"2020-ci ilin dövlət büdcəsindən sosial sahəyə xüsusi diqqət göstəriləcək" ÖZƏL - AÇIQLAMA

16 İyul 2020 15:40 (UTC+04:00)

"2020-ci ilin birinci yarısının yekunları onu göstərdi ki, pandemiya və neft bazarındakı qiymətlər Azərbaycan iqtisadiyyatına təsir göstərsə belə ölkənin qeyni-neft sektorundakı pozitiv tendensiya davam edib. Bu ilin birinci yarısında ümumdaxili məhsulda 2,7 faiz azalma qeydə alınıb. İnkişaf etmiş digər ölkələrlə müqayisə etsək bu azalma məqbul hesab edilə bilər. Çünki pandemiya bütün dünyada neftin qiymətinə təsir etdi və Azərbaycanın "OPEK+" qarşısında müəyyən öhdəlikləri var idi. Pozitiv tendensiya ondan ibarətdir ki, qeyri-neft sənayesində 11 faizdən çox artım olub. Eyni zamanda kənd təsərrüfatında 2,2 faizlik artım qeydə alınıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, bu xüsusilə qeyri-neft sektorunun pandemiya dövründə iqtisadiyyatdakı drayver rolunun davam etməsindən xəbər verir: "2020-ci ilin birinci yarısında sosial istiqamətlərdə ayrılan vəsaitlərin həcmində azalmalar müşahidə edilməyib. İctimai iş yerlərinin sayının rekord səviyyədə artmasını müşahidə etmişik. 2020-ci il üçün 40 min nəzərdə tutulmuşdusa ölkə Prezidentinin göstərişi ilə bu rəqəm 90 minə çatdırıldı. Eyni zamanda özünüməşğulluluq proqramının da əhatə dairəsi genişlənir. Artıq 12 min ailəni bu proqramı əhatə edir. Ünvanlı sosial yardımdan faydalananların sayında da artım var. Həmçinin, orta aylıq əməkhaqqı da bu gün 25 faiz artıb".

Millət vəkilinin sözlərinə görə, ən vacib məqamlardan biri dövlət büdcəsinin gəlirlərində tam şəffaflığın təmin edilməsi ilə bağlıdır: "Bu da nəticə etibarilə gömrük və vergi kimi mənbələrdən daxilolmalara birbaşa təsir göstərib. İdxalın 2015-ci il ilə müqayisədə dəyişməməsinə baxmayaraq idxal məhsullarından büdcəyə daxilolmalar 2015-ci ilin uyğun dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artıb. Bu da təbii ki, şəffaflığın gücləndirilməsi və artırılması ilə bağlıdır. Eyni zamanda iqtisadiyyatın ağarması dövlət büdcəsi üçün yeni imkanlar yaradır. Dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir göstərir ki, büdcə gəlirlərində də bu özünü göstərir".

Vüqar Bayramöv qeyd edib ki, Azərbaycan BMT-nin dayanıqlı inkişaf indeksində əvvəlki illərlə müqayisədə irəliləyərək 54-cü yerdə qərarlaşıb və bu region ölkələri arasında ən yaxşı göstərici hesab olunur: "Sözsüz ki, növbəti dövr üçün həm büdcə gəlirlərinin strukturunda, eyni zamanda, dövlət büdcəsində ayırmalarda artıq müasir çağırışlara uyğun olaraq yeni yanaşma tətbiq olunacaq. Xüsusilə də 2020-ci ilin dövlət büdcəsindən sosial sahəyə xüsusi diqqət göstəriləcək. Bu istiqamətdə ayrılmış vəsaitin həcminə də təsir edəcək. Eyni zamanda sosial layihələrlə yanaşı stratejik infrostruktur layihələrinin də icrası növbəti aylarda, eləcə də 2021-ci ildə təmin olunub. 2020-ci ilin birinci yarısının yekunları onu göstərdi ki, Azərbaycan pandemiyanın zərərlərini minimumlaşdırmaqla yanaşı çevik reaksiya nümayiş etdirən ölkələrdən biridir. Pandemiya ilə bağlı həyata keçirilən paketlər stratejik əhəmiyyət daşıyır. Növbəti aylarda, eləcə də, post-pandemiya dövründə sahibkarların və vətəndaşlarımızın daha yaxından dəstəklənməsi həyata keçiriləcək. Bu baxımdan, xüsusilə də qeyri-neft sektorundakı artımla pandemiyanın iqtisadiyyata təsirlərini minimumlaşdırmaq mümkündür. Növbəti dövrlərdə də bu məsələ prisoritet olaraq qalacaq".