“Dövlətin və xalqın belə bir günündə arxadan bıçaq zərbəsi vurmaq sadəcə xəyanətdir” AÇIQLAMA

15 İyul 2020 14:55 (UTC+04:00)

“Azərbaycan Ordusu hazırda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alır, şəhidlərimiz və yaralılarımız var. Cəmiyyətimizdə də hərbi vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Elə bunun nəticəsi idi ki, dünən xalqımız Ordumuza və dövlətimizə dəstək olmaq məqsədilə çoxminli yürüş keçirdi. Həmin yürüşdə səsləndirilən ''Ali Baş Komandan, silah ver bizə'', ''İrəli, irəli, Azərbaycan əsgəri'', ''Şəhidlər ölməz, vətən bölünməz'' şüarları, əslində yürüşün mahiyyətini ortaya qoyurdu. Lakin görünür kimlərsə, yaranmış siyasi-hərbi vəziyyətdən istifadə edib siyasi məqsədlərini reallaşdırmağa çalışdılar, təxribat, dağıntı törətdilər, özbaşınalıq etdilər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, dövlətin və xalqın belə bir günündə arxadan bıçaq zərbəsi vurmaq sadəcə xəyanətdir: “Şəhidlər Xiyabanı kimi müqəddəs məkanın qarşısında durub öncə Vətən deyib, sonra da Milli Məclisə hücum edib dağıntılar törədəsən, üstəlik polis maşınını aşırasan, avtobuslara zərər vurasan, qapı, pəncərə sındırasan, polisə daş atasan, bunun bircə adı var, xəyanət. Təxribatı həyata keçirənləri nə millət, nə xalq, nə də dövlət maraqlandırır. Onlar bu gün Azərbaycanın qüdrətlənməsindən, xalqımızın torpaqları, Ordusu, şəhidi naminə bu cür ayaqlanmasından qorxan, təşvişə düşən qüvvələrin siyasi sifarişlərini yerinə yetirdilər. Hətta, düşünürəm ki, 4 il öncə qardaş ölkə Türkiyədə 15 iyul tarixində çevriliş etməyə cəhd göstərənlərlə eyni siyasi mövqeyi paylaşanlan 2020-ci ilin 15 iyul tarixində belə təxribat etməsi ciddi məqamlardan xəbər verir. Hər bir halda hüquq-mühafizə orqanları təxribatı araşdıracaq və kimlərin məsuliyyət daşıdığını üzə çıxaracaq, günahkarlar cəzalandırılacaqlar”. Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bu təxribat 1992-1993-cü illərdəki hadisələri xatırladır: “Həmin illərdə də müharibə şəraiti idi. Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Bakıda isə siyasi atmosfer yüksək təzyiq altında idi. Xalq isə Qarabağ naminə ayaqlanmışdı. Məhz belə bir vaxtda xalqın enerjisindən istifadə edənlər siyasi hakimiyyəti zəbt etdilər. Doğrudur, bu gün həmin dövrlə müqayisədə ictimai-siyasi atmosfer və xalqın dünyagörüşü fərqli olsa da, lakin həmin qüvvələrin taktikası eynidir. Onlar bəlkə də düşünürdülər ki, hazırki şəraitdən istifadə edib Milli Məclisi ələ keçirməklə hakimiyyəti qəsb etsinlər. Amma anlamadılar ki, xalq onlara dəstək vermir, xalq İlham Əliyev hakimiyyətinin ətrafında sıx birləşib. Başa düşmədilər ki, bu hərəkətləri ilə, təxribatları ilə Azərbaycanın imicinə ləkə vururlar, şəhidlərin ruhuna hörmətsizlik edirlər. Onların bu təxribatı ancaq düşmən üçün xeyirli oldu. Bu məqamdan ancaq ermənilər istifadə etdilər, Azərbaycanla bağlı mənfi fikir formalaşdırmağa çalışdılar”.