Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi şəhidlərin ruhuna ehtiram, dövlətimizə, ordumuza dəstək yolunda silsilə layihələrini davam etdirir. SİA-nın məlumatına görə, iyulun 28-də mərkəz tərəfindən “Muzeylər və müasir Azərbaycanın hərb tarixinin şanlı səhifələri” adlı videokonfrans keçirilib.
Mərkəzin sektor müdiri Pakizə Almazovanın moderatorluğu ilə keçirilmiş tədbirdə xalqın tarixi yaddaşının qorunması və formalaşması istiqamətində muzeylərin artan rolu haqqında geniş diskussiyalar aparılıb.
Alimlər qeyd ediblər ki, tarixin səhifələrini özündə təcəssüm edən muzeylər bu gün müasir Azərbaycanın hərb tarixini yaşadacaq elmi-tədqiqat mənbələri olmalıdır. Hərb işinə aid hər hansı bir məlumatı özündə əks etdirən yazılı mənbələr hərb tarixi üçün qiymətli materiallardır və ona görə də qədim mənbələrin, hərbi fikir tarixinin araşdırılması da hərb tarixinin öyrəndiyi sahələrdən biridir. Hərb tarixi müharibələrin meydana gəlməsi qanunauyğunluqlarını, onların gedişini və nəticələrini, təzahür xüsusiyyətlərini, tarixdəki ictimai yerini, mürəkkəbliyini və ziddiyyətlərini, iqtisadi-siyasi səbəblərini, məzmun və məqsədini, müharibələrin aparılmasında xalq kütlələrinin və ayrı-ayrı şəxslərin rolunu və digər məsələləri öyrənir.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Quba rayon Tarix-diyarşünaslıq muzeyin nümayəndəsi Məryəm Hacıyeva təmsil etdiyi qurumların fəaliyyətindən bəhs edərək, muzeylərin uğurları və saxlanılan bəzi eksponatlar haqqında konfrans iştirakçılarına məlumat veriblər. “Hər bir eksponat bir tarixdir,” – deyən polkovnik bütün dövrlərdə orduya qarşı xalqın ehtiramını vurğulayıb.
Daha sonra mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “müharibə şəraitində yaşayan ölkənin hər bir vətəndaşı özünü dövlətin əsgəri kimi hiss etməlidir” sözlərini deyərək bu gün gənclərimizin səfərbərliyə hazır olduğunu xüsusi olaraq vurğulayıb. Ölkəmizin hərb tarixinin öyrənilməsi Azərbaycan haqqında dünyaya həqiqətlərin çatdırılması qədər önəmli vəzifə olduğunu bildirən A.Usubəliyev mövcud istiqamətdə bütün potensialların səfərbər olmasının vacibliyini bildirib.
Alimlərin, mədəniyyət müəssisələrinin, xüsusilə də muzeylərin və sözsüz ki, hərbi ekspertlərin birgə səyləri nəticəsində mövcud istiqamətdə əsaslı nəticələrin əldə olunmasının mümkün olduğunu bildirən iştirakçılar, mütləq olaraq bu kimi layihələrin gələcəkdə də davam etdirilməsini təklif ediblər.
Daha sonra tədbir fikir mübadiləsi və konkret təkliflərin səsləndirilməsi şəraitində davam edib.