Azərbaycan Ermənistanı bu ölkədəki atom elektrik stansiyasına zərbə endirməklə hədələyir. SİA xıbır verir ki, bu barədə Ermənistana məxsus lragir.am saytında bildirilir.
Sözügedən erməni saytında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözləri hədə kimi işıqlandırılır.
"Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan ordusunun malik olduğu ən müasir raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir", deyə erməni xəbər saytı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin sözlərindən sitat gətirir. Həmçinin qeyd olunur ki, bu sözləri Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin Mingəçevir su anbarına zərbə endirə biləcəyi ilə bağlı iddialarına cavab olaraq deyib.
Ermənistana məxsus xəbər saytı Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbərinin digər sözlərini də sitat gətirir.
"Mingəçevir su anbarının yerləşdiyi ərazinin relyefi, aparılan möhkəmləndirmə işləri, həmçinin mövcud hava hücumundan müdafiə sistemləri düşmənə strateji obyektimizi vurmağa imkan verməyəcək", deyə Ermənistana məxsus lragir.am saytı Vaqif Dərgahlının sözlərindən statları yayımlayır.
Xatırladaq ki, Metsamor Atom Elektrik Stansiyası Ermənistan ərazisindədir və hələ uzun illər bundan əvvəllərdən belə qəzalı vəziyyətdədir. Onun qəzalı vəziyyətdə olması, istifadəyə yararsızlığı barədə mütəxəssislərin rəylərinə baxmayaraq həmin stansiya hələ də istifadədədir.
Qeyd etmək yerinə düşərdi ki, dəfələrlə Metsamor AES qəza səbəbindən təmir edilibsə də yenə də təhlükə mənbəyi olaraq qalır və bir sözlə, Ermənistanın, bütövlükdə ermənilərin ən yaralı yeridir. Nəzərə alsaq ki, həqiqətən də bu stansiyanın partlaması, dağılması, yaxud stansiyada baş verə bilən qəza ermənilər üçün böyük fəlakətdir, məhz bu baxımdan işğalçı ölkənin təlaş, qorxu içərisində olduğu başadüşüləndir. Elə buna görə də bütün Ermənistan ən zəif və "yaralı yerindən" vurulacağından bərk qorxuya düşüb.