“Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır” İsa Həbibbəyli

4 Avqust 2020 11:49 (UTC+04:00)

“Bu gün əldə olunan nəticələr ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizə tədbirlərinin bariz nümunəsidir. Lakin karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır. Hazırda dünyanın 200-dən çox ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı artmaqdadır. Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət ölkə Prezidentimiz İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, avqustun 5-dən SMS icazə ləğv olunur: “Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilmişdir. Operativ Qəraghan məlumatına görə, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur”.

Millət vəkili onu da vurğulayıb ki, bəşəriyyətin qlobal probleminə çevrilmiş pandemiya ilə mübarizə məqsədilə demək olar ki, bütün dövlətlərdə müxtəlif tədbirlər həyata keçirilsə də, onların heç də hamısı bu istiqamətdə müsbət nəticələr əldə edə bilmir: “Lakin respublikamızda virusun qeydə alınmasından sonra dövlət başçımız İlham Əliyevin düşünülmüş və vaxtında təxirəsalınmaz addımı nəticəsində bu gün bu nailiyyətlərə nail olunub. Belə ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün ekspert qrupları təşkil olundu. Sonrakı günlərdə qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Bunun nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, faciəvi tendensiya baş vermədi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır: "Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

“Bütün bu uğurlu addımlarda məqsəd vətəndaşların sağlamlığı və rifahı naminə olubdur” deyən İ.Həbibbəyli bildirib ki, bu çətin günlərdə xalqımızın milli həmrəylik nümayiş etdirməsinin göstəriciləridir: “Vətəndaşlar Prezident İlham Əliyevə ünvanladıqları məktublarında həyata keçirilən bütün tədbirləri yüksək qiymətləndirərək dövlət başçısına, eləcə də öz qayğısını insanlardan əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirir, ən səmimi arzularını ifadə edirlər.

Beləliklə, ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu qlobal təhlükədən alnıaçıq çıxması və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa etdi”.

“Lakin bu gün karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmamalıdır”- deyən İ.Həbibbəyli əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin qərarlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi olaraq avqust ayının 5-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına başlanılıb, bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilib. Bu heç də koronavirus təhlükəsinin bitdiyi, virusun yoxa çıxdığı demək deyil! Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməlidir, sosial məsafəni qorumalıdırlar. Məhdudiyyətlər götürülsə belə, insanlar mənəvi məsuliyyət daşımalıdır. Çünki dövlət dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır. Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar. Vətəndaşların belə tez arxayınlaşması hər birimizi narahat etməlidir".

İ.Həbibbəyli bildirib ki, ölkə Prezident dəfələrlə xəbərdarlıq edib ki, karantin rejiminə əməl etmək lazımdır: “Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır» deyən dövlət başçımızın təhlükənin ilk anından “Biz birlikdə güclüyük” irəli sürdüyü çağırışı bir daha dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləridir, xalqına qayğısıdır. Ona görə də, karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır, qaydalara əməl etməliyik!”.

R.HÜSEYNOVA