“Rusiyada və ABŞ-da Ermənistana münasibət dəyişir” Arutyun Mesrobyan

31 İyul 2020 18:29 (UTC+04:00)

Ermənistan Respublikası İctimai Şurasının keçmiş üzvü və idarəetmə sahəsində mütəxəssis olan Arutyun Mesrobyan Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik və digər siyasi proseslər barədə danışıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, Arutyun Mesrobyan bu barədə tert.am saytına müsahibəsində fikirlərini açıq-aşkar bildirib.

Sözügedən saytın, Türkiyə-Azərbaycan hərbi təlimləri barədə sualına Mosrobyan, “sonu bizim üçün faciəli olacaqdır”, deyə cavab verib.

Ermənistana məxsus saytın, Rusiya siyasi elitasında Ermənistana münasibətdə müəyyən dəyişikliyin müşahidə olunmasından niyə narahatlığınızı bildirmisiniz, sualını isə İctimai Şuranın keçmiş üzvü, “Ermənistana qarşı gərginlik təkcə Rusiyadan deyil, digər fövqəldövlətlərdən, qonşularımızdan, xüsusən Gürcüstan və İrandan da artır”, deyə cavablandırıb.

Arutyun Mesrobyan xatırladıb ki, ermənilərə və Ermənistana münasibətdə mənfi dinamikadan narahatdır və Rusiyada Ermənistana dəyişən münasibətlə bağlı onlarla material təqdim edə bilər. O, qeyd edib ki, belə mənfi münasibət təkcə Rusiyada deyil, həm də, məsələn, ABŞ-da da var və bu, xüsusən olduqca mürəkkəb bir geosiyasi vəziyyətdə, və bütün dünyada qlobal, dərin tektonik dəyişikliklərin baş verdiyi halda Ermənistan üçün fəlakətlidir.

Ermənistan Respublikası İctimai Şurasının keçmiş üzvü Ermənistan hakimiyyətini də hədəfə alıb və tənqid edib.

“Problemlər başımıza yığılır, oturub "ağ-qaralar"ın axmaq oyununu oynayırıq”, deyə Arutyun Mesrobyan bildirib.