"Ermənistanın hərbi təxribatı məhz iyulun 12-də törətməsi təsadüfü deyil"

16 İyul 2020 12:36 (UTC+04:00)

Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

Ermənistanın Azərbaycanla sərhəddəki hərbi təxribatının məhz iyulun 12-də törədilməsinin təsadüfü olmadığını bildirən dövlətimizin başçısı deyib: “İndi Ermənistanda bunu başqa hadisələrlə əlaqələndirirlər. Mən bu məsələyə toxunmaq istəmirəm. Çünki mən heç vaxt ailə məsələlərinə toxunmamışam və heç kimə məsləhət görmürəm. Amma mən hesab edirəm ki, iyulun 10-da artıq rəsmən açıq elan edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyası bunun əsas səbəbi olub. Çünki, bu, ölkəmizin növbəti böyük uğurudur, növbəti böyük qələbəsidir, 130 ölkə bizi dəstəklədi. Azərbaycan o ölkədir ki, gündəliyi zəbt etmiş COVID-19 məsələsi diqqətə gətirildi, iki böyük Zirvə görüşü keçirildi və ondan sonra BMT-nin Baş Assambleyasının xüsusi sessiyası. Budur səbəb”.

“Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”

Ermənistanın hərbi təxribatı məhz bu vaxtlarda təsadüfən törətmədiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, düşmənə layiqli cavab verildi. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir.

“Onu da bildirməliyəm ki, baxmayaraq, kəndlərimiz atəşə tutuldu, ağsaqqal həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma bizdə olan operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, bəzi şəhərlər boşaldılır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.