"Ordumuz düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək" ÖZƏL-MÜNASİBƏT

21 İyul 2020 11:18 (UTC+04:00)

"İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisin binasına qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi, qanunverici orqanın əmlakına zərər vurması, həmçinin sosial şəbəkələr üzərindən yayılan dezinformasiyalar təsadüfi hadisə olmayıb". Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.

Deputatın fikrincə, bütün bunlar öncədən planlaşdırılmış təxribatın nəticəsidir: "Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilib. Məqsəd Azərbaycanı 1990-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da, yeni ərazi işğallarına şərait yaratmaq perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir. Amma Azərbaycan polisinin operativ reaksiyası nəticəsində təxribatçılar ərazidən kənarlaşdırıldılar. Onların bir qisminin kimliyi müəyyənləşdirilib, digərləri də aşkar olunacaq. Heç kəs məsuliyyətdən kənarda qalmayacaq. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, söhbət Vətəndən, torpaqdan, ümummilli məsələlərdən gedəndə heç bir güzəştdən söhbət gedə bilməz. Bu təxribatda günahı olan hər kəs hüquqi müstəvidə layiqli cəzasını alacaq. Bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, həmrəylik hökm sürür, xalq-hakimiyyət birliyi monolitdir. Xalq öz Prezidentini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan Ordusu Ali Baş Komandanın qarşıya qoyduğu istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır. Azərbaycan cəmiyyəti inanır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”.