"Ölkəmizdə bütün sahələr kompleks şəkildə inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

1 Avqust 2020 11:35 (UTC+04:00)

“Ölkə başçısı İlham Əliyev Azərbaycanın qərb bölgəsinə səfər edərək bir neçə infrastruktur layihələrinin açılışında iştirak etdi. Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında və Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyev öz ürək sözünü əhaliyə bildirdi. Bu gün ölkədə gedən inkişafdan, pandemiyaya qarşı uğurlu mübarizədən, yeni tikilən modul xəstəxanalardan, ölkəmizdə genişlənən “ASAN xidmət” şəbəkəsindən danışdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Balakəndə istifadəyə verilən sayca 19-cu “ASAN xidmət”dir və bu mərkəzlər Azərbaycanın intellektual məhsuludur: “Bu mərkəzlərdə çalışanlar gənclərdir. Hər bir “ASAN xidmət”də 200-ə yaxın gənc və könüllülər fəaliyyət göstərir. Bu, o deməkdir ki, Azərbaycanın idarəetmə sistemində gənclərin iştirakına daha çox önəm verilir. Azərbaycan dayanıqlı inkişafa və gözəl perspektivlərə malik ölkədir. Bütün addımlar plan üzrə və yerlərdən gələn təkliflər əsasında atılır. Azərbaycanda mövcud problemlər hərtərəfli öyrənilir, onun həlli yolları müəyyən olunur və operativ həlli ilə bağlı müvafiq tədbirlər görülür”.

Deputat qeyd edib ki, ölkəmizdə bütün sahələr kompleks şəkildə inkişaf edir: “Hazırda iqtisadiyyatda, kənd təsərrüfatında inkişafın şahidi oluruq. Emal sənayesi də paralel olaraq inkişaf edir. Son 15 ildə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən geniş yenidənqurma və inkişaf tədbirlərinin nəticəsidir ki, Prezident İlham Əliyev hər bir rayona səfər etdiyi zaman o rayonun ümumi iqtisadi göstəricilərində dəfələrlə artımı müşahidə etdiyini qeyd edir. Bu, düzgün istiqamətlənmiş bir siyasətdir və regionlara göstərilən diqqətin və qayğının göstəricisi kimi qeyd etmək olar. Hər bir açılan sahədə biz gənclər, onların əməyini görürük. Bu, gənclərə göstərilən xüsusi diqqət və qayğının, önəmin göstəricisidir. Onlar bu gün Azərbaycanın inkişafında, ərazi bütövlüyünün müdafiəsində yaxından iştirak edirlər. Düzgün istiqamətlənmiş, vətənpərvər ruhda tərbiyə olunmuş gənc Azərbaycanın gələcəyidir”.