Beyəlxalq Dialoq və İnkişaf Alyansı Bəyanat yayıb

16 İyul 2020 11:55 (UTC+04:00)

Beyəlxalq Dialoq və İnkişaf Alyansı 14 iyul 2020 tarixində Bəyanat yayıb. Bu barədə SİA-ya Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova məlumat verib.

Alyansın sədri qeyd edib ki, Bəyanat ABŞ Ağ Ev nümayəndələrinə, senatotlara, ATƏT PA üzvlərinə, AŞPA üzvlərinə, BMT Baş Katibinə, NATO üzvlərinə və digər beynəlxalq təşkilatlara ünvanlanıb.

“12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatları davam etdirir. Bu, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının daha bir sübutudur. Ermənistan Azərbaycanla sərhəddə yerləşən mülki şəxslərə atəş açır. Uşaqlar, qadınlar yaşlı insanlar üçün təhlükə altındadır. 25 ildən çoxdur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, ABŞ-ın qanunverici orqanlarını, BMT Təhlükəsizlik Şurasını, ATƏT-in Minsk Qrupunu, AŞPA-nı və bütün dünya ictimaiyyətini Azərbaycanın Tovuz bölgəsində artan təcavüz barədə xəbərdar edirik. Dünya güclərini və beynəlxalq təşkilatı erməni özbaşınalığına və işğalına son qoymağa çağırırıq.

30 ilə yaxındır ki, Azərbaycan erməni işğalçılarının hərbi təcavüzü, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzədir. Azərbaycana qarşı hərbi təcavüzün genişlənməsi nəticəsində ölkəmizin ayrılmaz hissəsi olan və ona bitişik yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan işğal edildi. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 20000 Azərbaycan vətəndaşı öldürüldü və torpaqlarımızın 20% -i işğal edildi, bir milyon iki yüz mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı, yüzlərlə insan əsir və girov götürüldü.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan Ermənistana sanksiyalar tətbiq edilməsi qaçılmaz olduğu halda Dünya niyə susur? İşğala son!”, deyə Bəyanatda yazılır.