"Vətəndaş olaraq borcumuz düşmənə qarşı vahid mövqedə birləşməkdir" Sevinc Hüseynova

16 İyul 2020 11:25 (UTC+04:00)

“Bu gün Azərbaycan güclü, beynəlxalq müstəvidə böyük nüfuza sahib olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illər ərzində möhtəşəm nailiyyətlər əldə edib. Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifidir. Təbii ki, bu amil işğalçı Ermənistanı narahat etməyə bilməz. Son günlər Ermənistanın törətdiyi təxribatın əsasında duran amillərdən biri də budur”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən düşmən danışıqların da formatını kobud şəkildə pozur.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu işğalçılara layiqli cavab verdi, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi: “Ermənistan ordusunda ruh düşkünlüyü çox yüksəkdir. Zabitlər və əsgərlər döyüşməkdən imtina edib qaçmaq istəyirlər. Lakin onlar məcburən saxlanılır və həbs edilirlər. Bunu erməni ordusundakı təlaşı, nəzarətsizliyi əks etdirən onlarla videoların yayılması da təsdiqləyir. Bu kimi videoları təkcə sadə ermənilər deyil, zabitlər özləri də yayırlar”.

S.Hüseynovanın fikrincə, Ermənistandan fərqli olaraq Azərbaycan xalqında və ordusunda döyüş ruhu çox yüksəkdir: “Döyüşlər başlayandan biz xalqın coşğusunun necə yüksək olduğunu görürük. Ötən günlər ərzində respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirilir, torpaqlarımızın işğaldan azad edilməsi üçün vətəndaşların müraciətlərini eşidirik. Eyni zamanda, şəhidlərin ruhuna böyük ehtiram göstərilir. İyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirildi. Amma kiçik bir qrup təxribat edərək Milli Məclisin binasına hücum edib. Binaya daxil olaraq inzibati binaya maddi zərər yetiriblər. Əlbəttə ki, bu hadisə əvvəlcədən düşünülmüş bir təxribat olub, ermənilərin və ermənipərəst dairələrin maraqlarına hesablanıb. Şübhə yoxdur ki, bu təxribatda beşinci kolon əsas rol oynayıb. İndiki zamanda vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda, məkrli təxribatçı qrupların dağıdıcılığa istiqamətlənən addımları qəti şəkildə qəbulolunmazdır. Bu xəyanətdir və öncəliklə, şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlikdir. Ona görə də, bu cür hallar yolverilməzdir və təxribatçılar cəzalandırılmalıdır”.

Millət vəkilinin sözlərinə görə, vəziyyətlə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat qəbul etməsi çox təqdirəlayiq haldır: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Ermənistan və ermənipərəst dairələr bilməlidir ki, Azərbaycan güclü dövlətdir, ölkəmizdə möhkəm sabitlik mövcuddur. Xalqımız cənab Prezidentin ətrafında sıx birləşib. Bu birliyi heç bir qüvvə poza bilməz!”.

S.Hüseynova deyib ki, bizim də vətəndaş, millət olaraq borcumuz düşmənə qarşı vahid mövqedə - Ali Baş Komandanın ətrafında birləşib şəhidlərimizin ruhunu şad etmək, vətən təəssübkeşliyi, vətəndaş həmrəyliyimiz ilə örnək olmaqdır: “Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəhclə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”. yap.org.az