“Sevilənlər, sevənlər” rubrikası davam edir

4 Avqust 2020 16:42 (UTC+04:00)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. SİA-nın məlumatına görə, kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən təşkil edilən canlı yayımının növbəti qonağı “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı olub. “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1900-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. Canlı yayımın aparıcısı Günay Həsənova, ilk növbədə, Milli Mətbuatın 145 illiyi münasibətilə Elçin müəllimi III dərəcəli “Vətənə xidmət görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Canlı yayımın ilk dəqiqələrində qonaq uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından, atası İsmayıl Şıxlıdan yadigar qalan və növbəti illərdə daha da zənginləşən evdə olan şəxsi kitabxanasından söhbət açıb. Sonradan ənənəvi jurnalistikanın xüsusiyyətləri, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklər və vəzifələrdən, informasiya müharibəsi anlayışından, bu müharibədə uğur qazanmaq yollarından danışıb. Bundan əlavə Elçin müəllim atası – İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşüb, görkəmli nasirin yaradıcılığından, “Dəli Kür” romanının məsuliyyətindən danışıb. Elçin müəllim uzun illər çalışdığı və təsisçisi olduğu “Ayna” - “Zerkalo” qəzetinin, saytının yaranma tarixindən, fəaliyyətindən, bu qəzetin onun həyatında oynadığı roldan da söhbət açıb.

Sonda Elçin Şıxlı maraqlı müsahibəyə görə kitabxana rəhbərliyinə və izləyicilərə öz təşəkkürünü bildirib.

İstifadəçilər Əməkdar jurnalistlə keçirilən canlı yayıma https://www.instagram.com/p/CDb7nXeBvHw/ linkı vasitəsilə baxa bilərlər.