Qüdrətli Prezident, güclü Ordu!

3 Avqust 2020 18:15 (UTC+04:00)

Bu yazını qələmə alanda həyəcanlı, qürur və vətən sevgisi dolu duyğularımı da sətirlərə düzürəm. Çünki bu bir qürur tarixidir. Bu qürurlu tarixi Azərbaycan əsgəri yazdı. Zəfərlərə yeni zəfər yazıldı. Bu il iyulun 12-də Azərbaycan Ordusu elə bir tarixi zəfərə imza atdı ki, bu zəfər təkcə düşmənin başını əzmək baxımından əhəmiyyətli olmadı. Həm də xalqımızın milli həmrəyliyi üçün möhtəşəm bir tarixi fürsət oldu. Küçə və meydanlara çıxan xalq, xüsusilə on minlərlə vətənpərvər gənclərimiz Prezidentimizə və rəşadətli Ordumuza bütün dünyanın heyranlıqla izlədiyi bir qüdrətli dəstək nümayiş etdirdilər. Həm xaricdəki, həm də sapı özümüzdən olan daxildəki düşmənlər növbəti dəfə FİASKOYA uğradılar. Tayı bərabəri olmayan düşmən fiaskosu yaşandı. Qəhrəmancasına şəhid olan rəşadətli generalımızın, Polkovnik və zabitlərimizin, böyük igidlik göstərərək, düşməni öz yuvasında susduran mərd əsgərlərimizin şəhid olması, xalqın öz şəhidləri ilə dünyanı heyran qoyan bir izdihamla vidalaşması bir daha bu torpaqlarda vətənpərvərlik ruhunun daima uca olduğunu göstərdi.

Tovuz istiqamətində gedən döyüşlər həm də ilk olaraq nəyi danılmaz fakt olaraq ortaya qoydu?.
İlk növbədə bu döyüşlər onu göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və ruh yüksəkliyinə malikdir. Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək əzmindədir. Bu döyüşlər eyni zamanda Azərbaycan Ordusunun, onun əsgər və zabitlərinin qəhramanlıqlarını nümayiş etdirdi. Öz əsgəri ilə birgə səngərdə vəhşi düşmənə qarşı əzmkarlıq göstərən, şücaət və igidlik edən Azərbaycan generalının qəhrəmanlığı bu gün dillər əzbəridir, əsl vətənpərvərlik nümunəsidir.

Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Vətənin dar günündə harayına səs vermək, şəhid qanı ilə suvarılmış bu torpaq uğrunda canı fəda etmək onun qəlbdən gələn bir hökmdür. Bu torpağın hər qarışından qan qoxusu gəlir, şəhid qanı ilə nəfəs alır Azərbaycan torpağı. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnəkdir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Şəhidlik zirvəsinə yüksəldilər. Ötən əsrin 90-cı illərində biz bunun şahidinə çevrildik. Nəsillər-nəsilləri əvəzləyir və qanımızdan, damarlardan axan qan qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox məqamları əxz etməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu torpağın yetişdirdiyi General Polad Həşimov, polkovnik İlqar Mirzəyev, ermənilərin canına vəlvələ salan igid Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğulları var. Erməniyə kimliyini göstərən, onlara göz dağı verən oğullarımız həmişə olub, indi də var, gələcəkdə də daha çox olacaq.

Tovuz döyüşləri həm də ölkəmizin daxilindəki əmin-amanlığın, ictimai-siyasi sabitliyin möhkəm olması baxımından da çox önəmli idi. Bu döyüşlər ordumuzun gücünü göstərməklə yanaşı, ölkəmizin daxilindəki polad iradənin, möhkəm ictimai-siyasi sabitliyin heç bir qüvvə tərəfindən pozula bilməyəcəyini də bütün dünyaya nümayiş etdirdi. Bir sıra qaragüruh qüvvələrin orduya dəstək yürüşü zamanı təxribat törətmək cəhdinin fiaskoya uğraması da dediklərimizə parlaq misaldır. Xalqımız ölkə rəhbərliyinin daxili siyasət kursunu var gücü ilə dəstəkləyir. Çünki xalqımız çox gözəl başa düşür ki, respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Bu yolda bütün səylərimizi səfərbər etməliyik.

Və sonda üzümü hər bir ölkə vətəndaşına tuturam: Ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin nəticəsində müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas olub, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanın sabitlik diyarına çevrilməsi ölkəmizə investisiya axınını sürətləndirir, bizimlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına geniş imkanlar açır. Azərbaycan bu gün dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Ordusu güclü, Prezidenti qüdrətli, xalqı əzəmətli Azərbaycan!

Aytəkin Ədalətqızı,

YAP Səbail Rayon Təşkilatının fəal üzvü