Təklənmiş Ermənistan Azərbaycan və Türkiyənin hərbi gücü qarşısında diz çökür ANALITIK

28 İyul 2020 14:31 (UTC+04:00)

KİV-lər Paşinyanın adamlarının yalanlarını üzlərinə vurur və ölkələrinin ciddi təhlükə altına düşdüyünü car çəkirlər

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nəhəng miqyaslı hərbi təlimətə start verməsi xəbəri işğalçı Ermənistanın hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməyə başlayıb. Belə ki, reallıqdan çıxış edən bir sıra erməni şərhçiləri hakimiyyətə yaxın deputat və siyasi təhlilçilərdən fərqli olaraq, hadisələrin heç də onların xeyrinə inkişaf etmədiyini etiraf edirlər. SİA xəbər verir ki, bu barədə armenianreportun təqdim etdiyi məqaləsində də qeyd edilir. Belə ki, parlamentin “Mənim addımım” fraksiyasının rəhbəri, baş nazir Nikol Paşinyanın ən yaxın adamı kimi tanınan deputat Lilit Makuntsun sözügedən hərbi təlimlərin ölkəsində təlaş yaratmaması üçün irəli sürdüyü gülünc iddialarına, məhz adıçəkilən erməni saytındakı məqalədə dolğun cavab verilib.

Armenianreport “Mənim addımım” blokunun rəhbəri Lilit Makuntsun yalanlarını üzünə çırpır

Qeyd edək ki, L.Makunts bir müddət əvvəl sərsəmləyərək, Azərbaycanın guya öz Silahlı Qüvvələrinə etibarının olmamasına görə Türkiyəni münaqişəyə (Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ-R.R.) cəlb etməsi istiqamətində addımlar atdığını bildirmişdi. O, hətta Türkiyənin bu addıma getməyəcəyini də iddia edərək bildirmişdi ki, adıçəkilən ölkə tərəf kimi münaqişədə iştirak etməyəcək və s. Amma...

Amma Ermənistanda çox insan bu fikirlərlə razı deyil və bu xüsusda armenianreportdakı qeydləri incələyəməyə dəyər. Misal üçün, məqalədə qeyd olunur ki, məhz L.Makuntsun öz fikirlərini səsləndirdiyi gün Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə arasında olan hərbi əməkdaşlığa müvafiq olaraq, Naxçıvanda quru qoşunlarının və hərbi hava qüvvələrinin birgə iştirakı ilə iri miqyaslı, habelə döyüş atışları ilə taktiki yay təlimləri keçiriləcək. Birgə təlimlərdə hər iki ölkənin ordularına məxsus şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minomyotlar, eləcə də hərbi aviasiya, havadan müdafiə vasitələri cəlb olunacaq.

Erməni müəllif: “Məhz həmin şərti düşmən bizim ordudur və bu, gerçəkləşmiş faktdır”

SİTAT: “Yəni türk qoşunları atrıq Naxçıvandadır. Əgər bu, türk tərəfinin Ermənistana yaratdığı təhlükəsi demək deyilsə, bəs nədir?! Bilmirəm, xanım Makunts kursdadır ya yox, amma bu kimi təlimlər şərti düşmənə qarşı keçirilir. Məhz həmin şərti düşmən bizim ordudur və bu, gerçəkəlşmiş faktdır. Hansı ki, Azərbaycan-Türkiyə birgə zərbələri bizim ölkəmizin ərazisinə ən rahat şəkildə vurula bilər. Bundan əlavə, rəsmi Ankara heç vaxt öz planlarını gizlətməyib. Bu baxımdan, “Mənim addımım” fraksiyanın rəhbərinə yenidən nələrisə xatırlatmağa məcburam”.

“Rusiya və KTMT Türkiyənin sərt bəyanatlarına adekvat cavab vermədi”

Müəllif yazmağa davam edir: “Türkiyə heç vaxt və heç zaman dost və qardaş xalqları təhlükələrlə təkbaşına buraxmayacaq” – prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin dövlət idarəçiliyinin dəyişdirilməsinin 2-ci ildönümündəki mərasimdə çıxış edərkən bəyan edib. “Suriyanın şimalında və Liviyada olduğu kimi, dostlarımızın köməyinə çatmaq üçün qərarlıyıq. Türkiyə Ermənistanın hücumları fonunda təxirə salınmadan Azərbaycanı dəstəkləyəcək”, türkiyəli prezident deyib. Ermənistana bundan da açıq şəkildə təhdid ayrı cür necə izah etmək olar?! Halbuki, qeyd etmək istərdim, Rusiya və KTMT-də olan müttəfiq ölkələr tərəfindən adekvat olaraq bu kimi sərt cavablar verilmədi. Eləcə də NATO rəhbərliyi cavab vermədi, ancaq məntiqlə yanaşdıqda, biz bu alyansın üzvü olan ölkə tərəfindən təhdid olunmuşuq. Özü də Türkiyə tərəfindən bu cür bəyanatların sayı kifayət qədərdir. Məgər L.Makunts bütün bunları görməyib?! Məgər hakimiyyətdə olarkən başını quma salmaq istəyi problemin həllinə zəmanət verir?!”

