Güclü ordu və güclü Ali Baş Komandan - TƏHLİL

16 İyul 2020 11:08 (UTC+04:00)

Küçə “demokratı” Paşinyanın puç olan planları

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları bağlı dərin narahatlıqlar ifadə edilməkdədir. Ancaq Azərbaycanın güclü ordusu təxribatın qarşısını aldı, düşmən geri oturduldu və canlı qüvvəsi, texnikası məhv edildi.

Belə bir sual yaranır: görəsən niyə məhz ermənilər Tovuz istiqamətini seçiblər? Cavab bəllidir- çünki bu nöqtə Azərbaycan Ermənistan sərhəddidir. Əgər Azərbaycan Ordusu hücuma keçsə, ermənilər haray salaraq KTMT-dən yardım istəyəcəklər. Amma ermənilərin unutduğu bir məqam da var, Azərbaycanın çox güclü ordusu, çox savadlı Ali Baş Komandanı, hər şeyi dəqiqliklə analiz edən hərbi-siyasi elitası var.

Eyni zamanda, Ermənistanın küçə “demokratı” Paşinyan da gözəl bilir ki, Ermənistan koronavirusun cəngində çabalayır, ölkədə narazılıq pik həddə çatıb, Qarabağ klanı revanşa hazırlaşır, getdikcə reytinqi aşağı düşür. Bunun üçün isə daxili gərginliyi ört-basdır etmək üçün ən asan çıxış yolu sərhəddə təxribat törətməkdir. Nəticə nə oldu? Paşinyanın planları fiaskoya uğradı. Bu günə kimi, Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.

Çox təəssüf hissi ilə qeyd edirik ki, ordumuzun qətiyyəti içimizdə olan bəzi anti-milli ünsürləri ciddi narahat edir. Düşmən dəyirmanına su tökən, öz xislətindən əl çəkməyərək ordumuzun və rəhbərimizin yanında olmaq əvəzinə təxribatçılıqla məşğul olan, ermənilərin əlinə oynayan, dövlət müstəqillyimizin qəsdinə duran qüvvlərin tapşırığını canfəşanlıqla yerinə yetirən, vətəninə və xalqına xəyanət edən, Şuşanın və Laçının işğalında birbaşa əli olan Rəhim Qazıyev təxribatçı əməllərinə görə cavab verməlidir.

Elə də uzaq olmayan yaxın tarixdə onun səriştəsiz Müdafiə naziri kimi hansı bacarığa və ağıla sahib olduğunu yaxşı görmüşük. Torpaqlarımızın itirilməsində birbaşa əli olan, bu səriştəsiz və məsuliyyətsiz adamın çıxışları bizlərdə hiddət və qəzəb doğurur. Onun Azərbaycana etdiyi xəyanətini xalqımız unutmayıbdır.

Aqil Məmmədrv: “Ermənistanın təxribat üçün dövlət sərhədini seçməsi məqsədlidir”

“İşğalçı Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizə qarşı həyata keçirdiyi hücumun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbçilərimizin ailələrinə, yaxınlarına başsağlığı verirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Ordumuz şəhidlərimizin qanını yerdə qoymayıb. Hər dəfə olduğu kimi, yenə də Ermənistan bu təxribatının cavabını on qat artıq alıb”. Bu fikirləri Ermənistanın təxribatlarına münasibət bildirən Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkilinin sözlərinə görə Ermənistanın təmas xəttində təxribat törətmək üçün dövlət sərhədini seçməsi təsadüfi deyil, bir sıra məqsədlərə xidmət edir: “Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində iki ölkə arasında hərbi vəziyyət 30 ildir ki, davam edir. Və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə – dövlət sərhədində həyata keçirməklə özünün guya dövlət sərhədinə müdaxilə olunmasını görüntüsünü yaratmaq istəyir. Bununla da, üzv olduğu hərbi birliyin – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanat qəbul olunacağını xəyal edir. Amma ermənilərin bu arzusu elə arzu olaraq da qalacaq. KTMT-nın təcili iclası çağrılsa da, sonradan təxirə salındı. Yalnız bu gün qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır – bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta stratejli müttəfiqlik münasibətlərinə malikdir. Heç kim, beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı olan bəyanata imza atmaz. Elə buna görə də, nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu”.

A.Məmmədov bildirir ki, Azərbaycan xalqının, dövlətinin, ordusunun mövqeyi ölkə Prezidentinin son çıxışlarında, xüsusilə, Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan olundu: “Cənab Prezident bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Dövlət başçısının bu iradəsi son günlərdə Azərbaycan xalqının nümayiş etdirdiyi dəyanətlə, torpaqlarımızı işğaldan azad etmək üçün hər an savaşa hazır olması ilə üst-üstə düşür. İndiki ağır karantin şəraitinə baxmayaraq torpaq, Vətən məsələsi önə çıxarkən, Azərbaycan xalqı pandemiyanı da, koronavirusu da, çətinlikləri də ikinci plana keçirdi, döyüşə hazır olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, həm Ali Baş Komandanın qətiyyəti, həm Azərbaycan xalqının döyüş əzmi, həmçinin, beynəlxalq birliyin reaksiyaları Ermənistanı bu cür təxribatlardan çəkinmək üçün ciddi siqnal olmalıdır. Əks təqdirdə, növbəti belə təxribatlardan biri onun üçün ağır nəticələrə səbəb olacaqdır”.

