Pərviz: “ “Survivor"da məğlubiyyətim tələ idi” FOTOLAR

20 İyul 2020 11:30 (UTC+04:00)

Türkiyənin "TV 8" kanalında yayımlanan "Survivor 2020" yarışmasında iştirak edən kikboks üzrə dünya çempionu Pərviz Abdullayev bu gün Vətənə qayıdıb. SİA-nın məlumatına görə, Abdullayev Azərbaycan üçün çox darıxdığını bildirib: "Nəhayət ki, səkkiz aydan sonra Vətənimdəyəm. Amma çox təəssüf ki, burda vəziyyət gərgindir. Dünyasını dəyişmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın və xalqın başı sağ olsun. Bildiyiniz kimi, bununla bağlı "Survivor" iştirakçıları da video çəkərək, başsağlığı veriblər. Çox təəssüf ki, Acun Ilıcalı o an yanımızda deyildi, yoxsa o da bizə qoşulardı".

P. Abdullayev "Survivor" yolundan danışıb: "Mən əslində finala qədər getməliydim, amma alınmadı. Məğlubiyyətim tələyə bənzədi. O, video da 25 milyon izlənildi. Düşünürəm ki, gələcəkdə "All star"da iştirak edəcəm. Türkiyədə şəhərdə gəzərkən bir çoxları mənimlə şəkil çəkdirirdi. Bu vaxta qədər 1 miliyona yaxın mesaj almışam. Məndən hətta üzr istədilər ki, "Survivor"da yolumu davam etdirə bilmədim. Türkiyədə həm sadə, həm də məşhur insanlar məni tanıyırlar. İnanın ki, mən həyatda necəyəmsə, orda da eləydim. Aktyorluq eləməmişəm.

Yarışmadan sonra bəzi tanınmışlar onların məşqçisi olmağımı istədilər. Soner Sarıkabadayı, Demet Akalınla çox yaxın dostluğumuz yarandı.

Acun Ilıcalının mənə son sözü "get, uşaqlarının yanına, onlar sənin üçün çox darıxıblar" oldu.

Mən daha çox Barışın qalib olmasını istəyirdim, amma türk xalqı onu qalib etdi. Cemal Can xarakter baxımından yox, amma performans tərəfdən güclü idi".

Pərviz Abdullayev həmkarları tərəfindən dəstək görmədiyini də xüsusi vurğulayıb: "Məncə, bizim idmançılarımızdan məndən başqa heç kim "Survivor"a gedə bilməz. Bir çox idmançı dostlarımdan dəstək görmədim. Daha çox türk məşhurlar mənimlə bağlı paylaşımlar elədi. Bu, mənim üçün problem deyil, amma kənardan müşahidəmi elədim və nəticəni gördüm. Bundan sonra da onlara qarşı münasibətim fərqli olacaq. Məncə, bu, tək mənim yox, Azərbaycanın uğuru idi. Ona görə də paylaşımlar olmalıydı".