Öz yubileyinə sevinə bilməyən insan Rəhman ORXAN - 70

30 İyul 2020 16:14 (UTC+04:00)

(Esse)

Tanınmış, vətənpərvər ziyalı, uzun illər dostluq elədiyim Əməkdar jurnalist Rəhman Orxanın 70 illik yubileyi ilə bağlı müsahibə hazırlamaq istəyirdim. Amma həddindən artıq təvazökar olan dostum təkidimə baxmayaraq, göndərdiyim suallara cavab vermək istəmədi. Sonradan onunla bağlı ötənləri yada salıb yazdığımın da xeyli hissəsini israrla çıxartmağı xahiş elədi.

Odur ki, bir jurnalist kimi hər zaman haqsızlığa qarşı barışmazlığı ilə tanınan, haqqı-ədaləti hər şeydən üstün tutan, Azərbaycanın bugünündən-sabahından daim nigaran olan Rəhman Orxanın 70 illik yubileyi ərəfəsində az-çox bildiyim, internet səhifələrindən götürdüyüm məlumatlarla kifayətlənməli oldum. Amma bu esseni onun yubileyindən sonra çap elədim. Çünki Azərbaycan mətbuatının 145 illiyi münasibəti ilə Rəhman Orxanla da bağlı gözləntilərim vardı...

Qısa arayış: Rəhman Orxan (Rəhman Abdurəhman oğlu Məmmədzadə) 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində dünyaya gəlib. Maraqlıdır ki, vaxtı ilə jurnalistikadan tamamilə uzaq olan ixtisasa - Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alaraq, mühəndis-mexanik ixtisasına yiyələnmiş, yalnız illər sonra Rəhman jurnalistikaya meyl etmişdir. Əmək fəaliyyətinə 1967-ci ildə akademik Yusif Məmmədəliyev adına Azərbaycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında laborant vəzifəsində başlayıb, sonralar 10 il Azərbaycan Boru-Prokat zavodunda mühəndis-konstruktor işləmiş, hətta perspektivli, qabaqcıl səmərələşdirici kimi Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) respublikanın gənc, yenilikçi metallurqlarını təmsil etmək məhz ona etibar edilmişdi. 1979-cu ilin dekabrından həmin müəssisənin çoxtirajlı “Metallurq” qəzetində çalışmış, 1981-ci ilin yanvarından isə “Vışka” qəzetinə müxbir vəzifəsinə işə dəvət edilmiş, qəzetin Sumqayıt-Quba zonası, sonralar isə Naxçıvan MR və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri kimi çalışmışdır. 1992-ci ilin noyabrından 2001- ci ilədək erməni təcavüzkarlığına qarşı ideoloji mübarizə məqsədilə yaratdığı, rusca nəşr olunaraq MDB ölkələrində, həmçinin xaricdə yayılan ictimai-siyasi "Bakinets" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. 2001-ci ilin iyulundan 2013-cü ilin avqustunadək “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri, 2013-cü ilin sentyabrından 2016-cı ilin yanvarınadək isə Sumqayıt Bələdiyyəsinin mətbuat katibi vəzifələrində, ümumiyyətlə isə 36 il respublika mətbuatında böyük uğurla çalışmışdır. Artıq 7 ildir ki təqaüddədir.

O, 1985-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə respublika müsabiqələrinin qalibi olub, Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə və jurnalist hüquqlarının müdafiəsinə həsr olunmuş publisist yazılarına görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb. Ölkə rəhbərinin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adı verilib.

