"Ermənistan bu son dövrlərdə sosial şəbəkələrdə ya vətənpərvərlik hissini itirmiş şəxslərdən istifadə etməyə çalışır, ya da bizim informasiya məkanına yalan məlumatlar buraxmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, indi informasiya müharibəsi dövrüdür və kim informasiya məkanını daha çox tutursa, həqiqətlərini çatdıra bilirsə o artıq xeyli dərəcədə rəqibini üstələmiş olur: "Azərbaycan torpaqlarının bir hissəsini itirib. Ermənistan işğalçı dövlətdir. 1 milyon 200 min məcburi köçkünümüz var. Bütün bunlar faktdır. Bu, həm ölkə daxilində həm də ölkə xaricində kifayət qədər açıq təbliğ edilir. Ermənistan isə bunun əvəzinə yalan, şantaj, böhtan xarakterli məlumatlar orrtaya qoymağa çalışır. Son dövrlərdə isə sosial şəbəkələrdə ya vətənpərvərlik hissini itirmiş şəxslərdən istifadə etməyə çalışır, ya da bizim informasiya məkanına yalan məlumatlar buraxmağa çalışır. Bunların içərisində azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş şəxslər azərbaycanlıların sosial şəbəkədə müzakirələrinə daxil olaraq mövzunun səmtini dəyişmək, yalan məlumatlar yaymaq, iqtidara qarşı inamsızlıq yaratmağa çalışırlar. Eyni zamanda vətəndaşalarımızın vətənpərvərlik hissini, dövlətə, torpağa, orduya bağlılıq hissini də karıxdırmağa çalışırlar. Qeyd edim ki, vətəndaşlarımız bu məsələlərdə qətiyyət göstərirlər. Lakin bununla belə hədsiz dərəcədə sayıq olmaq lazımdır. Ortaya atılan hər hansı bir sensasiya xarakterli materialı mütləq şəkildə dəqiqləşdirməyə ehtiyac var".
Aydın Mirzəzadə vurğulayıb ki, müharibə və ordu ilə bağlı istənilən informasiyanın kim tərəfindən səsləndirildiyinin, nə səbəbdən deyildiyinin fərqinə varmaq lazımdır: "Bunun üçün xüsusi hərbi, siyasi, diplomatik biliklərə malik olmaq kifayət deyil. Güya, haradansa eşidilib, hardansa məlumat alınıb kimi verilən fikirlər əlbəttə ki, narahatlıq doğurmalıdır. Hesab edirəm ki, bu məsələdə Azərbaycan vətəndaşlarının kifayət qədər təcrübəsi var. Bununla belə yenə də diqqətli olmaq, sayıq olmaq, düşmənin içimizə şübhə toxumu səpməsinə imkan verməmək, eyni zamanda, əqidəsi korlanmış, milli vətənpərvərlik hissindən uzaq olan, satqınçılıq meylində olan şəxslərin də təbliğatında diqqətli olmaq, onlara layiqli cavab vermək lazımdır".