Zərdabda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı

3 Avqust 2020 16:00 (UTC+04:00)

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirov saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ona məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kq 105 qram olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Orxan Əmirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl şəxsi istifadəsi üçün əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Zərdab RPŞ-də Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.