Müxalifət liderləri Ali Baş Komandanın əmrindədir ANALİTİK

15 İyul 2020 16:16 (UTC+04:00)

Xalq düşməni lərzəyə gətirən Ordunun yanında və dövlət maraqlarının müdafiəsində olduğunu sübuta yetirdi!

İşğqlçı və təcavüzkar Ermənistanın dövlət sərhəddimizin Tovuz rayonu istiqamətində törətdikləri silahlı təxribatçı cəhdləri şanlı Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri tərəfindən qətiyyətli cavabını aldı. O cümldən, bütün xalq ümummilli dəstək göstərərək, düşmənə qarşı birləşib, həmrəylik nümayiş etdirdi. Bu reallıq bir daha sübut etdi ki, işğalçıların heç bir cəhdləri uğurla nəticələnməyəcək və o cümlədən, onlar həmin əməlləri ilə öz məğlubiyyət zamanlarını daha da daratltmış oldular.

O da əbəs deyil ki, artıq ölkənin aparıcı müxalifət partiyalarının liderləri də xalqın səsinə-səs verərək, siyasi fəaliyyətlərini dondurduqlarını, iqtidarla aralarında olan bütün narazılıqları bir kənara qoyaraq, Vətən, dövlət və torpaqlarımızın bütövlüyü naminə Ali Baş Komandanın əmrində olduqlarını vurğuladılar. Bu fakt isə bir daha sübut etdi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə hər zaman yumruq kimi birləşib, düşmənlərə ağır zərbələrini vurmağa hazırdır.

AMİP lideri Etibar Məmmədov: “Hər birimiz öz əsgərimizin, öz ordumuzun, öz dövlətimizin arxasında olacağıq”

"Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, xalqımıza da baş sağlığı verirəm və eyni zamanda da mən bildirmək istəyirəm ki, bu gün Azərbaycanda hamı ayaq üstündədir, hamı eyni fikirdədir". Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib. Onun sözlərinə görə, bütün küçələrə çıxanların da, evlərində oturanların da, ən əsası isə səngərdə döyüşənlərin də qəlbləri eyni cür vurur və hər kəsin də fikrindən belə bir şey keçir ki, biz bu müharibəni başa çatdırmalıyıq və Azərbaycanın da torpaqları azad olunmalıdır: "Tovuzda baş verən hadisə yalnız təxribat deyil, eyni zamanda Azərbaycanın dövlət sərhədinə qarşı təcavüzdür, ölkəmizə qarşı müharibə hərəkətləridir. Azərbaycan da buna qarşı adekvat cavabını verməlidir. Əsgərlərimiz bu cavabı verirlər, ancaq Azərbaycan öz sərhədlərini qorumaqla yanaşı, eyni zamanda işğal olunmuş ərazilərin də təmizlənməsi əməliyyatına başlamalıdır. Mən belə düşünürəm ki, bu, yalnız mənim fikrim deyil, bütün Azərbaycan xalqının fikridir və bu gün də həmin zaman gəlib, xalqın ayaqda olduğu bir vaxtda biz bu əməliyyatı həyata keçirməliyik, Azərbaycan torpaqları da azad olunmalıdır".

AMİP lideri bildirib ki, bütün bunlarla yanaşı, beynəlxalq vəziyyət də bunu bizdən tələb edir. E.Məmmədov hesab edir ki, düşmən tərəfi öz havadarlarının təsiri altında bu hərəkətləri edir: "Bu hərəkətlər yalnız Azərbaycana qarşı deyil, həmçinin, ən yaxın müttəfiqi Türkiyə dövlətinə və xalqına qarşı edilən bir hərəkətdir. Azərbaycan xalqının bu anda Türkiyədən müdafiə görməsi, Azərbaycan xalqının da Türkiyəni müdafiə etməsi bizə imkan yaradır ki, hücum əməliyyatlarına başlasın. Azərbaycanın bunun üçün bütün resursları, hazırlıqlı ordusu olması ilə yanaşı, ölkəmizi belə bir vəziyyətdə idarə edə biləcək kifayət qədər təcrübəli və kifayət qədər bacarıqlı və səriştəli zabit heyəti var. Onların sadəcə siyasi qərara ehtiyacı var və mən belə düşünürəm ki, belə bir siyasi qərarın verilməsində heç bir şübhə yoxdur. Yəni hökumət bu qərarı verərsə, arxaya narahatlıqla baxmaya bilər. Arxa möhkəm olacaq və bütün xalq da bu qərarı verən qüvvələrin arxasında olacaq. Hər birimiz öz əsgərimizin, öz ordumuzun, öz dövlətimizin arxasında olacağıq".