Heydər Əliyev şəxsiyyətinə və ideyalarına Rəhman Orxanın sədaqəti

O, mətbuatda çalışdığı bütün illər ərzində ölkə rəhbərliyinin daxili və xarici siyasətini dəstəkləyib, həmişə Azərbaycanımızın Dövlət müstəqilliyini təbliğ edib, dövlətçilik ideyalarına sədaqətlə xidmət etməyə çalışıb. Dünya şöhrətli siyasətçi, xalqımızın dahi, müdrik rəhbəri Heydər Əliyevin böyük şəxsiyyətinə daim dərin hörmət bəsləyərək, onun Moskva tərəfindən təqib edildiyi, AXC-nin hakimiyyətdə olduğu illərdə çalışdığı "Vışka" və "Bakinets" qəzetlərində Ulu Öndərin dühasının, siyasi qüdrətinin, müdrikliyinin təbliğatçısı olub. 1991-ci ilin Prezident seçkiləri zamanı bir jurnalist kimi Qubada və Qusarda yerli sakinlərlə görüşlərdə o vaxtkı hakimiyyətdən çəkinməyərək, ölkə rəhbərliyinə namizədlər sırasında ilkin olaraq Kremldəki vəzifəsindən uzaqlaşdırılmış Heydər Əliyevin adının da olmasını arzulayaraq və bunu seçicilər arasında təklif və təbliğ edərək, "mini-seçki" keçirmiş və o dövr üçün cəsarətli məqalələrlə "Vışka" qəzetində çıxış etnişdi (hakimiyyətdə olmadığı, adının çəkilməsinin belə yasaq edildiyi dövrlərdə Heydər Əliyevi qüdrətli bir dövlət rəhbəri kimi xatırladan, təbliğ edən yazılar vermək o zaman çox risqli idi). Təsadüfi deyil ki, Rəhman Orxan jurnalistlər arasında daim Heydər Əliyevçi kimi tanınıb.

1993-cü ilin 30 iyununda - Ulu Öndər yenidən Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdə onun böyük, qalibanə, əzəmətli qayıdışını baş redaktoru olduğu "Bakinets" qəzetinin ilk səhifəsində iri şəklini verməklə "ОН ВЕРНУЛСЯ!!." başlıqlı məqalə ilə ümumxalq sevinci kimi təqdim edib (yəqin ki, qəzetiin həmin nömrəsi oxucuların yadındadır). Qəzetin müdrik rəhbərimiz tərəfindən də böyük rəğbətlə qarşılanan, 18 min tirajla nəşr olunmuş həmin nömrəsi respublikada sürətlə yayılmış, geniş və xoş əks-səda doğurmuşdu (baxmayaraq ki, həmin xaotik dövrdə o, müxalifət qüvvələri tərəfindən cəzalandırıla da bilərdi).

2001-ci ildə Ulu Öndərə şəxsən təqdim olunmuş "Heydər Əliyev dühasının bəhrəsi: Azərbaycan-Yaponiya dostluğu" adlı 242 səhifəlik rəngli nəşrin, "Heydər Əliyev və Azərbaycan kimyası" kitabının tərtibçisi və redaktoru olmuş, "Bakinets" qəzetinin eyni adlı - "Heydər Əliyev və Azərbaycan kimyası" adlı xüsusi buraxılışını hazırlayaraq, nəşr etdirmişdir. Bunlardan başqa Rəhman Orxan son illərdə dövlət rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində Avropanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Sumqayıta həsr etdiyi "Dənizə doğru addımlayan şəhər - Sum qayıtdı!" kitabının və bir-neçə kitabın da müəllifi və redaktorudur.

Ermənilərin qisasçılığa hazırlaşdıqları Sumqayıt hadisələrindən cəmi iki ay sonra "Vışka" qəzetinin... sumqayıtlı müxbiri kimi onun Stepanakertə getmək istəyinin qarşısını ala bilmədim

O, çox tərs, inadkar adamdır. Xüsusilə hansısa bir məsələ xalqın taleyi, bugünü və gələcəyi ilə bağlı olduqda onun mübarizliyi, üsyankarlığı özünü daha qabarıq, daha mübariz şəkildə göstərir.

...1988-ci ilin aprelinin son günləri idi. Ağdam Dövlət Dram Teatrının baş rejissori- direktoru kimi iki "qaynar yer"in - Sumqayıtla Stepanakert adlı dağılmışın arasında idim. Hər iki tərəfdən nigarançılıq, narahatlıq vardı. Həmin qayğılı, sabahın bizə hansı "siyasi sürpizlər" hazırladığını bilmədiyimiz günlərin birində və narahat günlər yaşadığımız zamanda mənə xəbər verdilər ki, Sumqayıtdan bir jurnalist gəlib, sizi görmək istəyir. O günlər "yaralı" pələng kimi nər-nər nərildəyən doğma şəhərimin adını eşitcək, qonağı (bilməsəm də kim idi, hər halda sumqayıtlımız idi) özüm qarşılamaq üçün teatrın foyesinə çıxdım. Zənnimdə yanılmamışdım - gələn köhnə jurnalist dostum Rəhman Orxan idi. Səmimiyyətlə görüşüb-öpüşdük. Hal-əhval edərkən, ovqatının heç də yaxşı olmadığını, nigarançılıq keçirdiyini hiss etdim.

