacaq, düşmənlərimiz də o zaman xar olacaqlar", deyə Tahir Kərimli bildirib.