Dietoloq: "Yay qışın azuqəsini və sağlamlığını toplamaq üçündür" ÖZƏL - AÇIQLAMA

21 İyul 2020 12:18 (UTC+04:00)

"Yay qışın azuqəsini və sağlamlığını toplamaq üçün var. Bu həyatda heç nə daimi olmadığı kimi karantin də bir ömür boyu bizimlə olmayacaqdır. Hər işdə bir xeyir axtararaq, müsbət keyfiyyət axtararaq əhvalımızı yaxşı tutmalıyıq. Çünki, əhvalımız yaxşı olarsa sinirlərimiz də rahat olar". Bu sözləri SİA-ya açıqlamasında dietoloq, ANDOP təlimçi və təlimlər üzrə layihə rəhbəri Gülşən Rzayeva deyib.

"Bəli, təəssüf ki, karantin rejimi hələ də bizimlədir. Mütəxəssislərimizin apardığı bir sıra əməliyyatlara, görülən işlərə, karantin rejiminin sərtləşdirilməsinə və s. baxmayaraq hələ ki, COVID-19 bizimlədir. Biz bu gün də təhlükənin öhtəsindən gəlmiş hesab edilmirik. Lakin, bu son deyil, insanlara qəti şəkildə əhval-ruhiyyələrini pozmamalarını və daima ruh yüksəkliyini saxlamalarını tövsiyyə edirəm.

Belə ki, vətəndaşlarımıza artıq günlük icazə saatlarından istifadə edərək ən azı 1 saat təmiz havada gəzmələrini və bu, 1 saatın 15-20 dəqiqəsini sırf günəş şüaları altında keçirmələrini tövsiyyə edərdim. Bundan başqa hal-hazırda mövsümün ən gözəl çağıdır və demək olar ki, bütün meyvə və tərəvəzlərin yetişdiyi aylardır. Mən daha çox meyvə-tərəvəzlərə üstünlük vermələrini istərdim. Günün birinci yarısında bol-bol mövsüm meyvələrindən istifadə edilməsini, günü ikinci yarısında isə bol-bol tərəvəz tükətilməsini məsləhət görərdim".

Dietoloq Gülşən Rzayeva vurğulayıb ki, vitamin və minerallar immun sistemimizin qalxanıdır, çünki, yay fəslinin bizə verdiyi nemətlərdən günəş şüası, isti hava, meyvələr, tərəvəzlərdən şəraitdən asılı olmayaraq mütləq şəkildə istifadə etmək lazımdır:

"Yay ayları məhz buna görə var. Yay qışın azuqəsini və sağlamlığını toplamaq üçün var. Bu həyatda heç nə daimi olmadığı kimi karantin də bir ömür boyu bizimlə olmayacaqdır. Hər işdə bir xeyir axtararaq, müsbət keyfiyyət axtararaq əhvalımızı yaxşı tutmalıyıq. Çünki, əhvalımız yaxşı olarsa sinirlərimiz də rahat olar. Bu zaman isə heç bir xəstəliyi özümüzə yaxın buraxmamış oluruq. Xüsusilə, bildirmək istərdim ki, yuxu rejiminə diqqət etmək lazımdır. Çünki, son zamanlar melatoninin immuniteti gücləndirdiyi elmi təqqiqatlarla təsdiqlənmişdir. Epifiz vəzimizin sintez etdiyi melatoninin düşməni işıqdır. Yuxu normamız olan 7-8 saatı mütləq şəkildə axşamlar və qaranlıqda yatmaq lazımdır".