"Təxribatçı cəzasız qala bilməz" - ÖZƏL - RƏY

16 İyul 2020 12:06 (UTC+04:00)

İyulun 12-də cəbhədə Ermənistanın təxribatına Azərbaycan ordusunun sərt və qətiyyətli cavab verməsindən sonra, erməni maraqlarına xidmət edən müxalifətyönümlü şəxslər və saytlar qarayaxma kampaniyasına başlayıblar. Hətta şəhidlərimizin anım mərasimdə kütlə arasına soxulan vətənşüvənlər təxribatlar törətməyə və polis əməkdaşlarına qarşı zorakılıq aksiyaları törətməyə cəhd göstərdilər. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın əksər aparıcı müxalifət partiya sədrlərinin indiki şəraitdə bütün siyasi iddialarını kənara qoyub Ali Baş Komandanın ətrafında birləşmək çağırışları məni çox sevindirdi: “Əslində bu, məhz ölkə başçısının tapşırığına uyğun olaraq son vaxtlar siyasi partiyalarla aparılan dialoqun nəticəsidir. Yəni siyasi mövqeyindən asılı olmayaraq düşmənə münasibətdə bütün siyasi qüvvələrin vahid mövqe nümayiş etdirməsi, milli və dövlətçilik maraqları ətrafında birlik nümayiş etdirməsi təqdirəlayiq haldır ki, buna da sevinməmək mümkün deyil. Lakin həmin partiyaların da mövqeyinə zidd olaraq bir sıra qüvvələrin, xüsusilə xaricdə oturub erməni lobbisinin maliyyəsi ilə ölkəmizə qara yaxanların fəaliyyətlərini daha da genişləndirmələri təəssüfedici haldır və içində vətəninə, xalqına, dövlətinə sevgi olan hər kəs bundan ciddi narahatçılıq keçirir. Əslində, nə baş verir? Biz hər zaman deyirdik ki, bu adamlar xaricdəki anti-Azərbaycan qüvvələrin əllərində istifadə etdikləri morianetkalardı, kimlərsə bizi qınayırdı. Ancaq indiki halda erməni dəyirmanına su tökməyin artıq başqa adı yoxdu. Bu, milli xəyanətdi, milli şərəfsizliyin ən son həddidir. Baxın, iyulun 12-də erməni təxribatı başlandığı andan təkcə Azərbaycanın bütün təbəqələrdən olan vətəndaşları deyil, dünyada Azərbaycana dost münasibət bəsləyən dövlətlər, beynəlxalq qurumlar Ermənistanı birmənalı qınadıqları halda, bunlar az qala düşmənə haqq qazandırmağa çalışırlar. Və bunu açıq edə bilmədiklərindən döyüş bölgəsində baş verənlər haqqında əsası olmayan dezinformasiyalar yayırlar. Bununla da dolayısı ilə ermənilərin məkrli planlarına dəstək vermiş olurlar”.

T.Novruzov bildirdi ki, zor gücünə Milli Məclisə daxil olub, oradakı əşyaları sındırmaq, polis maşınlarını əzmək, şüşələri sındırmaq təxribatdan başqa bir şey deyil: “Bu kimi anormal hadisə də belə ermənipərəst qüvvələrin birbaşa təşkilatçılığının nəticəsidir. Xalq kütlələrinin cəbhədə, səngərdə döyüşən əsgər qardaşlarına, atalarına, oğullarına kütləvi dəstək verməsi təbiidir və gecə çağlarında meydanlara axışmaları vətənə sevgidən irəli gələn məqamdır. Ancaq qaragüruh olaraq belə aksiyaların keçirilməsi marığa yatan qüvvələrin əlinə fürsət verdi və dərhal bundan özlərinin və erməni lobbisinin istəyinə uyğun yararlandılar. Polis maşınlarına hücum, Milli Məclisin binasına zorla daxil olmaq və sair bu kimi təxribatlar həmin qüvvələrin içimizdə də kifayət qədər olduğunu açıq-aydın göstərdi. Şübhə etmirəm ki, bu ünsürlər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacaq və qanunun ən sərt üzü ilə cəzalarını alacaqlar. Lakin xalq da bu cür aksiyalara əl atanda belə qüvvələrin törədəcəkləri təxribatı, bu təxribatın cəbhə bölgəsinə vuracağı mənfi zərəri hesaba almalıdırlar. Əgər 5 il əvvəl bütün xarici dairələrdə erməni tərəf müdafiə olunurdusa və bu gün artıq dünya, birmənalı olaraq, Azərbaycan həqiqətlərinin yanında yer alırsa, bu, indiki hakimiyyətin uğurlu siyasətinin nəticəsi kimi qəbul edilməlidir. Atılan hər bir addımda da iqtidarın, xüsusilə Ali Baş Komandanın mövqeyi ciddi şəkildə nəzərə alınmalıdır. Bu ünsürlər məhz xaricdəki “söyüş komandası” ilə eyni mənbədən qidalananlardır ki, hər iki tərəfə təxribatları gücləndirmək tapşırığını da verən həmin anti-Azərbaycan qüvvələrdir. Xalqımız indi həmişəkindən daha ayıq-sayıq olmalı, ordumuza və Ali Baş Komandanımıza dəstək verməklə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir”.