KXCP sədri Mirmahmud Mirəlioğlu: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”

"Bizim bir Allahım iz, bir dövlətimiz və bir Milli Ordumuz var. Dövlətimiz, millətimiz də bir olduğu kimi, biz özümüz də birliyimizi saxlamalıyıq və bunu dəyərləndirməliyik". Bu fikirləri isə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. "Biz siyasətə gələndən demişik ki, millətin əsgəriyik", deyən KXCP sədri əlavə edib ki, belə bir vəziyyətdə hər birimiz hansı siyasi mənsubiyyətə malik olmağımıza baxmayaraq dövlətin müdafiəsində dayanılmalıyıq: "Əslində, bütün siyasi partiyalar bu gün müharibə partiyası olmalıdır. Bütün vətəndaşlar bu müharibəyə qoşulmalıdırlar. Hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır. Dövlətimizin, ordumuzun yanında olmağımız qələbəmizin təminatıdır. Bunu hər kəs bilməlidir".

ALDP lideri Lalə Şövkət Hacıyeva: “Bir dövlət var, bir Ordu var, bir millət var”

"Müharibə vaxtı heç bir müxaliflik ola bilməz". "Bir dövlət var, bir Ordu var, bir millət var", deyə vurğulayan ALDP-nin lideri belə bir zamanda xalqın və dövlətin bir yerdə düşmənə layiqli cavab verəcəyinə inandığını və bütün siyasi məsələlərin arxa plana keçdiyini də qeyd edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

AXCP sədri Əli Kərimli: “Ordumuzun, dövlətimizin ətrafındayıq, yumruq kimiyik”

"Başda general-mayor Polad Həşimov olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xalqımız növbəti dəfə bir sınaq mərhələsindən keçir. Düşmənlər zaman-zaman bizi sınağa çəkiblər. Bu baxımdan, növbəti dəfə bir sınaq mərhələsi yaşayırıq. Əslində, Xalq Cəbhəsinin yaranış səbəbi də Qarabağ cəbhəsi olub. Azərbaycan xalqının hər yerindən vətənsevər övladlar könüllü batalyonlar yaradıblar. Onların bir çoxu şəhid olublar və aralarında Milli Qəhrəmanlar da var". Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib. "Azərbaycan Xalq Cəbhəsinin dövlətinin, millətinin, Ordusunun yanında olmasından təbii heç nə ola bilməz", deyən Əli Kərimli bildirib ki, sədri olduğu siyasi təşkilatın hakimiyyətlə fikir ayrılıqları olub: "Lakin indi mən düşündüm ki, torpaqlarımızın hər qarışının müdafiəsi naminə, Vətənimizin bu işğaldan qalib çıxması naminə onun bütün övladları bir yumruq kimi birləşə bilirlər. Ona görə də mən Fesybuk səhifələrimin adminlərinə yazılı müraciət göndərdim və orada çox açıq şəkildə yazdım ki, biz hökumətlə bütün fikir ayrılıqlarımızı, mübahisə yarada biləcək tənqidləri daha yaxşı zamanlara saxlayırıq. Gözləri arxada qalmasın, bütün resurlarını cəbhədə qələbə naminə səfərbər etsinlər. AXC-nin sıralarında çoxsaylı keçmiş döyüşçülər var və onlar hər an silaha sarılmağa hazırdırlar. Azərbaycan dövlətinin bu savaşdan qalib çıxması üçün üzərimizə düşən hər şeyi etməyə hazırıq. İndi əsas vəzifə şəhidlərimizin qanını, qisasını almaqdır. Biz torpaq itirməməliyik. Düşmən həddindən artıq azğınlıq edir və Qarabağ da daxil, Azərbaycanın öz torpaqlarında. Amma heç bir mübahisə olmayan, dövlət sərhədinin Azərbaycan tərəfində, evimizin içində generalımızı öldürmək qədər azğınlaşması cəzasızlığın nəticəsidir. Ona görə də Ordumuz düşmənin dərsini verməlidir və biz Ordumuza inanırıq, hesab edirik ki, bu döyüşdə qələbə qazana bilərik və qazanmalıyıq. Bu baxımdan, bir daha bütün Azərbaycan xalqına müraciət edərək deyirəm ki, indi Ordumuzun, dövlətimizin ətrafındayıq, yumruq kimiyik, hamımıza qələbə lazımdır və o qələbəni Azərbaycan xalqı haqq edir".

