“İşğala son verə biləcək Ali Baş Komandan məhz Cənab İlham Əliyevdir” ÖZƏL-MÜNASİBƏT

15 İyul 2020 14:39 (UTC+04:00)

“Biz cəbhədə baş verənləri həyəcanla və qürurla izləməkdəyik. Həyəcanvericidir ona görə ki, bu hadisələr əlbəttə ki, nəticə etibarı ilə insanlarımızın həlak olmasına gətirib çıxarır. Qürurvericidir ona görə ki, bizim döyüşçülərimiz, eləcə də Azərbaycan xalqı vahid qüvvə olaraq düşmənə qarşı dirəniş göstərir. Bu bizi əlbəttə ki, azərbaycanlı olaraq qürurlandırmalıdır, ona görə də qürurlanırıq. Baxmayaraq ki, şəhidlərimiz var, əslində, o şəhidlik də ən yüksək zirvəyə yüksəlmək deməkdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, dünən Bakıda baş verənlər eyni dərəcədə qürurvericidir, çünki həqiqətən də vətəndaşlarımız, özəlliklə də gənclərimiz Ali Baş Komandana üz tutaraq, “bizə silah ver, bizi orduya göndər, bizi düşmən qarşısına göndər”, deyə hayqırırdılar.
“Dünən paytaxtda insanların toplaşması vətəndaşların Ali Baş Komandana etimadıdır, inamıdır. Onlar məhz Cənab İlham Əliyevin komandanlığı altında işğalçı Ermənistana qarşı vuruşmaq istəyirlər. Çox böyük əhali sayı vardı dünənki yürüşlərdə. On minlərlə insan Bakının bir tərəfindən digər tərəfinə yürüş etdi. Eləcə də biz rayonlarda, başqa şəhərlərdə gənclərimizin bir yerə toplaşmasını müşahidə etdik və birmənalı şəkildə hamı Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə etimad göstərərək məhz onun komandanlığı altında işğalçı Ermənistana qarşı vuruşmaq istədiyini bəyan etdi.
Mən elə başa düşürəm ki, o bəyənatlardan sonra işğalçı Ermənistan öz hesabını götürmüş olacaqdır. Məhz bu durum içimizdəki 5-ci kolon nümayəndələrini, təxribatçıları da hərəkətə keçirdi. Onlar dinc məqsədlərlə, dinc üsullarla təşkil edilmiş, gənclərin həqiqi vətənpərvər hislərindən qaynaqlanan bu aksiyaya haram qatmağa çalışdılar. Bu başıpozuq azsaylı dəstə insanların emosyalarından istifadə edərək Milli Məclisin içərisinə soxuldu, ali qanunverici orqanımızın binasına zərər vurdu, bununla Azərbaycanın dövlət avtoritetinə sayqısızlıq nümayiş etdirdi. Eyni zamanda, onlarla bir sırada addımlayan, eyni vətənpərvərlik duyğularını paylaşan, o yürüşdə iştirak edən hər kəslə həmrəy olan, öz mehriban, nəzakətli davranışı ilə diqqət çəkən Azərbaycan polisinə qarşı da sayqısızlıq nümayiş etdirildi. Yəni, polis maşınının devrilməsi, polislərə qarşı şuarların səsləndirilməsi, çağırışların edilməsi, “ara xəlvət tülkü bəy” deyib, insanların emosyalarını coşdurub, heç mətləbə dəxli olmayan əməllərə sürükləməyə cəhd edilməsi bunlar diqqətimizdən qaçmadı. Bu adamlar o on minlərin içində bir ovuc olsalar da, öz mahiyyətlərini növbəti dəfə nümayiş etdirmiş oldular. Amma bunda da bir xeyir var. Çünki o on minlərlə insan bu pozucu ünsürlərin əməllərinə alət olmadı. Oradakı çoxsaylı insanlar məhz Ali Baş Komandan Cənab İlham Əliyevə etimadlarını davam etdirdilər və dəfələrlə məhz Cənab Prezidentin komandanlığı altında döyüşə getməyə hazır olduqlarını bəyan etdilər, sona qədər də bu mövqedə qaldılar. Ona görə də mən düşünürəm ki, o başıpozuq ünsürlər ortalığı qarışdırıb ermənilərin əlinə işləməyə cəhd edənlər bir-bir aşkara çıxarılmalıdır. Hüquq-mühafizə orqanlarımız, özəlliklə də Dövlət Təhlükəsizlik Xidməti bu adamları tək-tək aşkar etməli, məsuliyyətə cəlb etməlidir. İnanın ki, o adamların məsuliyyətə cəlb edilməsi Azərbaycanda milli və hərbi ruhu daha da yüksəldəcək. Çünki, insanlarımız, vətəndaşlarımız bu gün dövləti içəridən laxlatmaq istəyən heç kimlə barışmaq niyyətində deyil. İstər müxalifətdə olsun, istərsə də iqtidarda olsun, hər kəs bu gün işğalçı Ermənistana qarşı mübarizəyə köklənib. Belə bir durumda ortalığı qarışdırmaq, polisimizə qarşı bu cür hərəkətlərə yol vermək, Milli Məclisin binasına soxulmaq, dövlət rəhbətləri haqqında aşağı-yuxarı artıq-əskik ifadələr işlətmək təbiidir ki, ermənilərin xeyrinə fəaliyyətdir. Belə bir şəraitdə ermənilərin xeyrinə fəaliyyət göstərən hər kəs aşkarlanmalı, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Biz də xalq olaraq, xalqın nümayəndələri olaraq bu prosesdə də dövlətimizin, dövlətin Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin arxasında sonadək qətiyyətlə duracağımızı bəyan edirik. Biz zatən əminik, inanırıq ki, Ermənistan işğalına son verə biləcək Ali Baş Komandan məhz Cənab İlham Əliyevdir. Məhz onun rəhbərliyi ilə Azərbaycanın güclü ordusu qurulmuşdur, bu gün sayılıb-seçilən orduya sahibik və əsgərlərimiz, ordu gücümüz Ermənistanın, işğalçı Ermənistanın ordu gücünü dəfələrlə üstələməkdədir. Belə olan şəraitdə Azərbaycanı içəridən təxribatlara sürükləmək, insanları qarşıdurmaya çəkmək, Ali Baş Komandana inamı zəiflətmək cəhdləri təbii ki, xəyanətdən başqa bir şey deyil, bu əməli törədənlər xaindir və bu xainlərin aşkar edilib məsuliyyətə cəlb edilməsi dövlətimizin işidir və bizim də vəzifəmiz bu prosesdə hər zaman olduğu kimi dövlətimizin arxasında olmaqdır”, deyə Azər Həsrət bildirib.