“Qadağaları tam aradan qaldırmaq böyük fəsadlar doğura bilər” ÖZƏL-MÜNASİBƏT

4 Avqust 2020 14:23 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı verdiyi son qərara birtərəfli qaydada “verilən qərar yanlışdır, əksər qadağalar götürülməli idi” formasında yanaşmaq doğru deyil. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyəti emosiyalara qapılmadan təhlil etdikdə indiki halda başqa çıxış yolunun olmadığını və bu qərarın əslində doğru olduğunu görərik.

“Gəlin, öncə bu gün tədricən azalmağa doğru gedən statistikanın üzərində dayanaq. Əldə olunan nəticələr sevindiricidir. Xəstəlikdən sağalma faktı yoluxma faktını iki dəfədən çox üstələyib. İnfeksiyaya gündəlik yoluxma halı azalmaq istiqamətində getməkdədir: cəmi 1 həftə öncə 500-dən artıq yoluxma faktına şahidlik edirdiksə indi bu rəqəm 200-300 arası dəyişməyə başlayıb. Beləliklə, olduqca müsbət bir dinamikanın şahidiyik.

Arzuolunan nəticələrə doğru getməyimizdə əsas hansı amillər rol oynayıb- sualına cavab axtarsaq, təbii ki, birmənalı şəkildə sərt karantin rejiminin tətbiqi öndə gəlir.

Artıq belə bir müsbət rəy hakimdir ki, yaxın 2-3 həftə ərzində daha böyük və arzu etdiyimiz nəticəni əldə etmək mümkün olacaq. Belə olduğu təqdirdə daha artıq yumşalmalara getmək əks nəticələrlə üz-üzə qalmağımıza şərait yarada bilərdi. Müsbət nəticənin atmosferinə düşüb qadağaları tam aradan qaldırmaq daha böyük fəsadlar doğura, min bir əziyyətlə əldə olunan irəliləyiş bir anda itirilə bilər. Hamımızdan bir az da səbr, dözümlülük tələb olunur ki, arzuolunan nəticəni qazanmaq hədəfinə çataq.

Karantinin iqtisadi baxımdan itkiləri çoxdur, heç kim bu prosesdən qazanmır, fəqət heç bir itki insan həyatından dəyərli ola bilməz! Opertaiv qərargahın qərarı indiki halda ən doğru qərardır və bunu cəmiyyət olaraq anlayışla qarşılamaq lazımdır.

Son qərarda müəyyən yumşalmalar var və cəmiyyətin istəklərinə uyğun təhlükəsiz, sağlamlıq vəd edən istirahət üçün addımlar atılıb. İnsanların çimərliklərə getməsinə şərait yaradılıb. D vitaminin insan immuniteti üçün nə qədər vacib olduğu bəllidir. Bu nəzərə alınaraq sms icazə tam ləğv olunub və açıq havada istirahət etmək üçün təhlükəsiz şərait formalaşıb. Çimərliyə gedənlər üçün sayt yaradılıb və burada başlıca məqsəd vətəndaşların təhlükəsiz, sağlam istirahətinin təmin edilməsinə xidmət göstərməkdir. Tələblər isə , sadəcə gigiyena qaydalarına əməl etmək, sosial məsafəni gözləməkdir.

Bu qərar verilərkən beynəlxalq təcrübə araşdırılıb. İndiyə qədər çimərlikləri açan ölkələrin təcrübəsi, onların çimərlik üzrə tətbiq etdiyi qayda və şərtlər öyrənilib. Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zamanda hazırlıqlar aparılıb və əslində, böyük bir iş ortalığa qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya tədbiri üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib. Bu işin ciddiyyətini kənara qoyub qərara lağ etmək, görülən işləri görməzdən gəlmək nə dərəcədə doğrudur?

Aylardır, çimərliklərin açılması tələb olunurdu. Mövcud durum, məhz indi belə bir qərar verilməsinə imkan yaradıb. İndi durub “Çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı”- demək bir məqəsədə xidmət edir- görülən işlərə qulp qoymaq, verilən qərarlara kölgə salmaq. Rayonlara gediş-gəliş açılsaydı belə, emosional və məntiqsiz düşünənlər üçün lağ etməyə nəsə tapılacaqdı.

Qəribədir, hətta havanın avqust ayında bir neçə gün soyuq olmasının günahı da sanki Operativ Qəragahda axtarılır. Az qalırlar yazsınlar ki, ekoloji problemlər, qlobal istiləşmə, qeyri-stabil mövsüm qərargahın qərarına görədir. Bu dərəcədə bəsit yanaşma ilə heç nə əldə etmək olmaz.

Bu gün ilk olaraq çimərliklər açılıbsa, növbəti mərhələlərdə müxtəlif yumşalmaların da şahidi olacağıq, təbii ki. Nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli baş verəcək. Unutmayaq ki, yumşalma istiqamətində ilk addımlar atılıb, növbəti addımlar isə cəmiyyət olaraq hamımızdan asılıdır”, deyə Elman Babayev bildirib.