Nevropatoloq: Depressiya demensiyanı imitasiya edə bilir

3 Avqust 2020 08:23 (UTC+04:00)

Demensiya xroniki gedişli ümumi əlamətlərlə müşayiət olunan, koqnitiv funksiyaların tədricən azalmasına səbəb olan xəstəlikdir. Diaqnozu kliniki laborator və nevroloji təzahürlərə görə qoyulur. Demensiya istənilən yaşda yarana bilər. Lakin əsasən yaşlılarda qeydə alınır və onların əksəriyyətinə mütləq evdə nəzarət etmək lazım gəlir.

SİA xəbər verir ki, Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova "AZƏRTAC"a məlumat verib.

O bildirib ki, demensiyanın bir neçə forması var. Bunlara Altsheymer xəstəliyi və onabənzər forması, beyin qabıq və qabıqaltı forması, geridönməz və potensial geri dönə bilən forması, tez-tez rastgəlinən və nadir rastgəlinən formaları aiddir. Ümumiyyətlə demensiyanı ağıl zəifliyi ilə qarışdırmaq olmaz. Demensiya əsasən yaddaşa təsir edir. Bu, baş beynin anatomik dəyişikliyinə bağlıdır. Proses tədricən inkişaf edir və əsasən geri dönmür. Əsasən diqqət pozulması olur ki, bunu bəzən delireya, yəni ağıl zəifliyi ilə qarışdırırlar. Delireyada da diqqət pozulması olur, kəskin xəstəliklər, beynin toksiki zədələnməsi zamanı yaranır və çox vaxt geri dönən olur. Hər iki xəstəliyi bir-birindən fərqləndirmək olar.

Onun sözlərinə görə, demensiyanın əmələ gəlməsi birincili neyrodegenerativ xəstəliklər və digər səbəblərdən baş verə bilər: "Həmçinin demensiya Parkinson, Gentinqton xəstəliklərinin, proqressivləşən qabıqaltı iflicin, o cümlədən bir neçə səbəbin təzahürü kimi üzə çıxa bilər.

Beynin bir sıra orqanik xəstəlikləri - normotensiv hidrosepaliya, xroniki subdural hematoma, metobolik pozulmalar, hipotireoz, xroniki defisitli zəhərlənmələr və s. koqnitiv funksiyaların tədricən azalmasına səbəb olur, lakin əsas müalicədən sonra bərpa olunur. Depressiya demensiyanı imitasiya edə bilir. Ona görə də bəzən bunu psevdodemensiya da adlandırırlar. Bu iki xəstəlik çox vaxt tez-tez bir-birini müşayiət edir. Həmçinin depressiya demensiyanın ilk simptomu da ola bilər.

Demensiyanın ilkin əlamətlərinə yaddaşın itirilməsi, getdiyi yerdən qayıdarkən səhvə yol vermək, ünvanı çaşdırmaq, adları və yerləri xatırlaya bilməmək, danışmaq, oxumaq, yazmaq qabiliyyətinin azalması, daha çox beynin emosiyalara nəzarət edən hissəsi zədələnənlərdə müşahidə olunan emosional dəyişikliklər aiddir. Demensiyalı insanlarda qorxu, qəzəb, kədər, sevinc hissləri tez-tez təkrarlanır. Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə onlar başqalarından asılı vəziyyətə düşürlər.

Diaqnozu əsasən kliniki əlamətlərə, geniş anamnestik məlumatlara və laborator və bir sıra müayinələrə əsasən qoyulur. Lakin demensiyanın sadə bir testi yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 47,5 milyon insan demensiyadan əziyyət çəkir. Belə fərziyyələr var ki, 2020-ci ilə qədər bu rəqəmin təqribən 135 milyon olacaq.

Demensiya zamanla beyinə zərər verir. Belə ki, yaşanan psixoemosional gərginliklər, məlumatların daha çox olması, istirahətin azlığı da belə insanlara mənfi təsir göstərə bilir. Lakin xəstəliyin dəqiq səbəbi bilinmir.

Demensiyanın bütün növləri proqressiv xəstəliklərdir. Müalicədə əsas məqsəd bu prosesi ləngitməkdən, onu olduğu kimi saxlamaqdan ibarətdir. Bir insanı xəstəlikdən əvvəlki vəziyyətə qaytarmaq çox zaman çətinlik törədir və bəzən də mümkün olmur".