Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir İlham Əliyev

16 İyul 2020 16:53 (UTC+04:00)

Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır".