Kökü üstdə bitməyən ot və ya anoloqu olmayan naxələflik

27 İyul 2020 13:56 (UTC+04:00)

Yaşadığımız dünyada çox, lap çox qəribəliklərlə qarşılaşmışıq. Haqqın nahaq üzərində, müvəqqəti olsa belə qələbəsinə də şahidlik etmişik, göz görə-görə qatığı qara adlandıranları da görmüşük, aslandan törəyib çaqqal olanları da tanımışıq. Amma indi gördüyümüz, eşitdiyimiz,içimizdən qovrula-qovrula müşahidə etdiyimiz naxələfliyin dünya tarixində anoloqu olmayıb, güman ki, bundan sonra da olmayacaq.

Hayların Tovuz təxribatının ardınca dünyanın bir sıra ölkələrində - ABŞ-ın Los-ancelos şəhərində, Belçikada, Polşada, Fransada və erməni lobbisinin güclü olduğu digər bölgələrdə dinc Azərbaycan əsilli vətəndaşlara, eləcə də Azərbaycanın səfirlik və konsulluqlarına qarşı ermənilərin törətdikləri zorakəıqlar hər kəsi son dərəcə hiddətləndirir. Təbii ki, hiddətimizlə, qəzəbimizlə addımlar atıb düşmənin və onu vassal edənlərin əlinə təbliğat rıçaqı verməməliyik. Əksinə, erməniçiliyin, erməni vandallığımın nə demək olduğunu bu hadisələrdən istifadə edib dünyaya yaymalıyıq. Burası məlum. Amma məlum olmayan, adamda hiddətlə yanaşı qeyri-adi kədər və təəssüf hissi yaradan odur ki, okeanın o tayında oturub bu hadisələrin məhz Azərbaycan tərəfindən təşkil olunduğunu deyən “azərbaycanlı” da var.

Əslində atasını (ən azı rəsmi sənədlərə əsasən)tanımasaydıq, onun həqiqətən azərbaycanlı olduğuna şübhə edərdik. Amma neyləyəsən ki, atasına görə onun erməni olduğunu da iddia edə bilmirik. Mən 20 noyabr 1991-ci ildə, Qarakənd üzərində vurulan helikopterdə şəhid olmuş Osmən Mirzəyevi şəxsən tanıyırdım. Qarabağda apardığı çəkilişlərdə hər zaman onun ən yaxın bələdçisi olmuşam. Bütün varlığı ilə vətəninə, millətinə bağlı, qorxmaz, hünərli biri idi rəhmətlik. İllərdir ki, ABŞ-da oturub Azərbaycana, Azərbaycan dövlətinə qarşı piyar kompaniyasının önündə getməsinə rəğmən, məhz ağır günlərdə dəfələrlə çörək kəsdiyim bir qeyrətli kişinin qızı kimi, onun barəsində susmağa üstünlük verirdim. Düşünürdüm ki, cavandı, hələ qanmır, yaxşını pisdən ayırmaqda çətinlik çəkir. Nə vaxtsa ağlı başına gələcək, elədiklərinin tək özünün deyil, əslinin, şəcərəsinin, başlıcası Vətən naminə canından keçmiş atasının adına ləkə vurmaqdan çəkiləcək. Amma, atalar demiş, sən saydığını say, gör fələk nə sayır! Bu dəfə son hadislərlə bağlı elə iyrəncliklər törətdi ki, artıq susmağa təhəmmülüm qalmadı...

Əminəm ki, onun son çıxışlarından hər kəsin xəbəri var. Tək-tük xəbəri olmayanlara da mən xatırladım. Sitat: “Bütün bunların arxasında Azərbaycan dövləti dayanır, rəsmi Bakı törədir bütün bunları...” Sitata son!

Bunu şəhidimiz Osman Mirzəyevin qızı Sevinc deyir. Los-Anncelosda, Belçikada baş verənləri , yəni ermənilərin Azərbaycanlılara hücumlarını şərh edib də, sonunda həmin sözləri deyir. Sən demə Azərbaycan dövləti, “rəsmi Bakı” erməni lobbisi ilə, ASALA erməni terror təşkilatı ilə (Əstəğfurullah) iş birliyi qurub, öz millətini döydürürmüş! Anlayırsınızmı məntiqi? Gələk ora ki, Osmandan olub Osman adına ləkə vuran, kökündən ayrı düşmüş xanımın bu sözləri niyə deməsinə! Təbii ki, bunları özbaşına demir. Biz həmişə demişik, yenə deyirik, xaricdə oturub Azərbaycana qarşı qarayaxma kompaniyası aparanların hər birinə maliyyə ya ermənilərdən gəlir, ya da ermənipərəst qüvvələrdən. Sevincin də apardığı piyar kompanıyasının maliyyə mənbəyinin erməni olduğu elə onun bu çıxışından aksioma çevrildi. İnsan zatını,kökünü nə qədər ayaqlar altına atar ki, öz millətinə, öz dövlətinə qarşı bu qədər qənim kəsilsin? Yazımın əvvəlində də qeyd etdiyim kimi, tarix çox xəyanətlər görüb. Düşmənlə gizli dostluq edib onlara hərbi sirləri verənlər də olub, hakimiyyətdən narazı olub onun əleyhinə kompaniya aparanlar da olub, amma açıq-aşkar düşmənin mövqeyindən çıxış edib, bütün dünyaya öz millətini vəhşi, barbar təqdim etməyə cəhd eliyən birinci dəfə görürük. Xəyanətin də bir həddi-hüdudu var. Bu adamın özünün özünə dəyər verən biri olmadığını çoxdan bilirdik, Amma şəhid ailəsi kimi şərəfli, ali statusu olan bu “xanım”ın belə müqəddəs ada da dəyər verməməsi çox, həm də çox cansıxıcıdı. Axı bir şəhid övladının, həm də ermənilər tərəfindən şəhid edilmiş bir kişinin övladının dili necə gəlir bu sözləri söyləməyə? Özü də indiki həssas dönəmdə! Hakimiyyətdən narazı olmaq da təbiidir, hakimiyyəti tənqid etmək də təbiidir. Hakimiyyət milyonlarla insanın hər birini istədiyi kimi yaşada bilməz və bu dünyanın bütün ölkələrində belədir. Ancaq hakimiyyətə olan etirazını millətinə, xalqına, dövlətinə ən iyrənc qarayaxma ilə izhar eləmək nə insanlığa yaraşır, nə mənsub olduğu kökə.

Xülasə, Sevincin bu çıxışı ilə bağlı bir kitab nifrət səpələyə bilərdim. Amma burda fikirlərimə yekun vurub bir-iki klmə ilə tamamlamaq istəyirəm. Atalarımız otun kökü üstdə bitdiyini deyiblər. Dünya o qədər dəyişib ki, öt artıq özünün deyil, başqasının kökü üstdə bitir – Sevinc Osmanqızı kimi! İnsan dosta da xilaf çıxa bilər, qonşuya da, qohuma da, son məqamda elinə,obasına da. Bu da pislənən naxələflikdir, təbii. Millətinə, dövlətinə, nəslinin, şəcərəsinin adına, ən sonda müqəddəs şəhid varisi adına naxələfliyin anoloqu yoxdur.

Bunu da bir adam bacardı – Sevinc Osmanqıxı! Dünyanın sonumu gəlir, görəsən?

Təhmasib Novruzov