Sən demə, öz arzusu-istəyi ilə "Vışka" qəzeti redaksiyasından ezamiyyət götürüb, Xankəndinə getməyə hazırlaşaraq, ordakı vəziyyətlə bilavasitə tanış olub, qəzet üçün konkret faktlar əsasında materiallar yazmağa hazırlaşırmış. Heç fikrinə də gətirmirmiş ki, daşnak "mağarasına" aparan yollar təhlükəlidir - azərbaycanlıların maşınlarına daş-kəsəklə hücumlar olur, ölüm hadisələri də baş verir. Və Rəhman dostum ona görə pəjmürdə olmuşdu ki, bir qədər əvvəl rayon rəhbərliyi ilə görüşdə ona Stepanakertə getməməyi məsləhət görmüş və təbii ki, ora getmək üçün maşın da verməmişdilər.

Rayon rəhbərinin kabinetindən narazılıqla çıxaraq, ümidini taksilərə, təsadüfi maşınlara bağlamışdı. Lakin sürücülər ona səmimiyyətlə demişdilər ki, "qardaş, qonağımızsan, gözümüz üstündə yerin var, ancaq indi ora getmək xatalıdır, qoy bir az ara sakitləşsin, səni ora lap pulsuz apararıq". İstədiyinin alınmadığını görərək və Bakıya - redaksiyaya "əliboş" dönmək istəməyərək, son ümid yeri olaraq məni bilib, ona kömək edəcəyimə şübhə etməyərək, "raykom"un yanından bu biri taya adlayıb mənim yanıma - Teatra gəlmişdi.

Rəhmanın "tərs adam" olduğunu, istədiyinə nəyin bahasına olursa-olsun nail olduğunu hələ Sumqayıtda dostluq elədiyimiz vaxtlardan bilirdim. Ona görə də onu kabinetimə dəvət edib, çay içə-içə indiki vaxtda - Sumqayıt hadisələrindən sonra Xankəndinə getməyin onun üçün bir sumqayıtlı kimi təhlükəli olduğunu xatırladıb, onu fikrindən döndərməyə çalışdım. Dedim ki, “sumqayıtlı olduğunu ermənilər sənə bağışlamazlar, vəziyyət çox pis ola bilər”... Hətta ora Ağdamdan heç bir taksinin belə getmədiyini bildirdim. O isə mənə hövsələsizliklə qulaq asıb, bildirdi ki, nəyin bahasına olursa-olsun, o dağılmış Stepanakertə ("ora hələ Xankəndi deyil. Azad edərik, onda olar Xankəndi" - bu, Rəhman Orxanın dönə-dönə təkrar etdiyi fikirdir) getməlidir və orada nə baş verdiyinin özü şahidi olmalıdır. Onu da mənə qəti şəkildə bildirdi ki, piyada da olsa, hökmən ora gedəcək...

Aktyor dostlarımız da onu fikrindən daşındırmaq, Sumqayıtla, Qarabağla bağlı onları narahat edən suallar verməklə "başını qatmaq" istəsələr də, heç bir şey alınmadı - başı heç nəyə qatılmadı...

Onun inadkarlığını, israrlı təkidini görüb, qərara aldım ki, necə olsa da, dostuma hökmən kömək etməliyəm... Teatrımızda 5 avtobus vardı. Onların sürücülərini yanıma çağırdım və elə Rəhmanın yanında onlarla söhbət elədim, məsələni danışdım. Onlardan dördü Stepanakertə yox, hətta Əsgərana belə getməyə razılaşmadı. Amma biri Mətləb Mustafayev dedi ki, əgər qonağımız Bakıdan bura məhz o məqsədlə gəlibsə, onu can-başla ora aparar, ancaq orada qalıb, qayıtmasını gözləyə bilməyəcək, qonağı orada qoyub, geri qayıdacaq. Başqa sürücü Kamil Kərimov da ürəklənib, onunla birlikdə getməyə razılaşdı. Mən Ağdamın o vaxtkı birinci katibi və mənim ağsaqqalım olan Sadıq Murtuzayevə də bu barədə heç bir məlumat vermədən, öz həyatımı, sürücülərin və Rəhman Orxanın da həyatını risk qarşısında qoyub, onların düşmən içərisinə getməsinə "xaincəsinə" razılaşmalı olmuşdum...