VİP sədri Əli Əliyev: “Bu gün biz Ordumuzun, əsgər və zabitlərimizin, Ali Baş Komandanımızın yanındayıq”

"Bu təşəbbüs çox yaxşıdır. Belə ki, Azərbaycanın siyasi sektorunun müharibə ətrafında təmərküzləşməsi var, fikirlər bir mövqedən ifadə olunur".

"Mən öz efirimdən də demişəm ki, bu gün daxili münasibətlərin aydınlaşdırılması zamanı deyil, bu gün düşmənə cavab verilməsi vaxtıdır", deyən VİP sədri bildirib ki, əslində, düşmən daha da azğınlaşıb: "Düşmən azğınlaşıb və həyasızlaşıb. Onun cavabı verilməlidir. Onların cavablarını biz siyasilərdən qabaq artıq xalq verib. Xalq hər yerdən axışmaqla bu münasibətlərini ifadə ediblər. Siyasilər də bu gün xalqın arxasınca gedib, prosesdə öz mövqelərini ifadə etməlidirlər. Bəs bu mövqe nə olmalıdır? Bu mövqe ilk növbədə dövlətə, dövlətin başında dayanan şəxslərə, dövlətə görə məsuliyyət daşıyan birinci dərəcəli adamlara siyasi dəstəkdə ifadə olunmalıdır. Ümumiyyətlə, bu gün Azərbaycanda hamı siyasi fəaliyyətini dayandırmalıdır. Biz bu məsələni partiyada müzakirə edəcəyik və iclasın da vaxtı müəyyən edilib. Siyasi mübarizə dayandırılmalı və düşmənə qarşı yönəldilməli, düşmən əzilməlidir. Bu gün bizim üçün ağır gündür, generalımız şəhid olub, yanındakı zabit və sıravi heyəti də həlak olub. Amma mənə elə gəlir ki, ruhdan düşmək lazım deyil. Bu hadisə ilə hamı bir-birini təbrik etməlidir. Müharibə olan yerdə şəhid də olmalıdır. Biz şəhidlərimizi başıyuxarı qarşılamalıyıq. Bu gün Azərbaycanın hər nöqtəsində yürüş var və Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün öz qeyrəti ilə nümayiş etdirir. Bu, çox böyük örnəkdir. Bu, əsgər və zabitlərimizlə yanaşı, həm də bütün dünyaya bir mesajdır ki, Azərbaycan dövləti və xalqı torpaq məsələsində, ərazi bütövlüyü uğrunda geri durmayacaq. Ona görə də müharibədən ruhlanmaq lazımdır ki, biz şəhidlərimizin qisasını alaq. Bu şəraitdə hər kəs bir-birinə çiyin verməlidir, şəxsi münasibətlər kənara qoyulmalıdır, bu günə qədər olanlar unudulmasa da, arxa plana keçirilməlidir. Biz bir Vətənin, bir dövlətin övladlarıyıq. Düşmən məsələsində daxili ayrıseçkilik, daxili qarşıdurma, daxili aydınlaşdırmalar ola bilməz. Bu gün bütün ölkənin potensialı ordu ətrafında, düşmənin əzilməsi ətrafında səfərbər olmalıdır. Bütün dünya görməlidir ki, Qarabağ məsələsində Azərbaycan xalqı bütövdür. Ən vacibi isə, qərarı qəbul edən adamlar tamamilə xatircəm və əmin olmalıdırlar ki, ölkənin daxilində heç bir təxribat, heç bir qarşıdurma ola bilməz. Biz öz tərəfimizdən bunun olmayacağı ilə bağlı tam məsuliyyətimlə bəyanat verirəm ki, bizim tərəfimizdən heç bir siyasi qarşıdurma, heç bir siyasi məsələ olmayacaq. Bu gün biz Ordumuzun, əsgər və zabitlərimizin, yeri gələndə Ali Baş Komandanımızın yanındayıq və onlar çox əminliklə qərar vermək gücündə olmalıdırlar. Düşmənə nifrət hissi bəslənilməlidir, müxalifət liderləri ilə görüşlər keçirilməli, dövlət telekanallarına siyasilər çıxarılmalıdırlar, siyasilər dövlətin adından hamıya müraciət etməlidirlər. Mən də bu məsələdə istənilən dəstəyi verməyə hazıram. Bu millətin bütövlüyünü, vahidliyini göstərmək hamının vəzifəsidir. Hər kəs görməlidir ki, çətin vaxtda biz bir-birimizlə deyil, düşmənlə həll eləməyi üzərimizə bir borc kimi götürürük. Erməni heç vaxt bizə qarşı tab gətirə bilməz. Əgər proses başlayıbsa, biz onu sona çatdırmağı bacarmalıyıq. Şuşanı da, Xankəndini də təmizləmək, sərhədlərimizi möhkəmləndirmək, Laçın və Kəlbəcəri geri qaytarmaq lazımdır. Tərəddüd etmədən Cəbrayıl körpülərini də geri qaytarmaq lazımdır, Zəngilan, Qubadlı və işğal altındakı bütün torpaqlarımız düşmən tapdağından azad olunmalıdır. Heç kəs bizi bu əməliyyatdan saxlaya bilməz. Hətta səfərbərlikdə də iştirak etməyə hazırıq".

