“5-ci kolon”un təxribatı cəbhədə erməni təxribatından fərqlənmir

16 İyul 2020 13:04 (UTC+04:00)

Bütün milli və dövlətçilik maraqlarına qarşı erməni maraqları prizmasından baxan dağıdıcı müxalifət və “5-ci kolon” un tör-töküntüləri yenə də fəallaşıblar. Yenə də şər və böhtan kampaniyası aparır və vəziyyətdən istifadə etməklə, ölkədə gərginlik yaratmağa çalışırlar. Xüsusilə də, cəbhədə erməni təxribatının qarşısı qüdrətli Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb, hərb tariximizə növbəti qələbə yazdıqdan sonra, pozucu müxalif ünsürlər ciddi narahatçılıqlar keçirməyə başlayıblar. Bu səbəbdən də, müxtəlif çirkin vasitə və üsullardan istifadə etməklə, insanların vətənpərvərlik əhvali-ruhiyyəsini pozmağa çalışırlar. Çünki onlara xaricdəki anti-Azərbaycan dairələrindən tapşırıq bu şəkildə gəlib. Siyasi şantaj və pozuculuqla məşğul olmağa daha çox üstünlük verən dağıdıcı müxalifət və “5-ci kalon” un tör-töküntüləri iyulun 14-də zor gücünə Milli Məclisin binasına daxil olaraq şüşələri, çilçıraqları qırıblar və digər dağıntılar törədiblər. Daxili İşlər Nazirliyi Milli Məclisin inzibati binasının qarşısında baş verənlərlə bağlı 7 nəfərin saxlandığını bildirib. DİN-in yaydığı məlumatda deyilir ki, "saxlanan şəxslərə qarşı Cinayət Məcəlləsinin "kütləvi iğtişaş" və "hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə" maddələri ilə cinayət işi başlanıb, istintaq gedir". Məlumatda o da vurğulanır ki, bəzi şəxslər asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıblar: “"Daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub".

Ermənidən betər ermənilər

Təbii ki, hüquqazidd addımlar yolverilməzdir və bu cəbhədə erməni təxribatına daxildəki dağıdıcı ünsürlərin həmrəyliyi kimi qiymətləndirilir. Haqlı olaraq cəmiyyətin bütün təbəqələri, ictimaiyyət nümayəndələri bir qrup yürüş iştirakçısının parlamentin inzibati binasına daxil olmasını təxribat kimi qiymətləndiribər. Dağıdıcı ünsürlər o dərəcədə azğınlaşıblar ki, artıq erməni maraqlarını açıq şəkildə müdafiə etməkdən çəkinmirlər. Hətta həyasızcasına sosial şəbəkələrdə canlı yayımlar etməklə, ordumuza qarşı qarayaxma kampaniyası aparır və bununla da ermənidən betər erməni olduqlarını nümayiş etdirilər. Məhz bu kimi real faktlar bir daha onu sübut edir ki, dağıdıcı müxalifət və “5-ci kolon” un tör-töküntüləri nə yolla olursa-olsun ölkəmizi yenidən ötən əsrin 90-cı illərində olduğu xaos və anarxiya girdabına sürükləmək istəyirlər. Bununla da həm də, onların gerçək üzləri ortaya çıxır və onlar elə özləri-özlərini ifşa etmiş olurlar. Ancaq əminliklə demək olar ki, onların bəd niyyətləri heç zaman reallığa çevrilməyəcək. Çünki, bu gün güclü və qüdrətli, möhkəm əsaslara malik Azərbaycan var. Burada kiminsə və ya hansısa qüvvənin öz çirkin niyyətini reallaşdırılmasına imkan verilə bilməz. Azərbaycan Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xalqın ürəyindən olan və israrla tələb etdiyi bir fikri söylədi: "Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz".

Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır: "Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir”.

“Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır”

Dövlət başçısı bildirib ki, döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar: “Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə

məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Artıq tədricən sular durulmağa və bir sıra qaranlıq məsələrin üstünə işıq salınmaqdadır. Bəlli olmaqdadır ki, “5-ci kolon”un aksiya iştirakçıları arasına soxularaq təxribatlar törətməyə cəhd etmələrinin arxasında xarici maraqlı dairələr dayanır. Bunu “Azərbaycan saatı”, “Osmanqızı ”internet televiziyalarını və qondarma təbliğat maşınlarının canlı efirlərinə çıxıb, ağıllarına deyil, ağızlarını gələn həqarətləri sələndirən Arif Məmmədovun, İsa Sadıqovun, Əli Kərimlinin, Cəmil Həsnlinin, Arif Hacılının və digərlərinin çıxışlarına fikir verməklə aydınlaşdırmaq olar. Yəni, açıq şəkildə görünür ki, daxildəki “5-ci kolon”nun üzvlərini təlimatlandıran, onları təxribatlar, qarşıdurmalara məcbur edənlər kimlərdir.

“Beşinci kolon”un təmsilçiləri, anti-milli qüvvələr, erməni lobbisindən qidalanan yaramazlar öz elədiklərinə, söylədiklərinə, yazdıqlarına baxıb utansınlar və bilsinlər ki, tarix də, zaman da, qanun da belələrinin cəzasını mütləq verəcək. Enində-sonunda verəcək”. Bunu “Səs” qəzetinə açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, antimilli qüvvələrin, “söyüş müxalifəti” adlandırdığımız kəslərin bu cür həssas məqamda da nadürüst davranışı, qaraguruh yöntəmi onunla bağlıdır ki, bu adamlar özlərini, fikirlərini, mahiyyətlərini çoxdan yad yerlərə, hansısa missiyalara, ciblərə, mərkəzlərə təslim ediblər: “Belələrinin götürdüyü öhdəliklərin ampluası hər zaman olduğu kimi bu gün də xaos təşviqindən, təxribatçılıqdan, yalandan, söyüşdən, pislikdən, asayişi pozmaq cəhdlərindən və sair bu kimi anti-milli fəaliyyət növlərindən ibarətdir”.

Bir sözlə, ermənilərlə həmrəylik nümayiş etdirən “5-ci kolon”un təmsilçilərinin kimliyi və hara bağlı olduqları məlumdur. Qalır, hüquqi tədbirlərin görülməsi. Yəqin ki, hüquq-mühafizə orqanları bu məsələdə qətiyyət göstərəcək və cinayətkarlar layiq olduqları cəzanı alacaqlar. Çünki, düşmənlə ağır döyüşlərin getdiyi bir məqamda iğtişaş törədənlərə, qarşıdurmalar yaradanlara güzəşt etmək, sonrakı mərhələdə ağır nəticələrin yaranmasına gətirib çıxara bilər.

İ.ƏLİYEV