Sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşanlar saxlanılıb VİDEO

16 İyul 2020 12:01 (UTC+04:00)

Şəmkirdə sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Şəmkir rayon ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimlikləri müəyyən edilib. Belə ki, araşdırmalarda məlum olub ki, rayon sakinləri İdris Həsənov və Hidayət Hidayətli müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanılaraq RPŞ-yə gətirilib, profilaktiki söhətlər aparılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Həsənov 20, H.Hidayətli isə 10 gün müddətinə inzibati qaydada həbs edilib.