Prezident İlham Əliyev: "Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə, bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək"
Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirərək, onu dövrün tələblərinə, zamanın çağırışına uyğun olaraq, daha da zənginləşdirib. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində ölkəmizdə tarixi layihələr icra olunub. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub: “Avtomobil yollarının çəkilişi ilə bağlı bir neçə önəmli layihə həyata keçirilir. Onlardan biri Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsidir. Sumqayıtdan Rusiya sərhədinə gedən yeni dördzolaqlı yolun tikintisi aparılır və hesab edirəm ki, ilin sonuna qədər bu yol da istifadəyə veriləcək. Astara-İran sərhədi avtomobil yolunun tikintisi də gündəlikdədir”.
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.
Məhz dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxlaq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmini istiqamətində böyük layihələr reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulur.
Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Avtomobil yollarının yenidən qurulması beynəlxalq əməkdaşlıqda, yüklərin tranzit daşınmasında da mühüm rol oynayır. Təsadüfi deyil ki, 2020-ci ildə də bu istiqamətdə mühüm layihələr reallaşdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə regionlara növbəti səfəri çərçivəsində Qobustan, İsmayıllı, Balakən, Şəki, Qəbələ rayonlarında olmuş, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar hər bir rayonda tikintisi başa çatmış sosial obyektlərin, infrastruktur layihələrinin açılışını edib, görülən işlərin keyfiyyətinə nəzarət edib. Eyni zamanda, yerlərdə əhalini narahat edən məsələlərlə maraqlanıb.
Bu faktı da vurğulamaq lazımdır ki, son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çox milyardlıq investisiyalar qoyulub. Bütün bunları nəzərə alan cənab Prezident sistemli şəkildə kəndarası yolların yenidən tikilməsi barədə də sərəncamlar imzalayır. Hər bir belə sərəncamların televiziya və KİV- lər vasitəsilə elan olunması isə, o bölgələrdə yaşayan on minlərlə insanın sevincinə səbəb olur. Dəfələrlə müxtəlif insanların bir-birini təbrik etməsinin, ölkə başçısına minnətdarlıq etdiklərinin şahidi olmuşuq.
Bütün bunlar isə, yerləşdiyi coğrafi ərazidən asılı olmayaraq, dövlət başçısının bütün regionların inkişafına eyni səviyyədə doğma münasibətinin göstəricisidir.
"Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir"
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobusların gətirildiyini və bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalı olduğunu demişdir: «Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar. Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır. Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir".
Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcəkdir.
Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Məhz bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.
Göründüyü kimi, dövlət başçısını vurğuladığı rəqəmlər sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfsən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.
Qısqanclıqla qarşılanan həqiqətlər…
Göründüyü kimi, bütün çətinliklərə baxmayaraq, məhz ölkə Prezidentinin düşünülmüş siyasətinin nəticəsidir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada bir sıra müxalifət funksionerləri koronavirusla bağlı aparılan uğurlu addımları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müəyyən cəhdlər göstərsələr də xalq öz Prezidentinə inanır. Çünki ölkə Prezidentinin apardığı uğurlu islahatlar ölkəmizin inkişafına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanmışdır.
RƏFİQƏ KAMALQIZI