“Parlamentin binasına hücum dövlətə qarşı açıq təxribatdır” ÖZƏL-MÜNASİBƏT

16 İyul 2020 11:06 (UTC+04:00)

"Paytaxta 14 iyul tarixində minlərlə insanın iştirakı ilə baş tutan izdiham Ordumuza dəstək yürüşü, dövlətçiliyimiz ətrafında milli birliyin göstəricisi, həmrəyliyin yüksək formada nümayişi idi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, bu izdiham eyni zamanda Ermənistana, həmçinin beynəlxalq aləmə Azərbaycanın Dağlıq Qarabağla, işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı qətiyyətli mövqeyinin, Cənab Prezident İlham Əliyevin beynəlxalq auditoriyalarda söylədiyi fikirlərini xalqın birliyi ilə təsdiqləyən qətiyyətli mesajı idi və bu, Ermənistanda ciddi narahatlıq yaradıb.
“Önəmli tərəflərdən biri də bu idi ki, COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminə baxmayaraq, güc strukturları izdihamın yaranmasına ilk başda əngəl ola biləcəyi halda güc tətbiq etmədilər, xalq ilə birgə dinc addımlarla Ordumuza, səngərlərdə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirdilər. Bu addım demokratiyaya, insan haqlarına hörmətin ən örnək nümunələrindən idi. Lakin izdihamın təxribata çevrilməsi gözlənilməz qəbul olunmamalıdır. Hər zaman hər bir vəziyyətdən dövlət əleyihinə sui-istifadə edən anti-milli qüvvələrin daima aktiv olduğu hər birimizə məlumdur. Bu sui-istifadə, parlamentin binasına hücum dövlətə qarşı açıq təxribatdır. Xüsulə, xalq-dövlət birliyinə daha çox ehtiyac olduğu bir vaxtda, xalqımızın şəhidi üçün göz yaşı tökdüyü bir vaxtda, Ordumuzun zəfəri üçün dua etdiyi bir vaxtda. Məhz belə bir ağır vaxtlarda edilən bu xəyanəti Azərbaycan xalqı heç vaxt bağışlamayacaq. Qoy xaricdən pul alıb dövlətimizə qarşı yönələn satqınlar bilsinlər ki, onların hər bir anti-milli addımları Azərbaycan xalqını öz Prezidenti, Ali Baş Komandan ətrafında daha sıx birləşməyə sövq edəcəkdir”, deyə Nüşabə Məmmədova bildirib.