Əli Kərimlinin saxta “fədakarlığı” nəyə hesablanıb? ANALİTİK

4 Avqust 2020 15:29 (UTC+04:00)

AXCP sədri tərəfdarlarını yarı yolda atıb-qaçmağı ilə daha çox seçilir

AXCP sədri Əli Kərimlinin özünü yenidən “məzlum və əzabkeş” erməni xalqının nümayəndəsi qismində təqdim etməsi özü-özlüyündə bəzi məsələlərin yenidən araşdırılmasına, nəticələrin çıxarılmasına şərait və ehtiyac yaradır. Məsələ ondadır ki, Ə.Kərimli növbəti dəfə onun toruna düşən, tələsində sıxışıb-qalan qurbanlar vasitəsi ilə özünə xal toplamaqla məşğuldur. Daha dəqiq desək, məhz işğalçı Ermənistanın Tovuz ərazisində təcavüzkarlıq və təxribatçılıq əməllərinin ardınca Azərbaycan xalqının öz Ordusuna göstərdiyi böyük dəstək dərhal xarici dairələrin təlaşına səbəb oldu. Əsasən də, erməni barmağı olan siyasi cinahlar dərhal hərəkətə keçərək, sapı özümüzdən olan baltalara göstəriş və tapşırıqlarını verdilər. Milli Məclis binasında baş verənlərin də həmin tapşırıqlar sırasında yer alması bu sıradandır. İndi hakimiyyəti hədəfə alan bu xarici və daxili düşmənlər təxribatçılarına siyasi don geyindirməklə məşğuldurlar. Söz yox ki, Ə.Kərimli özü tərəfindən öyrədilmiş təxribatçıları vasitəsi ilə açıq-aşkar siyasi həyasızlıq nümayiş etdirməkdədir.

Əli Kərimli növbəti dəfə öz kirli niyyəti ilə, tərəfdarlarının həbsi ilə özünə xal qazanmağa cəhdlər göstərir

Maraqlı məqamlardan biri də budur ki, hələ bir müddət əvvəl Bakı küçələrində icazəsiz aksiyalar keçirən, belə bir məqamda dalana dirənən Ə.Kərimli həmin vaxtlarda da özünü “əzabkeş erməni” kimi aparıb, hətta başının təsadüfən harayasa çırpılmasını bəhanə edərək, az qala BMT-yə qədər hay-şivən qaldırmışdı ki, onu “döyüblər”.

Yaxud, mitinqlərinin birində tələb olunan qaydalara riayət etməyən AXCP sədri polisə izahat verməyə aparılarkən də qorxusundan nə edəcəyini bilməmiş, dərhal beynəlxalq təşkilatlara sığınaraq “hüquqlarının pozulduğunu” bəyan etmişdi. Lakin göründüyü kimi, o yenə də azadlıqda və aldatdığı, təxribat toruna saldığı tərəfdarları isə istintaqa cəlb olunublar. Yəni fakt budur ki, Ə.Kərimli növbəti dəfə öz kirli niyyəti ilə, tərəfdarlarının həbsi ilə özünə xal qazanmağa cəhdlər göstərir.

Əbəs deyil ki, Azərbaycan xalqı xarici ölkələrdə güclü erməni lobbisinə dirəniş göstərdiyi, dövlətçiliyimizin adının qorunması uğrunda düşmənlərlə üz-üzə qaldığı bir vaxtda, bu ünsür hələ də öz çirkin siyasi məqsədlərini güdməkdədir.

Əgər o özünün həbs olunmasına razı idisə, nəyə görə təxribat günü Milli Məclisdə hay-küy salanların içində deyildi?

Özünü “mübariz müxalifət lideri” kimi zorla ictimai rəyə sırımağa çalışan və səlində qorxaq, hürək olan Ə.Kərimli guya həbs olunmasını və həbsdə olunanların isə buraxılmasına razı olduğunu nümayiş etdirir. Bu zaman sual yaranır ki, əgər o özünün həbs olunmasına razı idisə, nəyə görə təxribat günü Milli Məclisdə hay-küy salanların içində deyildi? İndi onun “Əgər doğrudan da sizin üçün problem Əli Kərimlidirsə, o zaman bu günahsız insanlardan əl çəkin. Onları azadlığa buraxın, məni həbs edin” tipli şivənçiliyinə nə hacət var ki?!

Lakin Ə.Kərimlinin siyasi həyazıslığı bununla da başa çatmır. O, bildirir ki, bu il partiyanın qurultayı olacaq və qurultayda istefa verib, sədrliyə iddialı olmayacaq və s. Ancaq fakt budur ki, Ə.Kərimli öncəki qurultayından əvvəl də bu sözləri demişdi. Ancaq saxtakarlıq yolları ilə özünü yenidən sədr seçdirdi. Üstəlik, onun saxtakarlıqlarına qarşı çıxış edən bir çox cəbhəçiləri ya partiyasından qovdurdu, ya da söyüş hədəfinə çevrdi. İndi də növbəti yalanını sırıyır ki, demə qurultay-filan keçirsə, sədr olmayacaq...

Hələ bu da son deyil, Ə.Kərimli bu addımlarını özünütəriflə başa çatdırır. Sədr seçilməməsini “partiyasının və dostlarının qorunması üçün fədakarlıq” olaraq kimi təqdim edir. Halbuki, onun “fədakarlığı” daim dostlarını, tərəfdarlarını yarı yolda atıb-qaçmaqla daha çox seçilib.

Rövşən RƏSULOV