Onlar getdilər. Düz 3 saata qədər narahatlıqla sürücüləri gözləməli oldum. Həmin vaxtlar hələ mobil telefonlar olmadığından onlarla əlaqə saxlaya bilmirdim. Çox çaşqın, narahat bir vəziyyətdə idim. Tutduğum işə görə həm özümü, həm də dostumu öz ürəyimdə möhkəm danlayırdım... Axır ki, sürücülər qayıdıb gəldilər. Mətləb Mustafayev dedi ki, Rəhman Orxan gəlmək istəmədi, dedi orda qalacaq və sonra da imkan olsa, Şuşaya gedəcək... Hətta onu da vurğuladı ki, gedəndə yolda Respublika prokurorlu işçilərinin maşınları Ağdamın “Qarağacı” qəbirstanlığının yanında xarab olub qalmışdı, Rəhman müəllim onları da həvəslənrirdi və onlar da bizim maşına minib Əsgərana kimi getdilər. Orada onların ardımca başqa maşın gəldi və həmin maşına minib getdilər. Biz Stepanakerdə gedəndə orada böyük mitinq keçirilirdi. Biz də maşını çox kənarda saxlayıb, həmin mitinqə qoşulduq ki, bizim azərbaycanlı olduğumuzu bilməsinlər...

Mən iki gün Rəhman Orxanı çox nigaranlıqla, əsəbiliklə gözlədim. Heç kimlə əlaqə saxlayıb, məsələni deyə bilmədiyimdən içimdə qovrula-qovrula qalmışdım, tutduğum işə "çox peşman" idim. Fikirləşirdim ki, bəlkə, erməni quldurları dostumu artıq qətlə yetiriblər?.. Əhvalım çox pis idi - özüm öz əlimlə onu ölümə göndərmişdim. Çünki erməni daşnakları satqın, xəyanətkar, murdar Mixail Qorbaçova arxayın olduqlarından hər cür azğınlıq edir, hətta Ermənistandakı həmvətənlərimizə divan tutur, onlara qarşı amansız, dəhşətli cinayətlər törədir, azərbaycanlıları vəhşicəsinə qətlə yetirirdilər. Düşündüm ki, özləri bilərəkdən törətdikləri, baiskar olduqları Sumqayıt hadisələrinin də "qisasını" yəqin Rəhman Orxandan alacaqlar...

Nəhayət, iki gündən sonra axşamçağı bütün bu ağır düşüncələr içərisində daxilən özümlə çək-çevir etməkdə ikən birdən nəzarətçi zəng vurdu ki, jurnalist Rəhman Orxan qayıdıb, sizi görmək istəyir. Bunu eşitcək, sevinclə tez otağımdan çıxıb, girişə doğru tələsdim. Onunla "şükr, şükr!" deyib, kövrələrərək görüşüb-qucaqlaşdım. Qoruq-qadağa bilməyən, "ipə-sapa yatmağa" vərdiş etməmiş dostumun "qurdlar, canavarlar vadisindən" sağ-salamat qayıdıb gəlməsinə çox sevindim. O, sifəti tüklü, bir qədər yorğun, sarsıntılı görünsə də, daxilən qalibanə görkəmdə, nikbin ruhda idi. Kabinetə keçdik. Dostum ötən iki gündə şahidi olduqları barədə mənə qısa şəkildə danışdı. Hətta onu da vurğuladı ki, son günlər Dağlıq Qarabağ vilayətinin İcraiyyə Komitəsinin sədri təyin edilən Gəncə ermənisi, azərbaycanca tərtəmiz bilən, lakin ətrafındakı erməniləri şübhələndirməmək üçün Rəhmanla qəsdən rusca danışan uca boylu, xoşxasiyyət adam sürücüsünü yanına dəvət edərək, onun cibinə "bir xışma" pul qoyaraq və xəlvəti daha "nə isə" qoyaraq (orda son dərəcə diqqətli olan Rəhman o "nə isə"nın tapança olduğunu görə bilmişdi. Görünür, gəncəli erməni daha başqa kiməsə də etibar etmədiyindən, bunu dostumun təhlükəsizliyi üçün edibmiş), onu öz xidməti maşınında Ağdama göndərmişdi.