Erməni müəllif məhz erməni həyasızlığı ilə dünya ictimaiyyətnin baş verənlərə biganə qaldığını şikayət edib

Armenianreport xatırladır ki, bu yaxınlarda Azərbaycanın müdafiə nazirinin müavinləri - general-polkovnik Kərəm Mustafayev və digər müavini, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər etmişdilər. Erməni müəllif həmin səfərin Tovuzda baş verən hadisələr zamanı reallaşdığını qeyd edərək yazır ki, hakimiyyət bundan da nəticə çıxarmalı idi. “Lakin onlar (erməni hökuməti-R.R.) lazım olan tərzdə reaksiya vermədilər”, müəllif yazır: “Ancaq həmin vaxt azərbaycanlı hərbi məmurlar Tütkiyənin müdafiə sənayesinin direktoru İsmayıl Demirlə görüşüblər. Hansı ki, bu görüşdən sonra o özünün Tvitter səhifəsində yazımışdı: “Bizim PUA-lar, bizim raketlər Azərbaycanın xidmətindədir”.

Müəllif bu fikirləri təbii ki, erməni həyasızlığı ilə öz ölkəsinə təhdid kimi qiymətləndirib və eyni zamanda, həmin Türkiyənin NATO-nun üzvü olduğunu xatırladıb. Eyni zamanda, bu halda da dünya ictimaiyyətinin (?!) adekvat reaksiyasının olmamasını şikayət edib.

Erməni müəllif davam edir: “Qələbə onda olur ki, düşmənin strateji yüksəkliklər ələ keçirilir, bu isə baş verməyib”

“Ancaq bunun yerinə, “Mənim addımım” fraksiyasının rəhbərliyi tərəfindən qeyri-adekvat reaksiya var”, xatırladan armenianreport yazır ki, onlar Türkiyənin tərəf kimi münaqişədə iştirak etməməsi qənaətindədirlər: “Mən sadəcə ən kiçik məna axtarmağa çalışıram ki, onlar öz rəhbərləri qarşısında xidmət göstərmək üçün öz bəyanatlarında nəyi demək istəyiblər? Bu, nəinki səhv fikirdir, həm də kritik və təhlükəli yoldur”.

Armenianreportun müəllifi hakimiyyətin ölkədə eyforiya atmosferi yaratmağa çalşdıqlarını da yazaraq qeyd edir ki, baş verən hadisələrdə qələbə əldə olunmayıb və heç bir yüksəklik və s. ələ alınmayıb. SİTAT: “Qələbə onda olur ki, düşmənin strateji yüksəklikləri ələ keçirilir, bu isə baş verməyib. Qarşı tərəfin hərbi əməliyyatlardan imtinası, daha müfəssəl desək, kampitulyasiyası da olmayıb...”

Real və dürüst etiraf: “Biz bir dəfə Azərbaycan Ordusunu doğru-dürüst qiymətləndirməməyimizin ağır nəticəsini görmüşük”

Erməni təhlilçi bütün bunların yerinə Azərbaycanın türk müttəfiqləri ilə birgə gücünü artırdığını bildirir və bu gücün Ermənistana, eləcə də “DQR”ə təhlükə saçdığını etiraf edib. O cümlədən, Paşinyan hakimiyyətinin mövcud təhlükəni rədd etməsini səhv və cinayət adlandırıb. Lakin bu da son deyil...
Armenianreport Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfərini də xatırladıb. SİTAT: “Biz bir dəfə Azərbaycan Ordusunu doğru-dürüst qiymətləndirməməyimizin ağır nəticəsini görmüşük. Haraya çevirsək də, 2016-cı ilin aprelində düşmən bir sıra əraziləri tutmağa müvəffəq oldu. İndi isə o açıq şəkildə həmin istiqamətdə vurmaq niyyətindədir. Eyni zamanda, Naxçıvan istiqamətindən də. Və Türkiyə bu məsələdə açıq şəkildə dəstək göstərir və göstərməyə davam edəcək. Lakin gəlin-görək, Rusiyanın dəstəyi necə olacaq – bax bu, böyük sualdır. Xüsusilə, mövcud hakimiyyət (Paşinyan iqtidarı-R.R.) olmazın dərəcədə müttəfiqimizlə münasibətləri pozub. Ancaq Lilit Makunts əlbəttə ki, heç vaxt bu barədə danışmayacaq...”.

Rövşən RƏSULOV