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Çəkinmədən Ali Baş Komandanımın, Azərbaycan dövlətimin əsgəriyəm deyirəm”

"İlk növbədə şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Əsgər və zabitlərimizə isə deyirəm ki, biz sizin yanınızdayıq". Partiya sədri bildirib ki, o, Ali Baş Komandana müraciət edib: "Ali Baş Komandanımıza müraciət edərək bildirmişəm ki, mən də bir əsgərəm və bir əsgər kimi ön cəbhədə vuruşmağa hazıram. Yaşım, təcrübəm imkan verir ki, mən Qarabağda təcrübəmə əsasən daha yaxşı, daha sistemli döyüşə bilim. Siyasi fəaliyyətimi bir kənara qoyub, özümü əsgərdən başqa bir şey hesab etmirəm. Mən bir əsgərəm və bir əsgər kimi meydanda, sərhəddə düşmənlə vuruşub-ölmək şərəfdir, bu şərəfin yaşanması mənim üçün ən böyük arzulardan biridir. Bilərəm ki, biz bu gün apardığımız mübarizə və mücadilə ilə torpaqlarımızı işğalçılardan azad edərək, gələcək nəsillərimizin təhlükəsizliyinə təminat veririk. Ölkə daxilində milli birlik var, ölkə daxilində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində vətəndaş həmrəyliyi var, hər kəs yaşından, siyasi mövqeyindən, dini mənsubiyyətindən, təriqətindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin yanındadır, onun maraqlarının qorunması üçün canını belə verməyə hazırdır".

Partiya sədri bildirib ki, bu döyüşlər 2016-cı ilin Aprel döyüşlərindən daha mütəşəkkil və daha açıq şəkildə özünü göstərir və bu da Azərbaycan Respublikasının Ali Baş Komandanına imkan verir ki, torpaqlarımızı azad etmək üçün müharibə əmrini verməklə hər kəsi bu müqəddəs iş ətrafında birləşdirsin: "Hamımız nəhayətdə özümüz üçün deyil, övladlarımız və gələcəyimiz üçün dövlətin hürr və azadlığı üçün son döyüşə girib qalib gəlməli, düşməni öz ərazilərimizdən çıxarmalıyıq. Mən burada siyasi partiya lideri kimi danışmıram, burada hakimiyyətlə eyni mövqeyi bölüşməyən bir adam kimi fikir bildirmirəm. Çəkinmədən mən bir əsgərəm deyirəm, Ali Baş Komandanımın, Azərbaycan dövlətimin əsgəriyəm deyirəm. Bir əsgər kimi də ön cəbhədə vuruşmağa, işğalçını geri oturtmağa, torpaqlarımızı azad etməyə canımla, qanımla mənə inananlarla bir yerdə hazıram".

İqbal Ağazadə bir məsələni də qeyd edərək bildirib ki, ona Rusiyadan çoxsaylı zənglər olub və orada yaşayan soydaşlarımız yolların açılmasına Azərbaycan hökuməti dəstək göstərsin və hər biri ellikcə cəbhəyə yollansınlar: "Onlar bildirirlər ki, heç bir siyasi mövqeyə, heç bir siyasi iddiaya malik deyillər və işğal altındakı torpaqlarımızın azadlığı uğrunda "canım sənə fəda Azərbaycan" deyib, bu savaşda iştirak etmək istədiklərini deyirlər. Hökumətimiz bu istiqamətdə nə dəstək və qərar verəcəksə, hamılıqla onların yanında olacağıq. Bir daha deyirəm ki, mən artıq siyasətçi deyiləm, bir əsgərəm və deyilən yerdə dayanmağa hazıram, əmr gözləyirəm, Vətən savaşı başlasın mən də ön cəbhəyə gedim. Qoy övladlarımızdan əvvəlki sıranı biz tutaq".