O vaxtlar hadisələr təzə başladığından və daxilində insanlığını bir balaca da olsa qoruyub saxlamış sadə ermənilər kimi "ispolkom" sədrinin sürücüsü də "Qarabağ oyununun" əsl, məkrli mahiyyətini bilmədiyindən yol boyu Yerevan ermənilərinin, Suriya və Livandan gəlmiş erməni emissarlarının Qarabağda çoxlu ixtişaş törətmələrindən, azərbaycanlılarla dinc yanaşı yaşamalarına mane olduqlarından yana-yana danışırmış. Deyirmiş ki, "bizi dolandıran, meyvə-tərəvəzimizi verən ağdamlılardır. Biz niyə onlarla düşmən olmalıyıq ki? Mən Ağdam bazarına girəndə hərə bir yandan səsləyir ki, Mişa, xoş gəlmisən, gəl təzə yağ-pendir götür. Vallah, bəzən heç məndən pul da almırlar, deyirlər ki, qonaqsan, apar, halal-xoşun olsun! Mən belə qonşularımla niyə düşmən olmalıyam ki?".

Rəhman danışırdı ki, yazıq, bədbəxt Mişa yol boyu bizimkiləri, azərbaycanlıları tərifləyir, balalarının canına and içib, yerdən göyə qədər bizlərdən razılığını bildirir, Yerevan ermənilərinə və xaricdən gələn emissarlara lənət yağdırırmış. Stepanakertdəki çaxnaşmalara görə sadə ermənilər o vaxtlar çox peşimançılıq çəkir, bütün günahları məhz "gəlmə" ermənilərdə görürdülər...

Həmin gün qeyrətli, vətənpərvər dostumla bir müddət söhbət etdikdən sonra onu elə Mətləb Mustafayevin sürdüyü maşınla Ağdam Dəmir yolu vağzalına aparıb, Bakıya yola saldım...

Bir-neçə gündən sonra “Vışka” qəzetində və digər qəzetlərdə Rəhman Orxanın Qarabağ səfəri ilə bağlı yazıları çap olunmağa başladı. Həmin yazılar ermənilərə, sovet imperiyasına qarşı böyük üsyan idi...

1989-cu ilin dekabrında mən Ağdamdan qayıdaraq, yenidən Sumqayıt Dövlər Dram Teatrına rəhbərlik eləməyə başladım. Həmin vaxt Sumqayıt Teatrının bağlanmaq təhlükəsi yaranmışdı. Həmin günlərdə Rəhman Orxan bir dost və əsl sumqayıtlı kimi mənim yanımda oldu. Bizim Sumqayıt Teatrını dirçəltmək üçün gördüyümüz işləri tez-tez mətbuatda işıqlandırmağa və bizimlə birlikdə zavodlarda, fabriklərdə keçirilən görüşlərdə iştirak etməyə başladı, teatr və tamaşaçı ilə bağlı mətbuatda maraqlı yazılarla çıxış etdi. Axı, o, Teatrın bütün aktyorları ilə hələ 1968-ci ildən - Teatrın yarandığı vaxtdan dostluq edirdi və onlarla eyni yataqxanada yaşamışdı, bir yerdə çörək kəsmişdi. Elə həmin vaxtdan da Teatrın bütün tamaşalarını izləyirdi. Həmin vaxtlar onu hətta “Teatrın bir nömrəli tamaşaçısı” adlandırırdıq.

***

Bir jurnalist kimi Rəhman Orxanın Azərbaycan mətbuatında xüsusi xidmətləri vardır. Onlardan yalnız üçünü xatırlatmaq istəyirəm:

1. 1990-cı ilin noyabrında Moskvada məşhur həmyerlilərimiz - SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və uzun illər SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakovla görüşüb, Azərbaycan həqiqətlərinin MDB ölkələrində və xaricdə yayılması, düşmənlərimizin ideoloji təbliğatına qarşı mübarizə məqsədilə ictimai-siyasi "Bakinets" qəzetinin yaradılması ilə bağlı söhbətlər aparıb və onların xeyir-dualarını alaraq, 1992-ci ildən başlayaraq həmin qəzetin nəşrinə nail olmuşdur. Onların hər ikisi həmin qəzetin redkollegiyasının fəxri üzvləri idilər, elmi məsləhətçi isə görkəmli akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi.

