“Human Rights Watch” ifşa olunmalı, fəaliyyətinə hüquqi qiymət verilməlidir ANALİTİK+FAKT

2 Avqust 2020 09:26 (UTC+04:00)

Yaxud, bir təşkilatın Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson adlı ermənidirsə...

“Hazırkı dövrə qədər erməni lobbilərinin müxtəlif qollarına bağlı olduqları şübhə doğurmayan bir sıra Qərb təşkilatları Azərbaycan dövlətinə və xalqına qarşı aşkar qərəz və kin nümayiş etdirən fəaliyyətləri ilə tanınıblar. Belə təşkilatların maraqlarının əsas hissəsi isə Azərbaycanın istər regionda, istərsə də dünyada artan nüfuzuna, yerinə və roluna xələl vurmaq, ona kölgə salmaq olub. Lakin ən maraqlısı isə budur ki, bu təşkilatların söz sahibləri ya erməni lobbisinin pul-paralarına satılan Qərb siyasətbazları, ya da bilavasitə erməni əsilli şəxslərdir. O cümlədən, guya həmin təşkilatların “missiyaları” insan hüquqları üzərində fəaliyyət və bu hüquqların qorunmasıdır. Ancaq gəlin görək, bu, həqiqətənmi belədir? Doğrudanmı bənzər təşkilatlar əldə etdikləri gəlirlərini insan hüquqlarının müdafiəsinə doğru yönəldir, yaxud bu istiqamətdə canını fəda edir?

Əslində, məsələnin mahiyyətinə və xüsusilə Azərbaycana qarşı aparılan qərəz faktoruna diqqət yetirərkən, biz növbəti faktları görür və bir daha əmin oluruq ki, ortada yalnız qərəz və kin deyil, o cümlədən pərdəarxası düşmənçilik gerçəkliyi mövcuddur.

Bu adam erməni geninin daşıyıcısıymış!

Məsələn, bu günlərdə “Human Rights Watch”ın növbəti yalan dolu hesabatı yayılıb və orada ölkəmizə qarşı ənənəvi münasibət – qərəz, kin, düşmənçilik göstərilib. Buna təəssüf etsək də, heç də təəccüb etməyə dəyməz. Çünki adıçəkilən təşkilatın Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsondur və...

Və demə ki, bu adam erməni geninin daşıyıcısıymış! Bugünkü dövrə qədər yazılan, yayılan, ictimailəşdirilən hesabatların hər birində Azərbaycana qarşı göstərilən rəzil münasibətin də kökündə, məhz bu reallıq dayanırmış.

Beləliklə, təşkilatın adı “insan hüquqları” və onun “müdafiəsi” anlamını daşısa da, tamamilə əks istiqamətdə fəaliyyət göstərib, özü insan hüquqlarını pozub, eyni məsələ üzrə ikili standartdan çıxış edib, yalan, böhtan, riya toxumu səpməklə məşğul olub. O da təsadüfi deyil ki, nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə və beynəlxalq qurumlarda "Human Rights Watch"un hesabatları ciddi qəbul olunmur.

"The Wall Street Journal": “Uitson işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir”

Artıq dünyanın nüfuzlu media səhifələrində də belə bir informasiya yayılıb ki, “Human Rights Watch”ın işi-gücü məhz böhtan atmaqdan və insan hüquqlarının pozulduğu məkanları görməzlikdən gəlməkdən, öz mənfəət və kirli maraqlarına xidmət etməkdən ibarətdir. Misal üçün, ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşrinə görə, Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən və baş ofisi Nyu-Yorkda olan "Human Rights Watch" təşkilatı işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşma sərgiləyib. Sözügedən məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich). Onun yazdığına görə, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Məqalədə deyilir ki, Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. "Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır”, deyə yazıda vurğulanır.

Erməninin ermənipərəst etirafı təəccüb doğurmur: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır"

Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson eyni zamanda "Human Rights Watch" təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi. Habelə o, Tvitter sosial şəbəkəsində Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir. Sözügedən haqlı ittihamların səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: "Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır".

Göründüyü kimi, bu ünsür bütövlükdə anti-türk meyilləri ilə yaşayır, o cümlədən, ultramillətçilik nümayiş etdirir, habelə minlərlə hüquqları pozulmuş azərbaycanlıların növbəti dəfə hüquqlarını pozur, üstəlik qondarma erməni soyqırımının dünyada tanınması üçün dəridən-qabıqdan çıxır.

Xocalı və s. soyqırımlarına məruz qalmış azərbaycanlıların, eləcə də qaçqın və məcburi köçkünlərin taleləri, hüquqları onu bir qram da olsa nə məyus, nə də narahat edir

Ancaq nədənsə Xocalı və s. soyqırımlarına məruz qalmış azərbaycanlıların, eləcə də qaçqın və məcburi köçkünlərin taleləri, hüquqları onu bir qram da olsa nə məyus, nə də narahat edir. Məgər bundan artıq hər hansı bir sübuta ehtiyac varmı?

Həmin Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılması kimi mənfur anneksiya siyasətini dəstəkləyir.

Nəticədə məlum olur ki, özünü “Human Rights Watch” adlı təşkillatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru kimi qələmə verən Sara Li Uitson insan hüquqlarının müdafiəsi ilə deyil, reallıqda insan hüquqlarının pozulması (!) yönündə necə deyərlər, peşəkarlardan sayılır. Onun peşəsi, işi, fəaliyyət istiqaməti birbaşa kirli işlərə hesablanıb.

Uitsonun, "Human Rights Watch" tərəfindən verdiyi hər hansı açıqlaması, hesabatı, bəyanatı əvvəllər olduğu kimi, bundan sonra da obyektiv, doğru-düzgün qəbul edilə bilməz. Çünki öz yurd-yuvasından qovulan insanlara, işğal altındakı ərazilərə öz dövlətini məskunlaşdırma aparmasına göz yuman qurum, heç vaxt insan haqları müdafiəçisi ola bilməz. Yaxşı olardı ki, “Human Rights Watch”ın qərəzinə, şər-böhtanlarına, kirli fəaliyyətinə məruz qalan ölkələr deyil, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar da rəsmi münasibət bildirməli, onun qaranlıq əməlləri ifşa olunmalı, eyni zamanda, dürüst hüquqi qiymət verilməlidir.

Rövşən RƏSULOV

P.S. Azərbaycanda insan haqları və s. bu kimi istiqamətdə bar-bar bağırıb, guya hüquq, söz və ifadə azadlıqlarının pozulduğunu car çəkən "Human Rights Watch"ı ən çox dəstəkləyənlərdən biri də “beşinci kolon” adlandırılan satqın və xəyanətkar müxalifət cinahıdır. Əgər bu gün AXCP, “Milli Şura” kimi qurumlar və onların rəhbərləri belə bir qurumun qərəzli, yalan və şərh-böhtanlı “hesabatlarını” əllərində bayraq edirlərsə, demək ki, onların da belləri erməni lobbisinə bağlı olur. Əbəs deyil ki, hazırkı zamana qədər radikal və dağıdıcı müxalifətin “liderlərinin” və onların xarici ölkələrdəki haray-şivənçilərinin erməni lobbisi ilə iş birliklərini sübuta yetirən faktlar zaman-zaman ictimai rəyin diqqətinə çatdırılıb.

Digər tərəfdən, əgər belə deyilsə, yaxud radikal müxalifət “liderləri” bu ittihamları qəbul etmirlərsə, onda nəyə görə "Human Rights Watch"ın riyakar hesabatına qarşı çıxışlar etmir, əksinə, onu dəstəkləyirlər..?