Faytonçu Nazim Olqanın sürücüsü oldu

4 May 2011 20:20 (UTC+04:00)
Dünən müğənni Faytonçu Nazim (Pişyarinin) klip təqdimatı keçirilib. SİA-nın Milli.Az xəbər portalına istinadən verdiyi məlumatına görə, müğənni "Gün keçdi" bədii filminin saundtreki olan "Bir axşam..." mahnısına çəkdirdiyi klipi sənət dostlarına və jurnalistlərə təqdim edib. Tədbir zamanı həyəcanlı və sevincli görünən Nazim kliplə bağlı Milli.Az-a danışdı:
"Mahnı "Gün keçdi" bədii filminin saundtrekidir. Mahnını rejissor Ülviyyə Könül ekranlaşdırıb. Göründüyü kimi, klipdə tərəf müqabilim Olqa adında xanımdır. Olqa Ukraynanın tanınmış modeli və aktrisasıdır. Bir çox seriallarda iştirak edib. Onu məxsusi olaraq Ukraynadan klip çəkilişlərinə dəvət etmişik. O, 2 gün çəkiliş üçün 2000 avro qonorar alıb. Bunu da ictimaiyyətdən gizli saxlamırıq", - müğənni bildirdi.

Nazim onu da qeyd etdi ki, klipdə taksi sürücüsü Elçin rolunda çıxış edir. Onun sözlərinə görə, taksi sürücüsü olmasına baxmayaraq, "Mersedes S-Klass" markalı avtomobili idarə edir.

Məlumat üçün bildirək ki, klipin süjet xətti gecikmiş məhəbbətin nostalji hisslərindən bəhs edir və mahnını ilk dəfə xalq artisti Flora Kərimova ifa edib. Klipin ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Ülviyyə Könüldür.

Nəzərinizə çatdıraq ki, tədbir maraqlı məqamlarla diqqəti cəlb edirdi. Belə ki, bir vaxtlar soyuq münasibətdə olan Nazim və Elariz tədbirdə bir-birinə "qardaş" deyə müraciət edir və şəkillər çəkdirirdilər. Bundan əlavə, aktrisa Naina İbrahimovanın tədbirə gec gəlməsi, rejissor Kənan M.M-in klipi qıraqdan tək izləməsi, Nazimin hər bir qonaqla şəkil çəkdirməsi diqqətdən kənarda qalmadı.

Xatırldaq ki, teleaparıcı İlkin Həsəninin aparıcılığı ilə gerçəkləşən tədbirdə Flora Kərimova, Akif İslamzadə, İlqar Muradov, Lalə Məmmədova, Kənan M.M, Arzu Rzayev, İlqar Sahil, Elariz Məmmədoğlu, Naina İbrahimova, Rahib Azəri və başqa sənətçilər də iştirak edirdi.