Xarici oxucuları erməni vəhşiliklərinə, onların təcavüzkar, qaniçən bir "toplum" olduğuna inandırmaq, dünyanın ən qədim və mədəni xalq olduqları barədə iddialarının əsassız, uydurma olduğunu sübut etmək üçün 20-25 min tirajla nəşr edilən “Bakinets” qəzetiində Azərbaycan-türk müəlliflərinin yox, ilk növbədə xarici müəlliflərin – Vasiliy Lvoviç Veliçkonun, İlya Çavçavadzenin, Sergey Qlinkanın, Jorj de Malevilin, Aleksandr Qriboyedovun, İ. Kanadpevin, hətta bakılı erməni tədqiqatçısı R.Arakerlovun və digərlərinin təkzibedilməz faktlarla dolu tarixi əsərlərinə geniş yer verilirdi. Qəzet yalnız Azərbaycanda deyil, Rusiyada, Ukraynada, Belorusiyada, Moldovada, hər üç Baltikyanı ölkədə, Gürcüstanda, hətta Bolqarıstanda və İsraildə də yayılırdı. Qəzetin ABŞ və Kanadada, Monqolustanda da oxucuları vardı (qəzetin yayımına təmənnasız olaraq "Azərbaycan Hava Yolları " böyük köməklik göstərirdi).

2. Məhz Rəhman Orxanın redaktoru olduğu "Bakinets" qəzetində 1993-cü ilin noyabrının əvvəlində dərc olunmuş ifşaedici məqalədən sonra erməni generalı Sergey Karaoğlanov Rusiyanın "Oboroneksport" rəhbərliyindən kənarlaşdırılmışdı. Belə ki, Rəhmanın məqsədli şəkildə abunə olduğu "Известия" qəzetinin xüsusi əlavəsi olan "Финансовые известия"da bir gün həmin Karaoğlanovla müsahibəni oxuyarkən onun öz erməni "maxinasiyaları"nı, Ermənistana ən müasir silahlarla yardım etdiyini daşnak hiyləgərliyi ilə gizlətməklə Ukrayna və İrana əsassız olaraq ciddi iradlar bildirməsindən hiddətlənərək, "Кто командует продажей российского оружия? - Армянин" adlı geniş bir analitik-tənqidi yazı hazırlammışdı. Məqalə "Очнись, Россия, очнись!" sözləri ilə bitirdi. Həmin məqalə dərc olunduqdan sonra - 1994-cü ilin fevralında Rusiyanın Azərbaycandakı səfirliyindən aviasiya marşalı Yevgeni Şapoşnikova istinadən cavab məktubu göndərilmişdi. Rusiya üçün üzqarası olan faktın təsdiqləndiyi həmin rəsmi məktubda bildirilirdi ki, "Бывший начальник "Оборонэкспорт"a С. Караогланов от занимаемой должности освобожден и в "Росвооружении" никакого нового назначения не получил".

Bu, "Bakinets" qəzetinin çox böyük, mühüm qələbəsi idi. İlk dəfə idi ki, Azərbaycanın Rusiyaya ciddi iradı nəzərə alınaraq, erməni generalı "silah başındakı" vəzifəsindən azad edilmişdi. (Bu barədə həmin dövrdə “Bakinets” və “Vışka” qəzetlərində məlumat verilsə də, ermənilərlə rusları qarşı-qarşıya qoymamaq, xüsusilə də bu fakta görə ermənilərin Rusiyanı ittiham edərək, bundan sui-istifadə ilə əlavə siyasi “dividendlərə” nail ola bilməmələri üçün bu məlumatın geniş yayılması lazım bilinməmişdi).

