"Azərbaycanın gücünün artması "Human Rights Watch"ı ciddi narahat edir" Bəhruz Quliyev

2 Avqust 2020 10:26 (UTC+04:00)

"Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, eləcə də dayanıqlı və inkişaf edən iqtisadiyyata, regional siyasi gücə malik olan Azərbaycan zaman-zaman bir sıra təşkilatları, xüsusilə də, erməni lobbisinin əlaltısı olan "Human Rights Watch" kimi qurumları ciddi şəkildə narahat edir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Siyasi ekspert qeyd edib ki, daim anti-Azərbaycan xarakterli fikirləri ilə açıq-aşkar ultra-erməniçilik mövqeyini sərgiləyən təşkilatın rəhbər şəxslərinin ya erməni, ya da ermənipərəst olması artıq sirr deyil: "Adıçəkilən beynəlxalq şəbəkə erməni lobbisindən aldığı qrantlar və sifarişlər hesabına yenidən ölkəmizə qarşı revanş götürüb. Belə ki, təşkilat kimsənin ciddi qəbul etmədiyi qeyri-ciddi, dırnaqarası hesabatını yayıb. Halbuki belə şər-böhtanların Azərbaycanın bugünkü reallıqları ilə heç bir əlaqəsi yoxdur".

Bəhruz Quliyev qeyd edib ki, "Human Rights Watch" və onun Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsonun adı daim bənzər xarakterli məsələlərdə hallanıb: "Bayaq da qeyd etdiyim kimi, "Human Rights Watch" guya ki, humanizm prinsiplərindən çıxış etdiyini göstərsə də, əslində insan hüquqlarını pozan fəaliyyəti ilə daha çox tanınır, ona görə də, qurumun hesabatları artıq dünyada ciddi qəbul olunmur. Mətbuatdan öyrəndim ki, bir müddət əvvəl ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri təşkilatın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı kəskin xarakterli yazı ilə çıxış edib. Belə ki, Amerika nəşri Azərbaycanda insan haqları sahəsində vəziyyətə qərəz püskürən "Human Rights Watch"ın işğal altında olan ərazilərimizdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını əks etdirən məqalə ilə çıxış edib. Məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçin fikrinə görə,"Human Rights Watch" riyakar fəaliyyəti ilə beynəlxalq ictimai rəydə ikrah hissi yaradır. Baxın, müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir. Bu faktı ortaya çıxaran amerikalı hüquqşünasa görə, Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi işğal olunmuş Dağlıq Qarabağdır. Yəni təcavüzkar Ermənistan bu regionu işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə hazırkı günə qədər də işğal altında saxlamaqdadır. Halbuki dünya birliyi bu işğal faktını pisləyir, Qarabağın məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır".

Məqaləsinə "Lakin bu da son deyil" sözləri ilə davam edən siyasi ekspertin fikrinə görə, Uitson erməni ailəsində göz açıb və 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib: "O, günü bu gün sosial media vasitəsi ilə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir. Üstəlik, qondarma erməni soyqırımının tanıdılması üçün dəridən-qabıqdan çıxır. Əslində, Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

“Bütün bu sadalananlar və çoxsaylı faktlar sübut edir ki, on minlərlə insanlarımızın hüquqlarının pozulmasında - yurd-yuvalarından zorla çıxarılmasında, öldürülməsində, əsir və girov götürülməsində "Human Rights Watch" həmin reallıqları gizlətməyə, pərdələməyə çalışmaqla Ermənistanın təcavüzkarlığına riyakarcasına haqq qazandırmaqla əsas rollardan birini oynamaqdadır. Bu baxımdan, erməni maşası rolunu oynayan bu riyakar qurumun istənilən hesabatı dürüst qəbul olunmur, əksinə beynəlxalq aləm tərəfindən rədd edilir",- deyə Bəhruz Quliyev diqqətə çatdırıb.