Qriqori Trofimçuk: “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”

ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən danışan Rusiyanın tanınmış siyasi eksperti bildirib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi münaqşənin həll edilməsinə 1997-ci ildən bəri məsuliyyət daşıyan Minsk Qrupunun hələ də bir reaksiya vermədiyini deyib: “23 ildir münqaşinin sülh yolu ilə həll edilməsinə “çalışan” həmsədr dövlətlərin nümayəndələri bu istiqamətdə heç bir irəliləyişə nail ola bilməyiblər. Ona görə, Azərbaycan işğala məruz qalan ölkə kimi bu dövlətlərin (Fransa, Rusiya, ABŞ) vasitəçiliyindən imtina etməli və Minsk Qrupunun buraxılmasını tələb etməlidir. Hətta Qarabağ münaqişəsini yaradan və bu gün də davam etməsinin səbəbkarı, həm də həmsədr dövlət olan Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən belə, “ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”,- deyib.

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə İrəvan ənənəvi olaraq Bakını aqressiyada günahlandırır, Bakı isə İrəvanı ittiham edir. Əgər əlimdə belə imkanım olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb “Kimdir aqressor?” sualına dəqiq cavab tələb edərdim. Əks halda Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun heç bir faydası yoxdur”, – deyə rusiyalı politoloq “Facebook” səhifəsində yazıb.

Qabil Hüseynli: “Ermənistanın təxribatlarıma ATƏT-in Minsk Qrupunun susması çox məyusluq doğurur”

Ermənilərin Tovuz istiqamətində təxribat cəhdinə ATƏT-in Minsk Qrupunun heç bir reaksiya verməməsi ilə bağlı fikrini açıqlayan keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli deyib ki, Minsk Qrupunun fəaliyyətsiz olduğu göz önündədir: “Atəşkəs təkcə Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində deyil, həm də işğal edilmiş ərazilərdə pozulubdur: «İşğal edilmiş ərazilərdən Ağdam, Tərtər rayonun əraziləri top atəşinə tutulubdur. Bütün bunlar onu göstərir ki, ermənilər bədnam, özlərinin “yeni müdafiə strategiyalarını” qəbul etdikdən sonra Azərbaycana növbəti psixoloji təzyiq göstərmək üçün indi də ordunu gücündən istifadə etməyə çalışır. Doğrudur, bu məsələdə biriləri Ayasofiyanın təhrikçi rol oynadığını, başqaları Ermənistan ordusunun, guya, Paşinyandan narazılığını və gücünü ona göstərmək istədiyini ifadə edirlər. Amma əhəmiyyətli olan odur ki, Ermənistan ordusu Azərbaycan torpaqları üzərinə işğal edilmiş ərazilərdən yox, Ermənistanla sərhəd bölgələrindən hücuma keçirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə qoşsunlar. Mnatasakanyan hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinə zəng edib və ondan məsələlərə qarışmağını tələb edib. Onsuz da ermənilərin əsas məqsədi Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, ilk növbədə, Moskva ilə döyüşdürmək, baş-başqa qoymaqdır. Ona görə, Azərbaycan ordusunu hücum etdiyini deyirlər. Azərbaycan ordusu hücum etsəydi, bunu niyə Tovuz ərazisində həyata keçirirdi? Bunu elə Ağdam, Füzuli və yaxud təmas xəttinin istənilən nöqtəsindən, xüsusilə də bu qızmar yay dönəmində Sərsəng su anbarının yerləşdiyi Tərtər bölgəsindən həyata keçirsəydi, bu, daha əhəmiyyətli və nəticəli ola bilərdi. Ona görə də Ermənistan tərəfinin provakasiyalarına ATƏT-in Minsk Qrupunun susması çox məyusluq doğurur”.

Elxan Şahinoğlu: “Dövlət başçısı Minsk Qrupu həmsədlərin fəaliyyətinə qiymət verdi”

Ermənilərin Tovuz istiqamətində təxribat cəhdini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra, 2016-cı ilin aprelində düyməyə basıb: “Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur. Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, arpel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib “mərhələli həll” planının reallaşmasına razılıq versəydi, sərhəddəki dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilmədi: “Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupu həmsədlərin fəaliyyətinə qiymət verdi. Birincisi, Prezident dedi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir”. Bu, Prezident İlham Əliyevin qiymətləndirməsidir. İkincisi, Prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. Prezident İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan Prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı”.

“Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar”

“Ölkə başçısı həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”. Prezident onu da qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Prezident İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyrçi qaldıqlarını bildirdi. Dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!”. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident də bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir”,-deyə politoloq nəzərə çatdırıb.

“Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi”

E.Şahinoğlunun sözlərinə görə, beləliklə, Azərbaycan Prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürüb: “Əslində, bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”. Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu, son deyil”.

R.HÜSEYNOVA