3. Bakıda 20 yanvar qırğınının törədilməsinin bilavasitə erməni saxtakarlığının və siyasi hiyləgərliyinin nəticəsi olduğu da ilk dəfə Rəhman Orxan tərəfindən aşkar edilmişdi. Belə ki, o, “Vışka” qəzetinin xüsusi müxbiri kimi 1989-cu ildə yenə də məqsədli şəkildə (ermənilərin Azərbaycan haqqında fikirlərini, nə yazdıqlarını bilmək üçün) Ermənistanda rusca nəşr olunan “Kommunist” qəzetinə 1990-cı il üçün abunə yazılmışdı. Həmin qəzet məlum səbəbdən ona çox gec - yanvarın sonunda çatmışdı. Rəhman Orxan qəzetin 14 yanvar 1990-cı il tarixli nömrəsinə diqqətlə nəzər yetirərkən tam əmin olmuşdu ki, Moskvaya “20 yanvar” tapşırıq-mesajı hələ bir həftə əvvəl... Yerevandan verilmişdi. Belə ki, qəzetin həmin nömrəsinin ilk səhifəsinin aşağısında dərc olunmuş rəsmi məlumatda Ermənistanın

11-ci çağırış Ali Sovetinin sessiyasının “işində” sadəcə fasilə verilməsi (heç bir siyasi rəng qatılmadan) bildirilsə də, onun lap yuxarı hissəsində həmin informasiya siyasi şahmat gedişi edilərək, əsl erməni hiyləgərliyi, saxtakarlığı ilə SSRİ-nin satqın rəhbəri, xəyanətkar Mixail Qorbaçova ünvanlanmış rəsmi müraciətdə başqa cür yozulurdu. Guya ki, Bakıda, eləcə də keçmiş Xanlar rayonunda, Getaşendə və sairə ermənilərin qırğınlara məruz qaldığı “əsas gətirilərək”, Ermənistan Ali Sovetinin sessiyasının "öz işini dayandırmağa məcbur olduğu" iddia edilirdi (rusca: «…Верховный Совет Армянской ССР вынужден был прервать заседание сессии») və SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov-dan “ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi” xahiş edilirdi. Və bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistanın Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu. Təbii ki, ermənilərin qəzet satışa verilən gün yox, çapa hazırlanan gün - yəni yanvarın 13-də teleqram şəklində Kremlə ünvanladığı "həyəcanlı xahişi" nəzərə alınaraq, təcili surətdə - 7 gün sonra Sovet qoşunları Bakıya yeridilmiş, beləliklə də müdhiş 20 Yanvar qırğını törədilmişdi.

Belə bir faktın (bu barədə “Xalq qəzeti”ndə, “Vışka”, “Kaspi”, “168 saat” qəzetlərində və müxtəlf saytlarda da yazılar verilmişdir) Rəhman Orxan tərəfimdən aşkar edilməsi gələcəkdə erməni saxtakarlığını, onların riyakarlığını, siyasi ikiüzlülüyünü ifşa etmək üçün 90-cı ilin araşdırmalarında tarixçilərimizin istinad edə biləcəyi tutarlı, təkzibedilməz, unikal bir faktdır.

...Rəhman Orxan, mənim ona göndərdiyim suallara heç bir cavab yazmaq istəməsə də onun öz statusunda yazdığı bir sıra fikirlər ürəyimi ağrıtdı və ömrünü Azərbaycan mətbuatının inkişafı yolunda şam kimi əridən və yüksək vətənpərvər bir jurnalistdən belə etirafı, doğrusu, gözləmirdim. Deməli, yaşadığı həyat onu gör necə məcbur eləyib ki, heç vaxt heç kimi və hətta murdar ermənilərin qarşısında sınmayan Rəhman Orxan özünün 70 illik həyatında gördüyü bu qədər işlərin müqabilində demək olar ki, özünün qiymətini layiqincə ala bilmədiyinə görə artıq sınıb. Və özünün yubileyi ərəfəsində acı etiraflar etməyə məcbur olub. Onun etirafını bu essemin sonu kimi yazıma əlavə eləyirəm və istəyirəm ki, həm ölkə rəhbəliyi, həm mətbuatımıza rəhbərlik eləyən Mətbuat Şurası, həm Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və həm də imkanlı azərbaycanlılar bu haqda ciddi düşünsünlər... Onun status yazısı isə belə adlanır:

“Görəsən, 70 ildə mən nəyi düzgün etməmişəm?..”