AXP sədi Pənah Hüseyn: “Ölkə Prezidentinin və Ali Baş Komandanın yanında olmağa hazırıq”

"Allah şəhidlərimizə rəhmət eləsin, onların yaxınlarına, valideynlərinə, silahdaşlarına, əsgər yoldaşlarına, uca millətimizə baş sağlıqlarımı çatdırıram. Bu, açıq-aydın bir müharibədir və növbəti dəfə təcavüz qarşısındayıq. Həm düşmən olaraq Ermənistan, həm də onun arxasında duran güclər ölkəmizə, Vətənimizə, xalqımıza təcavüz edirlər. Ona görə də bir millət olaraq, siyasi mənsubiyyətindən, yaşından, cinsindən, dinindən, etiqadından asılı olmayaraq hamımız bir sırada dayanıb, canımızla-qanımızla Vətənimizi, torpağımızı qorumalıyıq".

"Bu dönəmdə bütün siyasi, ictimai-siyasi, sosial fikir ayrılıqlarını bir tərəfə qoyub, düşmənin burnunu əzmək lazımdır", deyən Pənah Hüseyn bildirib ki, Azərbaycan Xalq Partiyasının sədri olaraq indiki məqamda dövlətin, hakimiyyətin yanında olmağa dair qərarımız var. İnşallah bu ağır məqamdan millətimiz üzüağ çıxacaqdır: "Artıq dözmək mümkün deyil. Bu baxımdan, ölkə Prezidentinin və Ali Baş Komandanın yanında olmağa hazırıq. Ona qarşı bu məsələdə kimlər qarşı çıxacaqsa, onlara da qarşı çıxmağa hazırıq. Bir partiya sədri olaraq mən bu fikirlərimi bəyan edirəm. Bütün siyasi məsələləri bir kənara qoyuruq və öncə Vətən, öncə Vətən və yenə də öncə Vətən deyirəm".

AMDP sədri Nemət Pənahlı: “Bu andan etibarən dövlətin və hakimiyyətin xidmətindəyik”

"Bütün Azərbaycan xalqına başsağlığı verirəm. Müharibə olan yerdə şəhid də olacaq. Müharibə bir millətin şərəfini qorumaq deməkdir. Bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, əziz yurddaşlarım və qardaşlarım, millət məsələsində, Vətən məsələsində müxalifət mövqeyi olmaz. Hal-hazırda mənim də əlim silah tutmağa qadirdir. Övladlarım da buna hazırdır və bu andan etibarən dövlətin və hakimiyyətin xidmətindəyik".

"Vətənimizi, millətimizi qorumaqdan, işğaldan azad etməkdən ötrü əlimizə çox gözəl bir fürsət düşüb və bu fürsəti əldən vermək olmaz. Müharibə ilə alınan torpaq sülhlə alına bilməz", deyən Nemət Pənahlı bildirib ki, 27 ildə ötüb-keçənlər də göstərdi ki, düşmən sülh yolu ilə torpaqları geri verməyəcək: "Hakimiyyət də əmin olsun ki, bütün Azərbaycan xalqı son nəfəsinə qədər mübarizə aparmaq gücündədir və dövlətimizin xilası Qarabağın azad olunmasından keçir. Hətta torpaqlarımız azad edildikdən sonra belə, ən qatı müxalifətin bu hakimiyyətə dəstək göstərəcəyinə mənim zərrə qədər şübhəm yoxdur. Əgər kimsə bunu edərsə, xalq və bizim tərəfimizdən cəzasını alacaqdır".

AMDP sədri xüsusilə Türkiyənin açıq dəstəyini və eyni zamanda beynəlxalq təşkilatların və s. ölkələrin dəstəklərini də xatırladaraq, Azərbaycanın haqq-ədalət yolunda olduğunu bildirib və torpaqlarının azad edilməsi, düşmənin məğlub olunması üçün güclü Ordusunun da olduğunu vurğulayıb".

Göründüyü kimi, belə bir həssas məqamda çıxış edən müxalifət partiyalarının sədrləri və liderləri örnək addım atmaqla dövlətçilik maraqlarının qorunmasını hər şeydən üstün olduğunu bildiriblər. O cümlədən, bu reallıq həm də qələbənin elə də uzaqda olmadığının göstəricisidir. Azərbaycan xalqını yalnız qələbə, ərazi bütövlüyünün təminatı və daha çox zəfərlər gözləyir.

Rövşən RƏSULOV