Bu gün-sabah 70-i haqlayıram. Varım-dövlətim olan övladlarımdan və nəvəmdən, əsl dostlarımdan başqa heç bir sərvətim-dövlətim, malım-mülküm, heç velosipedim də yoxdur. Hazırladığım 10-dan artıq kitabın heç birini də çap etdirə bilməmişəm. Baxmayaraq ki, onlardan bir-neçəsi xalqımızın görkəmli oğullarına, o cümlədən sonuncu üçü ulu öndər Heydər Əliyevə, Sumqayıtın 70 illiyinə və İkinci Dünya Müharibəsində Qələbənin 75 illiyinə həsr edilib.

Həyatdan qazancım yalnız Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun təqdimatı ilə (mənim qətiyyən xəbərim olmadan...) Prezident İlham Əliyev cənabları tərəfindən 2016-cı ildə "Azərbaycanın Əməkdar jurnalisti" fəxri adına və 1994-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülməyimdir.

40 ildən çoxdur ki, respublika mətbuatında çalışıram. 25 ildən çox gizli saxlasam da (həm təvazökarlıqla, həm də erməni daşnaklarının o vaxtlar bilməməsi üçün), indi deyə bilərəm ki, 1994-cü ildə baş redaktoru olduğum, 20-25 min tirajla rusca nəşr olunaraq, Ermənistan və Orta Asiya respublikalarından başqa digər MDB ölkələrində yayılan "Bakinets" qəzetinin tənqidi çıxışından sonra Rusiyanın "Oboron-eksport" hərbi-sənaye kompleksinin rəisi, erməni general-mayor Sergey Karaoğlanov tutduğu vəzifədən çıxarılmışdı və bu barədə redaksiyamıza Rusiya səfirliyi SSRİ-nin aviasiya marşalı Yevgeni Şapoşnikova istinadən məlumat vermişdi. (İndiyə kimi Azərbaycanda heç bir milyoner və ya başqa kimsə Moskvada heç adi erməni pinəçisini də işdən çıxartdıra bilməyib. Mənim qəzetim isə Rusiyanın silah arsenalına rəhbərlik edən erməni generalının vəzifədən kənara atılmasına nail olmuşdu).

Və bu gün məndən sonra jurnalistikaya gələnlərin çoxunun malı-mülkü, dəbdəbəli bağ evləri, 2-3 mənzili, bir-neçə xarici maşını, obyektləri və sairələri var. Bəs, mənim niyə yoxdur? Məhz mənzilimizin darısqallığı üzündən yaşı 45-i ötmüş oğlum Azər bugünədək ailə qura bilməyib. Kitablarımın çapına da kömək etmək istəyən yoxdur (bir qohumum və bir dostumdan başqa).

Deyin, bundan sonra mənim yaşamağıma dəyərmi? 70 yaşıma kimi ailəm üçün heç nəyə nail ola bilmədimsə, qalan 2-3 ildə (o da qismət olarsa!) nə edə bilərəm ki?

Görəsən, 70 ildə mən nəyi düzgün etməmişəm?..

P.S. Əziz dostum Rəhman Orxan! Sən səhv etməmisən, həyatda hər şeyi düzgün etmisən. Öz xalqına, dövlətinə və dövlətçiliyə illərlə təmənnasız, sədaqətlə xidmət eləmisən. Sadəcə, bir çox naşı, istedadsız, jurnalistikadan xəbəri olmayan, ömrünü yalnız məddahlıqda keçirən bəzi “jurnalistlər" kimi olmamısan. Yəqin ki, sən də indi daha çox təltiflərə, mükafatlara layiq görülər, yaxşı təqaüd alardın. Əgər belə olsaydı, onda 10 kitabını da özün çap etdirərdin...

Dostum, Milli Mətbuatımızın 145 və sənin 70 illik yubileyin qeyd olunduğu bu günlərdə sən, yenə də yada düşmədin. Bax buna da çox heyfisləndim. Bəzi bədxahlar yenə də sənin qarşına kötük atdılar…Heç bir ordenə, medala layiq görülmədin… Bilmirəm yeni ev bölgüsündə yada düşəcəksənmi?..

Nə etmək olar… Sənə bircə şey arzu edirəm: qoy qadir Allah sənə səbr, dözüm və sağlamlıq versin. Həmişə coşub-daşan istedadın heç vaxt tükənməsin. Çünki sənin kimi vətənrərvər jurnalistlər, fədailər bu millətə hələ çox lazımdır…

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi